Sabiq deputatdan transfob və homofob açıqlama: “Üzdəniraqları sıxışdırmaq lazımdır”

Azərbaycan mediasında LGBTİ+ mövzusu yenidən nifrət dolu stereotiplərlə gündəmə gəlib. Pravda.az saytına danışan sabiq deputat Tahir Kərimli LGBTQİ+lara qarşı kəskin ifadələr işlədib, onları “murdarlıq” adlandırıb və hətta xəstəxanaya salınaraq müalicə almalarının lazım olduğunu deyib.

Kərimli LGBTQİ+ icmasına qarşı zorakı yanaşmanı belə müdafiə edib:

“Üzdəniraqları sıxışdırmaq, bunlara qarşı ciddi mübarizə aparmaq lazımdır. Xəstədirlərsə, xəstəxana düzəldib, hamısını ora basmaq lazımdır, müalicə olunsunlar. Mən heç onların xəstə olduqlarını hesab etmirəm, harınlıq və murdarlığın nişanəsidirlər.”

Sabiq deputat LGBTQİ+ların görünənliyini “cəmiyyətə mənfi təsir” kimi təqdim edərək onların qarşısının “qəti şəkildə alınmalı” olduğunu vurğulayıb.

Bu yanaşma LGBTQİ+lara qarşı açıq nifrət nitqidir və həm beynəlxalq, həm də yerli qanunvericilikdəki ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə ziddir. LGBTQİ+ları “murdarlıq”, “xəstəlik” və ya “əxlaqsızlıq” kimi təqdim etmək cəmiyyətdəki homofob və transfob stereotipləri dərinləşdirir və zorakılığın legitimləşməsinə xidmət edir.

Bu, Kərimlinin LGBTQİ+ icmasına qarşı ilk transfob və homofob çıxışı deyil. O, daha əvvəl dəfələrlə oxşar bəyanatlarla çıxış edib. Milli Məclisdə deputat olduğu vaxt Gürcüstandakı “anti-LGBT qanun layihəsi”ni alqışlayaraq Azərbaycanda da belə təşəbbüslərin zəruri olduğunu deyib və LGBTQİ+ görünənliyini “milli təhlükəsizlik problemi” adlandırıb.

2022-ci ildə LGBTQİ+ları “otxod” adlandıraraq İstanbul Konvensiyasına qarşı çıxıb və icma üzvlərinin “təqib və təcrid olunmalı” olduqlarını bildirib. Eyni il parlamentdə digər deputatlarla birgə LGBTQİ+ və feministlərə qarşı nifrət nitqi səsləndirib, onları “işləməyə layiq olmayan” və “müalicə olunmalı” sosial qrup kimi təqdim edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı hələ 1990-cı ildə psixi xəstəliklər siyahısından çıxarıb. Elmi konsensus açıq şəkildə bildirir ki, seksual oriyentasiya və gender kimliyi insanın şəxsiyyətinin təbii və dəyişdirilməz bir hissəsidir.



Powered by Froala Editor