Mühafizəkar Azərbaycanda LGBT icmasına qarşı hökumətin təzyiqli siyasətinə baxmayaraq, bəzi valideynlər sosial qaydaları pozurlar və LGBT uşaqlarını müdafiə edirlər.

Onlardan biri - Gülər bir neçə il əvvəl oğlunun gey olmasından şübhələnməyə başlamışdı...

"Artıq üç gün idi ki, dalbadal eyni yuxu görürdüm: tualetin qapısı bağlanmışdı, uşaq oda qalmışdı. Nə biz onu oradan çıxara bilirdik, nə də o qapını aça bilirdi ", - deyə Gülər xatırlayır. Ertəsi gün o rayondan yola çıxıb və Bakıda işləyən oğlunu görməyə gedib. Bu zaman oğlu öz seksual oriyentasiyası barədə anasına açılıb.

Azərbaycanda valideynlər övladlarının homoseksual olduğunu aşkar etdikdə, bu, zorakılıq və hətta cinayət ilə də nəticələnə bilər. Homoseksual münasibətlər qanunazidd olmasa da, bir çox ailə üçün bu tabu mövzusu olaraq qalır. Bu sosial mühafizəkar ölkədə mənfi münasibətlərə baxmayaraq, 20170ci ildə LGBTİQ fərdlərinə qarşı polis tərəfindən aparılan reydlər və həbslərdən sonra, bəzi valideynlər öz LGBT övladlarının müdafiəsinə qalxırlar.


Gülər (ad ailəni qorumaq üçün dəyişdirilmişdir) oğluna necə cavab verməli olduğuna əmin deyildi. Bu vəziyyətdə həyat yoldaşı onu sakitləşdirib. "O mənə "Aqressiv olma. O, bizim oğlumuzdur. Oğlumuzu lənətləmək günah olar. Edəcək bir şey yoxdur, tale belə gətirib" - deyib.

Gülər vaxt keçdikcə oğlunun kimliyini olduğu kimi qəbul eib. "Yavaş-yavaş, hər şeyi həzm etməyə başladım. Kənddə qəbul olunmasa da, özümə söz verdim ki, hamı arxasını mənə çevirsə belə, uşağımın arxasındayam".

2017-ci ilin sentyabr ayının ortalarında Bakıda hakimiyyət orqanları şəhərin LGBT icmasına qarşı qəddar təzyiqlərə başlamışdı. 10 gün ərzində, ən azı 83 gey və transgender saxlanıldı və saxta ittihamlarla həbs edildi. Bəziləri döyüldü; bəziləri dostlarının yerini bildirmək üçün təzyiqlərə məruz qaldı...

Rəsmi qurumlar fahişəliyə qarşı mübarizə apardıqlarını, cinsi yolla ötürülən xəstəliklər axtardıqlarını və ya sakinlərin çağırışı əsasında hərəkət etdiklərini iddia edirdi - bu açıqlamalar adət halını almışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov 2017-ci ildə baş vermiş təyiqlər zamanı "Bunlar millətimizə, dövlətimizə, zehniyyətimizə uyğun olmayan insanlardır.” deyə bildirmişdi. 

İnsan hüquqları qrupu Rainbow Europe (Göyqurşağı Avropa), Azərbaycanı Avropada gey olmaq üçün ən pis yer adlandırır.

32 yaşlı Leyla bu bəyanatın ədalətli olduğunu bildirir.

"Bakıda bu növ reydlər tez-tez baş verir. Polis şiddəti ilə üzləşmək bizim taleyimizdir", - 2014-cü ildə narkotik ittihamı ilə həbs olunan transgender qadın Leyla Eurasianet-ə bildirib.

Sərbəst buraxıldıqdan sonra Leyla - soyadının yazılmamasını xahiş etdi - Niderland və Almaniyada sığınacaq axtarsa da, rədd cavabı alıb. Nəhayət, sonradan anasının dəstəyi ilə o, İstanbula köçüb.

"Mənim övladım bir il saxta ittihamlarla həbs edilmişdi", - Leylanın anası Dilbər bildirdi. Tutulduqdan sonra, "Biz onun harada olduğunu bilmirdik. Bütün gecəni polis məntəqələrində övladımı axtarırdım. Övladımın yoldaşları onu axtardığım üçün çox sevinirdilər".

