Uroloq-androloqdan homofobik və transfobik açıqlamalar

Keçən həftə Modern.az saytında dərc olunmuş “Gənclər arasında homoseksuallığa meyl niyə artır?” başlıqlı müsahibədə uroloq-androloq Qardaşxan Mamedov bir sıra homofobik və transfobik iddialar səsləndirib. Müsahibədə həkim ixtisasına malik şəxs kimi çıxış etməsinə baxmayaraq, onun söylədiyi fikirlər elmi əsası olmayan, stereotipləri gücləndirən yanaşmalardan ibarətdir.

Mamedov iddia edib ki, guya gənclər arasında “geyliyə və transeksuallığa meyl” artıb, bunun səbəbi isə hormonların pozulması, xroniki xəstəliklər və bəzi dərmanların qəbulu ilə bağlıdır. O, həmçinin sosial şəbəkələrdə LGBTQ+ların görünməsini “özünüreklam” və “təbliğat” kimi təqdim edib, bu “tendensiyanın pis şeylər vəd etdiyini” deyərək onları “əxlaqı pozmaqda” günahlandırıb. 

Lakin Dünya Səhiyyə Təşkilatı homoseksuallığı hələ 1990-cı ildə xəstəliklər siyahısından çıxarıb. Transgenderlik də xəstəlik kimi deyil, insanın özünüifadəsi və kimliyi kimi qəbul olunur. Hormonal dəyişikliklərin və ya xroniki xəstəliklərin insanın seksual oriyentasiyasını formalaşdırdığına dair heç bir elmi sübut mövcud deyil. Odur ki, Minority Azerbaijan olaraq hesab edirik ki, Qardaşxan Mamedovun açıqlamaları tibbi və etik baxımdan qəbuledilməzdir. Seksual oriyentasiya və gender kimliyi xəstəlik və ya “meyl” deyil, insanın şəxsiyyətinin bir hissəsidir. 

Mütəxəssis adı altında yayılan belə homofobik açıqlamalar cəmiyyətdə ayrı-seçkiliyi və nifrəti gücləndirir, LGBTQ+ların təhlükəsizliyini risk altına salır. Media qurumlarının məsuliyyəti isə ondan ibarətdir ki, ekspert rəyi adı ilə dezinformasiya yaymaq əvəzinə, elmi əsaslara və insan haqlarına söykənən materiallara üstünlük versinlər.

Həm tibbi ictimaiyyət, həm də media nümayəndələri bu cür yanlış və təhlükəli açıqlamalara qarşı açıq mövqe nümayiş etdirməlidirlər. LGBTQ+lara qarşı nifrət və ayrı-seçkiliyin legitimləşdirilməsinə xidmət edən istənilən məzmun qətiyyətlə rədd edilməlidir.

Powered by Froala Editor