“Açıq Azərbaycan”-da homofob sual

Zöhrab İsmayıl LGBTQ+ hüquqlarını fundamental insan haqlarından kənarda təqdim edib.

Açıq Azərbaycan YouTube kanalında yayımlanan verlişdə jurnalist Zöhrab İsmayıl hüquqşünas Səməd Rəhimliyə homofob məzmunlu sual ünvanlayıb. O, LGBTQ+ hüquqlarının beynəlxalq gündəmdə yer almasını “fundamental insan haqlarının arxa plana keçməsi” kimi təqdim edib.

Zöhrab İsmayılın sözlərinə görə: “Əvvəl fundamental insan haqlarından gedirdi söhbət, sonra məsələ çox xırda şeylərə... Hətta məsələn, LGBTQ anlayışı – əvvəl LGB idi, sonra LGBT oldu, sonra LGBTQ oldu, sonra LGBTQ+ oldu. Bu proses özü də... Biz gördük ki, bəzi beynəlxalq təşkilatlar da bir növ marjinal qrupların hüquqları və s... Fundamental insan haqları arxa planamı keçdi?”

Bu yanaşma bir neçə səbəbdən problemli və açıq şəkildə fobikdir:

  1. “Xırda şeylər” ifadəsi LGBTQ+ların mövcudluğunu və hüquqlarını, yaşadıqları çoxsaylı problemləri kiçiltməkdir. Bu, milyonlarla insanın gündəlik həyatını təsir edən ayrı-seçkilik və zorakılıq reallığını görməzlikdən gəlmək deməkdir.

  2. “Marjinal qruplar” ritorikası LGBTQ+ icmasını cəmiyyətdən kənarlaşdıran, onların hüquqlarını qeyri-legitim göstərən damğalayıcı bir yanaşmadır.

  3. Fundamental insan haqlarına qarşı qoymaq: LGBTQ+ hüquqları elə fundamental insan haqlarının bir parçasıdır. Cinsi oriyentasiya və gender kimliyi əsasında ayrı-seçkiliyə məruz qalmamaq hər bir insanın əsas hüququdur.

Unutmayaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi, BMT və ÜST kimi beynəlxalq qurumlar dəfələrlə vurğulayıb: LGBTQ+ hüquqları universal insan haqlarının ayrılmaz hissəsidir. Onları “əlavə” və ya “xırda” məsələ kimi təqdim etmək, sadəcə olaraq homofob diskursun dilini təkrarlamaqdır.

Belə suallar ictimai diskussiyalarda LGBTQ+ icmasını daha da hədəfə çevirir və mövcud fobiyanı gücləndirir. Bu, nə jurnalistikanın obyektivliyinə, nə də insan haqları anlayışına uyğun gəlir.

Powered by Froala Editor