QueeRadar 2025 hesabatı

Azərbaycan mediasında LGBTQİ+ mövzuları – 85% xarici, 1% insan haqları prizmasında

QueeRadarın yayımladığı 2025-ci il İllik Media Monitorinq Hesabatı Azərbaycan mediasında LGBTQİ+ mövzularının necə təqdim olunduğunu, hansı kontekstdə və hansı tonla işıqlandırıldığını ortaya qoyub. 

Araşdırma göstərir ki, 2024-cü ildə ölkə mediasında LGBTQİ+ məsələlərinin əksəriyyəti daxili vəziyyəti deyil, xarici hadisələri əhatə edib – bu, mövzunun siyasi məqsədlərlə yönləndirildiyini göstərib.

Əsas nəticələr:

  • 691 materialdan yalnız 106-sı (%15) yerli mövzulara aid olub, 585-i (%85) isə xarici xəbərlərdən ibarət olub.

  • LGBTQİ+ məsələlərinin 68%-i açıq və ya dolayı diskriminasiya, təhqir və stereotip gücləndirən tonda təqdim edilib.

  • Yalnız 7 xəbər (1%) insan haqları və inklüzivlik prizmasında işıqlandırılıb.

  • Yerli mövzulara dair azsaylı xəbərlər əsasən müstəqil mediadan gəlib.

Xarici hadisələrin siyasi alətə çevrilməsi

2024-cü ildə Azərbaycan mediasında ən çox işıqlandırılan xarici mövzular Gürcüstanın “Ailə dəyərləri haqqında” qanunu (158 xəbər), Fransadakı açıq LGBTQİ+ siyasətçilər və Paris Olimpiadası (111 xəbər), ABŞ-da Donald Trump-ın prezident seçilməsi (55 xəbər) olub. Bu mövzular xüsusilə hökumətyönlü mediada milli-mənəvi dəyərlər narrativini gücləndirmək üçün istifadə edilib.

Yerli mövzulara az yer ayrılıb

Cəmi beş yerli material aşağıdakı mövzuları əhatə edib:

  • Onlayn tanışlıq platformalarında təhlükəsizlik (Mikroskop Media)

  • Avropa Məhkəməsinin qərarı sonrası təzminat (BBC Azərbaycan)

  • Transların məşğulluq və yaşayış yeri diskriminasiyası (OC Media)

  • Dövlətin kuir hüquqlarını tanımaqdan imtinası (Amerikanın Səsi)

  • Trans qadının təcridxana təcrübəsi (Meydan TV)

Sensasiya və təhrif nümunələri

  • Imane Xəlif haqqında saxta “trans qadın” iddiaları Olimpiya zamanı təkrar-təkrar yayılıb.

  • Paris Olimpiadasında “Sonuncu Şam yeməyi” performansı əxlaqi “çürümə” kimi təqdim olunub.

  • Avropa Parlamentinin Azərbaycanda LGBTQİ+ hüquqları ilə bağlı qətnaməsi “xarici təxribat” kimi işıqlandırılıb.

Hesabat göstərir ki, Azərbaycan mediasında LGBTQİ+ mövzuları əsasən siyasi diskursda alət kimi istifadə olunur, yerli kuir insanların real həyatı isə ya görünməz qalır, ya da təhrif edilir. Bu tendensiya həm informasiyanın keyfiyyətini, həm də cəmiyyətdə nifrət və ayrı-seçkilik riskini artırır.

Hesabatı ingilis dilində buradan oxuya bilərsiniz.

Powered by Froala Editor