Dünyanın ilk gey imamı qətlə yetirilib

Dünyanın ilk açıq gey imamı kimi tanınan Muhsin Hendriks Cənubi Afrikada güllələnib, bu haqda BBC məlumat verib. 

57 yaşlı imam Keyptaunda geyləri və digər marginallaşdırılmış müsəlmanları himayə edən məscidə rəhbərlik edib. O, 15 fevral səhər saatlarında avtomobillə hərəkət edərkən pusquya salınaraq öldürülüb. “İki nəfər üzüqapalı naməlum şübhəli şəxs öz avtomobillərindən çıxaraq onun maşınına atəş açmağa başlayıb”, — polisin bəyanatında bildirilib. Hendriksin ölüm xəbəri LGBTQ+ icmasında və onun hüdudlarından kənarda şoka səbəb olub.

ILGA təşkilatının icraçı direktoru Julia Ehrt “nifrət cinayəti olmaq ehtimalı olan hadisəni” diqqətlə araşdırmaq üçün hökumətə çağırış edib.

“O, Cənubi Afrikada və bütün dünyada çoxlu sayda insanı öz inanclarıyla barışıqda olmaq yolunda dəstəkləyib və onlara yol göstərib. Onun həyatı icmalar arasındakı həmrəyliyin hər kəsə şəfa gətirə biləcəyinin sübutu idi”, - o deyib.  

Hendriksin lezbiyan toy mərasimi keçirdikdən sonra qətlə yetirildiyi deyilsə də, bu məqam rəsmi olaraq təsdiqlənməyib.

Hücumun təfərrüatları müşahidə kameralarından videogörüntülərin sosial şəbəkələrdə paylaşılmasından sonra məlum olub.

Görüntülərə əsasən, Hendriksin içində olduğu avtomobil yol kənarından çıxarkən başqa bir avtomobil onun qarşısını kəsib. Polisin məlumatına görə, həmin vaxt Hendriks arxa oturacaqda olub. Kameranın rakursu göstərir ki, hücum edən şəxs öz maşınından çıxır, pusqu yerinə doğru qaçır və arxa sərnişin pəncərəsindən atəş açır. 

Nigeriyada yaşayan gey müsəlman Sadiq Lawal BBC-yə bildirib ki, Hendriks “mən kuir imam” deyərək “mümkünsüzü mümkünə çevirməklə” böyük töhfə vermişdi. 

“O, Afrikada, xüsusilə Nigeriyada dini ekstremizmdən dolayı bir çox kuir imamlar üçün mentorluq edirdi”, — o deyib.

Powered by Froala Editor