Çin vətəndaşlarının yarıdan çoxu LGBTQ+ hüquqlarını dəstəkləyir
2024-cü ildə Çində aparılan ictimai rəy sorğusuna görə, ölkə vətəndaşlarının yarıdan çoxu LGBTQ+ların ləyəqətlə rəftar edilməli olduğunu düşünür
11/Oct/25
133
Çin vətəndaşlarının yarıdan çoxu LGBTQ+ hüquqlarını dəstəkləyir
2024-cü ildə Çində aparılan ictimai rəy sorğusuna görə, ölkə vətəndaşlarının yarıdan çoxu LGBTQ+ların ləyəqətlə rəftar edilməli olduğunu düşünür. Bu nəticələr, ölkədə mövcud olan məhdudlaşdırıcı qanunvericiliklə ziddiyyət təşkil edir.
Williams İnstitutu (UCLA Hüquq Məktəbi) tərəfindən dərc olunan tədqiqatın nəticələrinə əsasən, respondentlərin 53 faizi LGBTQ+ların cəmiyyətdə qəbul edilməsinin vacib olduğunu bildirib. Sorğu iştirakçılarının eyni faizi eyni cinsdən olan cütlüklərin nikaha daxil olmaq hüququnu dəstəkləyib, 46 faizi isə belə bir nikah mərasiminə şəxsən qatılacağını deyib. Eyni zamanda, 48 faiz iştirakçı hesab edir ki, eyni cinsdən olan cütlüklər yaxşı valideynlər ola bilərlər.
Sorğu göstərib ki, LGBTQ+ icmasından birini şəxsən tanıyan vətəndaşlar bu qrupa qarşı daha çox anlayış və dəstək nümayiş etdirirlər. Respondentlərin 62 faizi LGBTQ+ların iş yerlərində bərabər davranışa layiq olduğunu, 68 faizi isə hökumətin kuir tələbələrin hüquqlarının qorunmasını gücləndirməli olduğunu qeyd edib.
Williams İnstitutunun ictimai siyasət üzrə baş tədqiqatçısı və araşdırmanın əsas müəllifi İlan Meyer, ictimai rəy ilə mövcud qanunlar arasındakı fərqə diqqət çəkib:
“Çin ictimaiyyətinin LGBTQ+ məsələlərinə münasibəti barədə çox az məlumat var. Bu araşdırma göstərir ki, əhalinin mühüm bir hissəsi LGBTQ+ hüquqları və müdafiə tədbirlərinə müsbət yanaşır. Bu tendensiya gələcəkdə ictimai münasibətlərə də təsir göstərə bilər.”
Tədqiqatın nəticələrinə əsasən, Çin vətəndaşlarının 70 faizindən çoxu azı bir LGBTQ+ şəxsi tanıdığını, 47 faizi isə ən azı iki nəfəri tanıdığını bildirib.
Çində LGBTQ+ hüquqlarının vəziyyəti
Çin Kommunist Partiyasının tətbiq etdiyi senzura qanunları səbəbindən ictimaiyyətin LGBTQ+ məsələlərinə münasibəti barədə məlumat məhduddur. Lakin Equaldex platformasının göstəricilərinə görə, Çin 197 ölkə arasında 58-ci yerdədir.
Ölkədə homoseksuallıq 1997-ci ildən etibarən qanunidir, lakin eyni cinsdən olan nikahlar hələ də qanunsuzdur və LGBTQ+ların hüquqları üçün demək olar ki, heç bir hüquqi müdafiə mexanizmi mövcud deyil.
2017-ci ildən etibarən eyni cinsdən olan cütlüklər “qəyyumluq sazişi” bağlamaq hüququ əldə ediblər. Bu saziş onlara mülkiyyət və mirasla bağlı məhdud hüquqlar versə də, övladlığa götürmək hüququ tanımır.
Trans vətəndaşlara isə yalnız cinsiyyət dəyişdirmə əməliyyatından sonra sənədlərində genderi dəyişməyəicazə verilir. Cinsiyyət təsdiqləyici tibbi yardım yalnız 18 yaşdan yuxarı şəxslər üçün mümkündür və bu şəxslər beş il ərzində rəsmi şəkildə əməliyyat üçün müraciət etmiş, “gender disforiyası” diaqnozu almış, evli və ya cinayətkar keçmişə malik olmamalıdırlar.
Powered by Froala Editor