Antalyada Nida Nazlıeri qətlə yetirən şəxs həbs edilib

Antalyada yaşayan trans qadın Nida Nazlıerin qətlini etiraf edən şəxs — Arif Ömer El Hüseyin — həbs edilib. Nazlıerin əvvəlcə saxlanılan dostları isə sərbəst buraxılıb.

Trans qadın Nida Nazlıer 31 iyul tarixində Antalyanın Muratpaşa rayonundakı evində boğazı kəsilmiş halda ölü tapılıb.

DHA xəbər agentliyinin yaydığı məlumata görə, H.İ. adlı şəxs işdən çıxdıqdan sonra birlikdə yaşadığı Nida Nazlıerin evinə gəlib və onu hamam otağında bıçaqlanmış halda aşkarlayıb. H.İ. dərhal balkona çıxaraq kömək istəyib, qonşular isə 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları evdə və bağçada araşdırma aparıblar. Bağçadakı bir dibçəkdə torpağa basdırılmış bıçaq tapılıb və dəlil kimi müsadirə olunub.

Hadisədən sonra H.İ. və Nazlıerin evə gəlməzdən öncə telefonla danışdığı dostu H.H. (39) ilkin ifadə üçün saxlanılıb. Daha sonra onların hər ikisi sərbəst buraxılıb.

İstintaq çərçivəsində əraziyə baxış keçirilib, müşahidə kameralarının görüntüləri incələnib və meyit Antalya Tibbi Ekspertiza İnstitutunun morquna təhvil verilib.

Polis tərəfindən aparılan araşdırma nəticəsində Arif Ömer El Hüseyin adlı şəxs cinayəti törətdiyini etiraf edib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Powered by Froala Editor