Rusiyada “gey” sözünü axtarmaq belə qadağandır

Human Rights Watch-un (İnsan Haqları İzləmə Təşkilatı) son hesabatı Rusiyada LGBTİ+ məzmununa tətbiq edilən senzuranın miqyasını ortaya qoyub. Hesabata əsasən, artıq “gey” sözünü axtarmaq belə qadağan edilib.

İyulun 30-da yayımlanan geniş hesabatda HRW Rusiyada dövlətin sistematik rəqəmsal senzura siyasətini və ifadə azadlığına qarşı təzyiqlərini sənədləşdirib.

Hesabatda xüsusilə LGBTİ+lara qarşı həyata keçirilən internet senzurası və fəalların rəqəmsal təcrid vəziyyəti detallı şəkildə təsvir edilib.

Disrupted, Throttled, and Blocked” (“Pozulmuş, Yavaşladılmış və Bloklanmış”) adlı hesabatda Rusiya hökumətinin LGBTİ+lara qarşı sistematik rəqəmsal təzyiq siyasəti geniş şəkildə araşdırılıb.

2013-cü ildən qüvvədə olan və “ənənəvi olmayan cinsi münasibətlərin təbliğini” qadağan edən qanun 2022-ci ildə genişləndirilib və bütün yaş qruplarını əhatə etməyə başlayıb. Bu dəyişiklik internetdə LGBTİ+ mövzulu məzmunların kütləvi şəkildə bloklanmasına imkan verir.

LGBTİ+ məzmun hədəfdədir

Hesabata görə, 2022-ci ilin fevralında Ukraynaya qarşı başlanan hərtərəfli işğaldan bəri Rusiyada internet senzurası əsasən xəbər portallarına yönəlib. Ən azı 418 xəbər saytına giriş məhdudlaşdırılıb. Rəsmilər müstəqil müharibə xəbərlərinin qarşısını almaq üçün media saytlarını bloklayır, bəzi redaksiyaları “arzuolunmaz təşkilat” elan edir və sərt müharibə senzurası qanunları qəbul edirlər.

2022-ci ilin fevral ayından bu yana bloklanan digər saytlar arasında insan haqları ilə bağlı platformalar, LGBTİ+ icmasına dair məzmunlar və hökuməti tənqid edən vebsaytlar da var. Həmin dövrdə rəsmilər Ukrayna müharibəsi ilə bağlı “yalan məlumat yaymaqda” ittiham edilən 236 mindən çox mənbənin qarşısını kəsib.

HRW Rusiyanın sosial media şirkəti VK (VKontakte)-nin LGBTİ+ məzmunlarını xüsusi olaraq senzura etdiyini və “gey” sözünün axtarışını belə məhdudlaşdırdığını sənədləşdirib.

Hesabata görə, Yandex Music də hüquq-mühafizə orqanlarının tələbi ilə minlərlə musiqi treki platformadan silib. Rəsmilər bu parçaların “Rusiya ordusu haqqında yalan məlumatlar yaydığı” və ya LGBTQİ+dostu məzmunlar ehtiva etdiyini əsas gətirib.

Powered by Froala Editor