Azərbaycanda İİV ilə bağlı son statistik məlumatlar

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərovanın verdiyi məlumata görə, 2025-ci ilin may ayına olan son statistikaya əsasən, Azərbaycanda İİV-ə (insan immunçatışmazlığı virusu) yoluxmuş və rəsmi qeydiyyata alınmış şəxslərin ümumi sayı 10 324 nəfərdir. Bu barədə AZƏRTAC məlumat verib. 

Onların 70 faizi kişi, 30 faizi isə qadındır. Bu göstərici genderə görə bölgünü əks etdirir və yoluxmanın kişilər arasında daha yüksək səviyyədə olduğunu göstərir. Bu, bir çox hallarda İİV-in yayılmasında məlumat çatışmazlığı, stigma və marjinallaşdırılmış qrupların (xüsusilə də seks işçiləri və kişilərlə cinsi əlaqədə olan kişilər) səhiyyə xidmətlərinə çıxış imkanlarının məhdudluğu ilə əlaqələndirilə bilər.

Mərkəzin apardığı araşdırmalara əsasən, Lənkəran, Astara, Lerik və Şirvan-Hacıqabul zonasında yoluxma hallarının daha yüksək səviyyədə olduğu müşahidə olunub. 

QİÇS-lə Mübarizə Mərkəzi bu dəyişkən göstəriciləri mütəmadi izləyir və regionlarda İİV haqqında məlumatlandırma kampaniyaları, test imkanlarının artırılması və risk qruplarına yönəlmiş tədbirlər həyata keçirir.

İİV statistikası ölkədə həm səhiyyə siyasətini, həm də ictimai maarifləndirmə fəaliyyətlərini formalaşdırmaq üçün mühüm göstəricidir. LGBTQİ+ icmasının üzvləri üçün təhlükəsiz test və müalicə imkanlarının təmin olunması, stigma və diskriminasiyaya qarşı mübarizə bu sahədə prioritet olmalıdır.

Powered by Froala Editor