Lezbiyanlara verilən ən axmaq suallar
İnsanların homoseksuallıq haqqında az məlumata malik olduğu cəmiyyətlərdə homoseksual fərdlərin ünvanına qəribə sualların ortaya çıxması qaçılmazdır.
07/Feb/19
9096
İnsanların homoseksuallıq haqqında az məlumata malik olduğu cəmiyyətlərdə homoseksual fərdlərin ünvanına qəribə sualların ortaya çıxması qaçılmazdır. Aşağıda sizə lesbiyanların qarşılaşdığı ən axmaq sualları təqdim edirik:
Heç kişiylə öpüşmüsən?
Sən əsl sekslə məşğul olmusan?
Axı sizə nə ləzzət eləyir?
Sizin hansınız kişisiz?
Səni kim lesbiyan eləyib?
Heç vaxt kişi ilə yatmamısansa, lesbiyan olduğunu necə bilirsən?
Sən indi kişi olmaq istəyirsən?
Kişilərə nifrət eləyirsən?
Heç oxşamırsan axı, necə lesbiyan ola bilərsən?
Bəs ərə getmək istəmirsən?
Bu tip sualların bir qismi heteronormativlikdən irəli gəlir. Heteronormativlik – yalnız heteroseksual münasibətləri yeganə sosial norma kimi görən düşüncə tərzidir. Köhnəlmiş gender modellərinə görə, qadının həyatında kişinin mövcudluğu, liderliyi, təsiri mütləqdir. “Hansınız kişisiz”, “Sən kişi olmaq istəyirsən?” sualları ona işarə edir ki, lesbiyanlar əsl münasibət yaşamır, sadəcə heteroseksual münasibətləri təqlid edirlər. Kişi cinsinin üstün hesab olunduğu patriarxal cəmiyyətlərdə bir qadının kişidən imtina edə bilməsi ağlasığmaz görünür. “Hər qadına kişi lazımdır.” Bu sözləri deyənlər inanır ki, bir qadın kişilərdən heç bir zərbə almadığı müddətdə lesbiyan ola bilməz. Yaxud da bir lesbiyan qarşısına “əsl kişi” çıxmadığı üçün qadınlara üstünlük verir.
Sualların digər qisminə isə maarifsizlik səbəb olur. Stereotiplərin və homofobiyanın geniş yayıldığı mühitdə əksər LGBTQ fərdləri öz kimliyini gizlədərək həyatına davam edir. Odur ki, lesbiyanların necə görünmələri ilə bağlı çox fərqli təsəvvürlər formalaşır. Ona görə də “Çox qəşəng qızsan axı, necə lesbiyan ola bilərsən?”, “Heç oxşamırsan axı” suallarına isə adamın lap “Lesbiyanın buynuzu olur?” cavabını verməyi gəlir.
Lesbiyanlığı sadəcə qısa mərhələ, dəb, kişilərə qarşı inciklik forması hesab etmək, bütün bunlar həm bilgisizlik, həm də təhqir ehtiva edir.
Bu sözləri işlədənlər “Mənim homofob deyiləm, gey dostum var”, “Lesbiyanlara ölüm arzu etmirəm, deməli homofob deyiləm” deyərək özlərini sığortalaya da bilər. Lakin ayrı-seçkilik də şeytan kimi detallarda gizlənir. Stereotiplərdə, stiqmalarda, zarafatlarda, axmaq suallarda… Bütün bunlar məişət diskriminasiyası sayılır və təəssüf ki, lesbiyan və geylərin ən çox rastlaşdığı hallardandır. Bəzən onlar kifayət qədər səbrli olub, qarşı tərəfi maarifləndirməyə çalışa bilər. Lakin iş yerində, yeni tanışların əhatəsində dəfələrlə verilən eynitipli suallar qıcıqlandırmağa, narahat etməyə başlayır. Odur ki, bizim marağımız heç bir halda etik qaydaları üstələməməli, qarşı tərəfə diskomfort yaşatmamalıdır.
Powered by Froala Editor