Dilbər (əsl adı deyil) tez-tez İstanbulda qızı ilə görüşür və həmişə Azərbaycandan ona sovqat aparır. "Anam bura gələndə hər dəfə bayram olur. Bütün azərbaycanlı trans dostlarım [İstanbulda] bir yerə yığışır və anam bizim üçün biş-düş edir” -deyə,  Leyla onu dəstəkləyən anasını tərifləyir.

55 yaşlı Dilbər, Bakı kəndlərindən birində yaşayır, evdar qadındır. Tipik azərbaycanlı adlandırdığı həyat yoldaşının Leylanı qəbul etmək istədiyini deyir. Övladının transgender olduğunu öyrənəndə, atası onu öldürməklə təhdid edib və Dilbərii günahlandırıb ki, “oğluna yaxşı tərbiyə verməmisən”.

"Mən bu səhnəni heç vaxt unutmaram. Uzun illər evdə ancaq bu mövzuda danışırdıq. Ancaq 20 il sonra qəbul etdi. 20 il sonra! Həyat yoldaşım onu, əslində, mənə görə qəbul etdi. Son illərdə mən ağlayanda yanıma gəlir, əllərini çiyinlərimə qoyur və "Hər şey yaxşı olacaq" deyir. Mən ilk günlərdən övladımı dəstəkləyirdim və həyatın axırına qədər də onun yanında olacağam" - Dilbər göz yaşlarını silərək deyir.

Dilbər Leylanı nə "qızım", nə də "oğlum" deyə çağırır, ona "balam" deyə müraciət edir.

"Onu ilk dəfə qadın paltarında gördükdə, başıma sanki qaynar su tökdülər. Çətindir, amma ən vacibi mənim uşağımın xoşbəxtliyidir. Balam xoşbəxtdirsə, mən də xoşbəxtəm".

Dilbərin 15 yaşlı bir qızı da var; O, Leylanı hər zaman qadın kimi tanıyıb: "Qızım övladımı caniko çağırır".

Azərbaycandakı bu vəziyyət və ictimai təzyiq LGBT fərdlərinin anaların ibarət qruplar da daxil olmaqla qeyri-rəsmi dəstək şəbəkələrinin yaranmasına səbəb olub. Adətən, onlar polis məntəqələri və məhkəmələrin qarşısında övladlarını gözləyərkən tanış olublar.

"Övladımın transseksual olan dostunun anasını ilə ilk tanışlığım mənə sakitləşməyə çox kömək etdi. Bu məsələləri müzakirə etdik və mən tək olmadığımı başa düşdüm; çoxlu sayda dəstəkləyici analar var" - Dilbər deyir.

2017-ci ilin əvvəlində İstanbulda bir azərbaycanlı transgender qadın öldürüldü. Onun 60 yaşlı anası Nailə cəsədi Bakıya aparmaq üçün İstanbula getmişdi.

Nailə oğlunun 15 və ya 16 yaşındaykən qadın paltarları geyindiyinin şahidi olub. "Həyat yoldaşım onu öldürmək istəyirdi. Mən ona dedim ki, uşağımı tərk etmərəm, amma səni [ərini] tərk edərəm. Onu vurdu. [...] Sonra oğlumu it kimi zəncirə bağladı. Onu zəncirlə tualetə aparardı", deyə Nailə (əsl adı deyil) xatırlayır.

Ata 19 yaşındaykən oğlunu evlənməyə məcbur edib və bununlada onu düzəldəcəyini gözləyirmiş. Onun həmin nikahdan hazırda 16 yaşlı qızının olmasına baxmayaraq, evliliyin mənasız olduğunu görüb. “Övladım həyatını istədiyi kimi davam etdirirdi", Nailə deyir.

2018-ci ildə Nailənin oğlu İstanbula qaçıb, daha sonra isə öldürülüb.

"Nəvəm atasını qadın kimi qəbul edirdi; hər gün Skype vasitəsilə danışırdılar”, əlavə edir.

Nailənin övladı üçün apardığı mübarizə Azərbaycan LGBT icması içərisində xeyli bilinən hadisədir və bu gün o, təqibə məruz qalan bir çox digər LGBT fərdlərinin anası kimi qəbul olunur. O, ailələri tərəfindən küçəyə atılanlara da evini açıb. 

"Biz valideynlər daha çox şey edə bilərik. Birləşsək və birlikdə mübarizə aparsaq, övladlarımızın həyatını xilas edə bilərik", Nailə deyir.


Mövqe: Durna Səfərova

Powered by Froala Editor