İranda 100-dən çox trans məhbus “ölü hesab olunur”
İsrailin zərbəsindən sonra İran həbsxanasında 100-dən çox trans məhbus “itmüş və ölü hesab olunur”
13/Jul/25
96
İsrailin zərbəsindən sonra İran həbsxanasında 100-dən çox trans məhbus “itgin düşmüş və ölü hesab olunur”
İranın paytaxtı Tehranda yerləşən məşhur Evin həbsxanasına İsrailin hava hücumu nəticəsində 100-dən çox trans məhbusun itkin düşdüyü və böyük ehtimalla həlak olduğu bildirilir.
Tehranın şimalındakı Evin məhəlləsində yerləşən və 1972-ci ildə istifadəyə verilən Evin həbsxanası uzun illərdir insan hüquqlarının kobud şəkildə pozulduğu yer kimi tanınır. Burada döyülmələr, işgəncələr, uzunmüddətli təkadamlıq kameralar, yuxudan məhrumetmə, seksual zorakılıq və acınacaqlı saxlanma şəraiti geniş yayılıb.
Evin İran İslam Respublikasının siyasi məhbuslarının, jurnalistlərin, alimlərin və casusluqda ittiham olunan xarici vətəndaşların – o cümlədən ikili vətəndaşlığı olan britaniyalı-iranlı Nazanin Zaghari-Ratcliffe, insan hüquqları müdafiəçisi Nargis Məhəmmədi və avstraliyalı akademik Kylie Moore-Gilbertin əsas saxlanma yeridir.
Həbsxana İsrail ilə İran arasında 12 günlük müharibə zamanı, atəşkəsdən cəmi bir gün əvvəl 23 iyun tarixində vurulub.
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir hücumdan bir neçə gün sonra “Evin həbsxanasına edilən hücum nəticəsində 71 nəfərin həlak olduğunu” rəsmən təsdiqləyib. Onun sözlərinə görə, ölənlər arasında inzibati işçilər, mühafizəçilər, məhbuslar, ziyarətə gələn ailə üzvləri və yaxınlıqda yaşayan insanlar olub.
The New York Times-ın məlumatına əsasən, tanınmış insan hüquqları vəkili Rza Şəfəxah hücumdan sonra təxminən 100 trans məhbusun itkin düşdüyünü bildirib. Rəsmilər onların saxlanıldığı bölmənin tamamilə dağıldığını və həlak olduqlarının ehtimal olunduğunu bəyan ediblər.
Şəfəxah əlavə edib ki, İran dövləti transların varlığını tez-tez cinayət kimi qəbul edir.
İranda gender adaptasiyası hüquqi baxımdan mümkündür, lakin translar hələ də ciddi sosial və siyasi maneələrlə üzləşirlər. Gender adaptasiyası yalnız cərrahi əməliyyatdan sonra tanınır. Transları nifrət cinayətlərindən və ayrı-seçkilikdən qoruyan heç bir hüquqi mexanizm mövcud deyil. Üstəlik, trans kimlik ruhi xəstəlik kimi təsnif edilir.
2019-cu ildə Peace-Mark jurnalı Evin həbsxanasında saxlanılan bir trans məhbusun dediklərini dərc etmişdi:
“Trans bölməsinə düşəndə günəş işığını belə görə bilmirsən. İnsan bədəni günəşə möhtacdır. Günəş yoxdursa, dərman qəbul etməlisən – amma bizə heç dərman da vermirlər. Saxlandığım müddətdə, yalvarıb-yaxardığım iki xəstəxana transferi istisna olmaqla, gün işığı görməmişdim.”
Powered by Froala Editor