Drag, müqavimət və kimlik
Drag, müqavimət və kimlik: Azərbaycanın ilk drag queen-inin səyahəti
28/Nov/24
628
Drag, müqavimət və kimlik: Azərbaycanın ilk drag queen-inin səyahəti
Kuir insanların təcrid olunduğu və özlərini yalnız şəxsi və ya öz evlərinin hüdudlarında ifadə etməyə məcbur edildiyi Azərbaycanda Lady Slim səhnə adı ilə tanınan bir ictimai görünən drag sənətçisi var.
Azərbaycanın ilk drag sənətçisi Seymur Babayev üçün onun drag personası Lady Slim “enerjili, səhnəsevər, bir az utancaq, bir az arsız və bir az dəlisov”dur.
Babayev gənc yaşlarından başqalarından fərqləndiyini başa düşüb. O, digər oğlanlardan fərqli düşünürdü və özünü ifadə etmə forması daha rəngli idi. Bu səbəbdən o, yeniyetməlik illərində daim zorakılığa məruz qalıb. Oxuduğu məktəb də Seymurun digər uşaqların 'beynini yuyacağı' qorxusu ilə onu məktəbi tərk etməyə məcbur etməyə çalışıb, anası isə femininliyinə görə onu danlayıb.
Babayev Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib və drag mədəniyyətinin tarixi aspektlərinə xüsusi maraq göstərir.
“Drag mədəniyyətinin qədim kökləri var. Məsələn, qədim yunan teatrlarında drag-tamaşalara baxılırdı. Eynilə, qədim Yaponiyada qadınları səhnəyə buraxmırdılar, ona görə də, kişi aktyorlar qadın rollarını ifa edirdilər. O vaxtlar teatral idi, amma bu gün drag mədəniyyəti bütün dünyada daha böyük şouya çevrilib”, - Babayev OC Media-ya bildirib.
Drag adətən komediya, oxuma, rəqs, dodaq sinxronizasiyası və ya yuxarıda göstərilənlərin hamısı kimi əyləncələr üçün fərqli gender kimi geyinmək və şişirdilmiş şəkildə hərəkət etmək sənətidir.
O, drag mədəniyyəti ilə ilk dəfə 2008-ci ildə Moskvaya səfəri zamanı qarşılaşıb.
“O zaman mən səhnədə öz yolumu axtarırdım. Tarixi sevirdim, amma öz sahəmdə işləmək fikrim yox idi. Bunun gələcəkdə mümkün olub-olmayacağına əmin deyildim, amma həmişə səhnəyə daha çox maraq göstərmişəm. Uşaqlıqdan parodiyalar etməyi xoşlayırdım, amma Moskvada drag ilə məşğul olacağımı və ya bu işi yaxşı bacaracağımı heç düşünməzdim. Oradakı drag-queen-lərdən çox şey öyrəndim. Onların soyunub-geyinmə otağında makiyaj texnikası və səhnə çıxışları mənim üçün çox faydalı oldu”.
Babayevin sözlərinə görə, drag sənətinin Azərbaycanda dərin kökləri var. 19-cu əsrdə Azərbaycan teatrı yarananda qadın obrazlarını canlandırmaq üçün kifayət qədər aktrisa olmadığından həmin rolları kişi aktyorlar canlandırırdı. Ancaq aktrisaların sayı artdıqdan sonra buna ehtiyac qalmadı. Bu gün kişi sənətçilər qadın obrazlarını ancaq gülmək üçün oynayırlar; bu aktyorları və ya personajları drag queen adlandırmaq mümkün deyil.
2010-cu ildə Babayev televiziyanın istedad şousu olan “Kim nə bacarır” verilişində çıxışı zamanı özünü rəsmi olaraq Azərbaycanda ilk drag artisti elan edib. Verilişdə çıxışı zamanı o, Babayev Şou səhnə adından istifadə edib və drag rutinini həyata keçirib.
Bu tamaşadan sonra onun dövlət televiziyasına çıxışı qadağan edilib. Müxtəlif televiziya proqramlarında iştirak etmək üçün dəvətlər dayandırılıb və onun çıxış etmək və ya müsahibə vermək xahişlərinə məhəl qoyulmayıb.
Azərbaycanda drag-ını açıq şəkildə davam etdirə bilməyən Babayev daha sonra xaricdə drag yarışlarında görünməyə başlayıb. 2010-cu ildə Miss Temaclub titulunu qazanıb və Miss Travesty International müsabiqəsində iştirak edib. Müsabiqələrin hər ikisi Ukraynanın Odessa şəhərində baş tutub. Növbəti il o, bir həftəlik Moldovanın "Rainbow Over The Dniester" festivalına qatılıb və yenidən Ukraynada yarışıb. urada Miss Elegant titulunu qazanıb.
