Penisli Qadınlar və Vaginalı Kişilər
Gender kimliyimizə biz qərar vermirik. Orqanizmimizdə baş verən prosesləri biz idarə edə bilmirik. Lakin istifadə etdiyimiz ifadələri insanlara ağrı verməyəcək şəkildə seçə, istifadə edə bilərik.
22/Mar/19
8161
“Penisli qadınlar və vaginalı kişilər vardır.”
Bu yaxınlarda Türkiyənin ilk homoseksual evliliyini həyata keçirən Ekin Keserin bir müsahibəsini izlədim. Ekin gender kimliyi ilə bağlı suala cavab verərkən özünü doğulduğu cinsdə hiss etdiyi bildirdi və daha sonra mənim üçün çox əhəmiyyətli bir cümlə səsləndirdi: “Penisli qadınlar və vaginalı kişilər vardır.” Gender kimliyi ilə bağlı problemlər yaşamış mənim üçün bu cümlə çox anlam ifadə edir. Doğulub-böyüdüyüm region, əhatəmdə olan insanlar, internetə çıxışımın olmaması və s. kimi bir çox səbəblərə görə mən əslində kim olduğumun fərqinə çox gec varmışam - təxminən iki il öncə.
Bu yazının məqsədi gender kimliyim haqqında açıqlama deyil. Cisnormativ və gender-binar yanaşmanın ağrı verdiyi fərdlərdir: intersekslər və transgender çətirinə daxil olan gender kimliyində doğulan insanlar.
Azərbaycan dili gender baxımdan kifayət qədər neytral olmasına baxmayaraq, biz “hörmət” ifadələri ilə dili neyrallıqdan uzaqlaşdırırıq. Azərbaycan dilində bəzi dillərdə oluğu kimi kişi, qadın və cansız əşya üçün müxtəlif işarə əvəzlikləri yoxdur. Hamısı üçün “o” işarə əvəzliyi istifadə olunur. Lakin bizim cəmiyyətimiz biri haqqında danışarkən və ya müraciət edərkən cinsiyyətini vurğulamağı özünə borc bilir: o qız, o kişi, filankəs xanım, cənab filankəs və s. Üstəlik həmin kəslərdən soruşulmur ki, özünü kim olaraq hiss edirlər və ya gender kimlikləri hansıdır. Görünüş hansı binar cinsiyyət kimliyini ifadə edirsə, elə də səslənilir.
Trans və interseks uşaqların öz kimliklərini anlaması üçün daima maneələr var. Bu manelərdən ilki geyim və rənglər ilə bağlıdır. Düşünülə bilər ki, burada sadəcə doğulduğu cinsə görə paltar geydirməkdən bəhs edirəm. Xeyr, paltarları və rəngləri cinsə görə ayıran insanlardır. Bizə hansı paltarın hansı cinsə aid olduğu öyrədilməsə, mağazalarda geyimlər hamının görəcəyi şəkildə “qadın bölməsi” və “kişi bölmsəi” deyə ayrılmasa, biz özümüzə uyğun hesab etdiyimiz, bəyəndiyimiz istənilən geyimi seçməkdə azad hərəkət edərik.
Digər bir maneə məktəblərlə bağlıdır. Bu, sadəcə manə olmaqla qalmayıb, ən böyük travmanı yaradır. Daima bir bölgü və sərhəd var: oğlanlar və qızlar. Sinifdə uşaqların parta arxasında necə oturmasından idman dərsindəki qruplara qədər ikili bölgü həmişə özünü göstərir. İnterseks uşaq öz bədənindəki fərqliliyi bilirsə, bu, ona özünü yadplanetli kimi hiss etdirir. Transgender uşaqlarda isə tipik olmadığını anlama erkən yaşlarda başladığı üçün bu bölünmələr zamanı daima tərəddüd yaranır, lakin bunu dilə gətirmə şansı ona verilmir.
İnsanlar haqqında danışarkən bəzən fərqində olmadan, bəzən bilərək onların fiziki görünüşü və bioloji cinsi nəzərə alınaraq danışılır. Çoxlarının diqqət etmədiyi və mənasız hesab etdiyi kiçik bir məqam belə qeyri-binar gender kimliyində doğulan insanlar üçün ağrıdıcı, alçaldıcı ola bilir. Buna aşağıdakıları misal göstərə bilərəm:
Vagina yalnız qadınlarda olur, yalnız qadınlar menstruasiya olur (bu haqda növbəti yazımda ətraflı yazacam), böyük döşlər yalnız qadınlarda olur, yalnız kişinin penisi, testisi olur, qadının saçı onu qadın edir, kişinin saçı qısa olmalıdır, kişinin saqqalı, bığı olur.
Bu kimi ifadələr və yuxarıda qeyd etdiyim maneələr qeyri-binar cinsiyyət kimliyi ilə doğulan insanlarda gender disforiyasının (doğulduğu bədəndə narahat hiss etmək) yaranmasının səbəbləridir. Məhz bu səbəblərdən dolayı insanlar cinsiyyət dəyişmək məcburiyyəti hiss edirlər. Cinsiyyət dəyişimi əməliyyatı interseks və transgender fərdlər üçün təbii haqdır, lakin məcburiyyət deyil. Doğulduğumuz bədənlə bizi düşmən edən bizə qoyulan sərhədlər və bizi əks etdirməyən normativləşmiş ifadələrdir. Gender disforiyasını yaşamış və aşmış bir insan olaraq əminliklə deyə bilərəm ki, cəmiyyət biz fərqində belə olmadan, bizi kimliyimizlə bağlı istəmədiyimiz şeylərə məcbur edir. Anladığımız zaman isə peşman olmaq fayda vermir, çünki bizlər daha faydalı fəaliyyətlərə ayıra biləcəyimiz ayları, illəri özümüzə özümüzü sübut etmək üçün keçirmiş oluruq. Cəmiyyət bizi öz kimliyimizə və bədənimizə yadlaşdırır, hətta bəzən düşmən edir.
Gender kimliyimizə biz qərar vermirik. Orqanizmimizdə baş verən prosesləri biz idarə edə bilmirik. Lakin istifadə etdiyimiz ifadələri insanlara ağrı verməyəcək şəkildə seçə, istifadə edə bilərik.
Müəllif: Raven