Bakıda çimərlikdə homofob hücum baş verib

May ayının əvvəlində Bakıdakı çimərliklərin birində homofob zorakılıq hadisəsi baş verib. TikTok sosial şəbəkəsində yayımlanan videoda 7-dən çox gəncin 2 nəfəri feminin davranışlarına görə hücuma məruz qoyduğu görünür. Bu barədə Qıy Vaar! məlumat verib.

“O. Verdiyev” adlı istifadəçi tərəfindən paylaşılan videoda iki nəfərin çimərlikdə gəzərkən bir qrup tərəfindən izlənildiyi və zorakılığa məruz qaldığı görünür. Hücum edənlər bu görüntüləri uzaqdan çəkib və sosial şəbəkələrdə paylaşaraq zorakılığı açıq şəkildə təbliğ ediblər.

Video bir neçə gün ərzində minlərlə bəyəni və homofob rəy toplayıb. Sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsi hücumu alqışlayıb. Bəzi rəylərdə isə zorakılığa və hətta qətlə açıq çağırışlar edilib. Video daha sonra ilkin paylaşım edildiyi səhifədən silinib.

Qıy Vaar! platforması yayılan görüntülərdən narahatlığını ifadə edib:

“Görüntülər bizi ciddi narahat edir. Adiyyatı orqanları məsələ ilə bağlı təcili hərəkətə keçməyə çağırırıq. Əziz zərərçəkən yoldaşlarımız, əgər bu çağırışı görürsünüzsə, hüquqi dəstək və həmrəylik üçün bizimlə əlaqə saxlayın.”

Powered by Froala Editor