Gürcü anti-LGBTQİ+ qanununun Azərbaycanda əks sədası
Son günlərdə Gürcüstanın anti-LGBTQİ+ qanun layihəsi Azərbaycanda siyasi müzakirələrə səbəb olub
08/Jul/24
1185
Gürcüstanın anti-LGBTQİ+ qanununun Azərbaycandakı əks sədası
Son günlərdə Gürcüstanın anti-LGBTQİ+ qanun layihəsi Azərbaycanda siyasi müzakirələrə səbəb olub. Bu barədə hökümətyönlü medialarda davamlı məqalələr dərc olunub. Məqalələrdə məqsəd vəzifəli şəxslərdən bu qanunun Azərbaycanda da irəli sürülməsini dəstəkləyən mesajlar almaq olub. Həmin nitqlərdən bəzilərini sizə təqdim edirik.
Milli Məclisin deputatı Tahir Kərimli deyib ki: “Gürcüstanda LGBT təbliğatı haqqında qanun layihəsinin müzakirəsi doğru addımdır. Gürcüstanda LGBTİ hərəkatı o qədər yüksək dərəcədə yayılıb ki, artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Gürcüstan kazinoların, LGBT sisteminin ağuşundadır. QHT-lər və digərləri hədsiz dərəcədə bunu təbliğ edirlər. Cəmiyyət deqradasiyaya uğrayıb, mənəviyyatsızlıq artıb. Təbii ki, Gürcüstan parlamentinin narahatlıq keçirib, bu məsələni müzakirə etməsi təbiidir. Azərbaycanda isə hələ LGBT o dərəcədə geniş yayılmayıb. Qarşısını almağa çalışırıq. Şəxsən mən özüm də, digər deputat yoldaşlarım, ağsaqqallar da bunun qarşısını hələlik ciddi şəkildə ala bilirik.”
Tahir Kərimli əlavə edib ki, Azərbaycanda 5-10% LGBTQİ+ olsa belə, ölkədə də LGBTQİ+ barədə Gürcüstandakı kimi qanun layihəsi irəli sürülə bilər. Bundan əlavə, yerli deputatlar bildiriblər ki, Gürcüstandakı LGBTQİ+ vəziyyətinin 50%-i Azərbaycanda olsa, o zaman Azərbaycanda da “ciddi həyəcan təbili çalıb məsələni qaldırmaq, qanunvericilik səviyyəsində Azərbaycanı belə bəladan hifz etmək lazımdır”, - deyə deputat bildirib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva düşünür ki, “LGBT təbliğatı artıq Avropanı ciddi demoqrafik problemlərə üz-üzə qoyub. Avropa Parlamentinin LGBT Hüquqları müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb.”
“Avropa bu dəyərlərini bütün dünyaya ixrac etmək və öz daxilində ciddi demoqrafik problemlərə gətirib çıxaran bu tendensiyanı bütün dünyada izləmək arzusundadır. Avropa İttifaqının Gürcüstandan sədaqət tələb etdiyi dəyərlərdən biri də LGBT haqları və təbliğatında sərbəstlik tələbidir,” - o əlavə edib. O, Gürcüstan parlamentinin bu təşəbbüsünü alqışlayıb.
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu mövzuda Gürcüstan hökumətinin siyasətini doğru sayır.
“Bundan əvvəl də Gürcüstanda gey-parad keçirilməsi cəhdi olmuşdu. Bunun qarşısı mühafizəkar aktivistlər, keşişlər tərəfindən alınmışdı. Tiflisdəki meydanda toqquşma da olmuşdu. Gürcü hakimiyyəti prioritet məsələ kimi həmişə Avropa Birliyinə inteqrasiyası olduğunu bildirib. İndi də bu haqda söyləyirlər ki, mövqeləri dəyişməyib. Sadəcə, "Gürcü Arzusu" iqtidarı xalqlarının öz milli identikliyinin qorunmasının vacibliyinə vurğu edirlər. Fikrimcə, düz də edirlər. İstər “xarici agent”, istərsə də LGBT haqqında qanun olsun, bu, Qərbin Gürcüstan kimi ölkələrə öz diqtəsini qəbul etdirmək anlamına gəlir. Təbii ki, özünə hörmət edən ölkə bu cür basqıları qəbul etməz.”
Azərbaycan Milli İstiqlal partiyası liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə: “Hər bir dövlətin və coğrafiyanın, millətin özünün spesifik xüsusiyyətləri, min illər boyu formalaşmış ənənələri və dəyərləri var. Və bunlar da Avropa dəyərləri ilə uzlaşmaya bilər. Belə hal inteqrasiyaya mane olmamalıdır. Bir sıra ümumi prinsiplər və dəyərlərə hörmət edilməlidir. Ancaq tutaq ki, Qərb üçün keçərli olan bəzi yanaşmalar inteqrasiyaya can atan digər dövlətlər üçün, xüsusən də mühafizəkarlığını, milli adət-ənənələrini qoruyub saxlayan Cənubi Qafqaz ölkələri üçün məqbul olmaya bilər.” Orucov deyir ki, Cənubi Qafqazın anti-LGBTQİ+ siyasəti onu Avropa İttifaqına gedən yoluna maneə olmamalıdır, çünki bu ölkələrin milli-mənəvi dəyərləri bunu etməyə əsas verir.
Minority Azərbaycandan LGBTQİ+ hüquq müdafiəçisi Vahid Əliyev bu çıxışlar barədə deyib: “Bu tip bəyanatlar dərin kök salmış kuirfobiyanı ortaya qoyur. Bundan əlavə, deputat və digərlərinin bu çıxışları əxlaq polisliyindən başqa bir şey deyil. Bu isə təkcə LGBTQİ+ları dehumanizə etmir, həm də qorxu və zorakılıq mühitini təşviq edir. Bu tip çıxışlar izolyasiya olunmuş hadisələr deyil, cəmiyyət normalarını qorumaq adı altında reqressiv dəyərlərin tətbiqi üçün daha geniş liberal-demokratik dəyərlərə qarşı çıxan, sağçı və ifrat-sağçı gündəmin bir hissəsidir. Bu mövqe isə LGBTQİ+ hüquqlarının yerli mədəni və mənəvi dəyərlərlə bir araya sığmadığını iddia edən müəyyən media orqanlarının və siyasilərin təbliğatında öz əksini tapır. Bu cür ritorika təhlükəlidir və ölkədə və regionda LGBTQİ+ icmalarının təhlükəsizliyi və rifahına ziyan vura biləcək nəticələrə gətirib çıxara bilər.”
Bəs sizcə Azərbaycan parlamenti eyni qanun layihəsini yaxın zamanda ölkədə irəli sürəcəkmi?
Müəllif: Aleks Şah
Powered by Froala Editor