Antalyada trans qadın qətlə yetirilib

Türkiyədə Antalyanın Muratpaşa rayonunda yaşayan trans qadın Nida Nazlıer evində ölü tapılıb. Araşdırma zamanı bağçada bir dibçəkdə torpağa basdırılmış bıçaq aşkar edilib.

Nazlıer boğazı kəsilmiş halda evinin hamamında ölü tapılıb.


Verilən məlumata görə, H.İ. adlı şəxs işdən çıxdıqdan sonra birlikdə yaşadığı Nida Nazlıerin evinə gəlib. O, Nazlıeri hamamda bıçaqlanmış vəziyyətdə tapıb. H.İ. balkona çıxaraq kömək çağırıb, qonşular isə bu barədə 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.

DHA xəbər agentliyinin yaydığı məlumata əsasən, hadisə yerinə gələn polis əməkdaşları dərhal araşdırmaya başlayıblar. Baxış zamanı bağçadakı dibçəkdə torpağa basdırılmış bir bıçaq tapılıb. Nazlıeri tapan H.İ. saxlanılıb.

Cinayət Axtarış İdarəsinin əməkdaşları ətrafdakı təhlükəsizlik kameralarının görüntülərini incələyirlər. Prokuror və polisin hadisə yerində keçirdiyi araşdırmadan sonra Nazlıerin cəsədi Antalya Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

Polisin araşdırması davam edir.



Powered by Froala Editor