2013-cü ildə onun kütləvi toplantıda etdiyi çıxış Azərbaycan televiziyasında yayımlanıb və ardınca aparıcı tərəfindən ona qarşı sərt tənqid və ictimai istehza, o cümlədən homofob xarakterli söyüşlər səsləndirilib.
“Mən 2008-ci ildən bu sahədəyəm. O vaxtlar bunu Azərbaycanda fəxrlə bildirirdim. Yadımdadır, 2010-cu ildə mən bunu açıq şəkildə televiziyada canlı yayımda geniş auditoriyaya elan etdim, çünki kim olduğumu heç vaxt gizlətməmişəm. İnanıram ki, səhnədə nümayiş etdirilən istedad əslində qürur mənbəyidir”, - deyə Babayev bildirib.
“Bu gün icmadan bir çox insan “Başqaları nə düşünəcək?” və ya "Başqaları mənə necə baxacaq?" kimi düşüncələrlə yaşayır və istedadlarını gizlədirlər. İlk drag-queen-lərdən biri kimi mən də böyük məsuliyyət hiss edirəm. Böyük auditoriyaya drag performansını açıq şəkildə təqdim edən ilklərdən biri olmaq məni həmişə "səhv bir şey göstərmək" qorxusu ilə daha yaxşı olmağa sövq edib. Tamaşaçıların hörmətini qazanmaq üçün çox çalışmışam”.
Bundan sonra Babayev kuir təşkilatların dəvətləri əsasında xaricdə çıxışını davam etdirib. Azərbaycanda bunu etmək üçün azad məkan isə azalmağa davam edib.
Bu gün Babayev Azərbaycanda əsasən özəl tədbirlərdə və şənliklərdə çıxış edir. Bununla belə o, Azərbaycanın dövlət mediasının onun azad olmasına imkan verdiyini hiss etmir.
“Mətbuatda bizi və kuir kimliyimizi hədəf alan nifrətlə dolu xəbərlər var idi. Onlar cəmiyyətdə çaxnaşma yaradırdılar”, - Babayev deyir.
Azərbaycanda medianın kuir monitorinqini həyata keçirən QueeRadar-ın 2023-cü il hesabatına əsasən, Azərbaycan mediasındakı xəbərlərin böyük əksəriyyəti (80%-dən çoxu) kuir icmasına qarşı “ümumi mənfi təsvir və ya ayrı-seçkilik mövqeyi nümayiş etdirir” və bu da sistemli bir problemin olduğunu göstərir. Həmin ildən başlayaraq dövlət mediası kuir aktivistləri və hərəkatları “xarici müdaxilə” kimi təsvir edərək, kuir məsələlərə qarşı daha çox düşmənçilik nümayiş etdirib.
Babayev qeyd edir ki, 15 il əvvəl Gürcüstanın kuir icmaları Bakıya drag-şoular keçirmək üçün gəlirdilər. Məhz Azərbaycanda kuir insanlar toplaşıb əylənə bilirdilər.
İndi isə hər şey dəyişib. Gürcüstan kuir və drag mədəniyyəti, o cümlədən artan drag ball səhnəsi baxımından daha çox inkişaf etmişdir. Müqayisə üçün, Azərbaycan hər il Avropada kuir şəxslərin qanuni hüquqlarını qiymətləndirən ILGA-Avropanın Göy qurşağı İndeksində ardıcıl olaraq sonuncu yerdə qərarlaşıb və son illərdə kuirlər polis tərəfindən kütləvi repressiyaya məruz qalıb.
Babayev ümid edir ki, Azərbaycanda drag-queen-lər bir gün yenidən öz hüquqlarını, azadlıqlarını və mədəniyyətlərini təbliğ edə biləcəkləri bir mühitdə özlərini açıq şəkildə ifadə edə biləcəklər.
“İnsanlar qorxmamalı və gizlənməməlidirlər. Biz hökumətə göstərməliyik ki, biz buradayıq və heç yerə getmirik. Bizə hüquq və azadlıqlarımızı verməyəcəklər, biz onlar üçün mübarizə aparmalıyıq”, - Babayev deyir.
Yazı ilk dəfə OC-Mediada ingilis dilində yayımlanıb. Müəllifi Aleks Şahdır.
Powered by Froala Editor