Müğənni Samira Şaha qarşı qarayaxma kampaniyası
Müğənni Samira Şaha qarşı mediada başlanan qarayaxma kampaniyası
18/Oct/25
49
Müğənni Samira Şaha qarşı mediada başlanan qarayaxma kampaniyası
Bülbülə qəsəbəsində yerləşən Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evində keçirilən anım tədbirində çıxışı ilə yadda qalan trans müğənni Samira Şah son günlər bəzi KİV-lərin məqsədli şəkildə apardığı qarayaxma kampaniyasının hədəfinə çevrilib. Bu barədə QıyVaar məlumat verib.
Məktəblilər və onların valideynlərinin iştirakı ilə baş tutan tədbirdə müğənninin ifası mədəniyyət evinin proqramına uyğun şəkildə həyata keçirilib. Lakin tədbirdən sonra bir sıra saytlar və sosial media səhifələri kontekstdən çıxarılmış görüntüləri paylaşaraq, hadisəni “ictimai narazılıq doğuran təbliğat” kimi təqdim ediblər.
Qısa müddət ərzində yayılan bu paylaşımlar, “reytinq və baxış sayı” naminə jurnalistika prinsiplərinin tam şəkildə pozulduğunu göstərib.
Samira Şah: “Mən bu ölkənin vətəndaşıyam, mənim orada olmaq haqqım var”
Samira Şah sosial şəbəkədə yaydığı şərhdə bildirib ki, Azərbaycan vətəndaşı və peşəkar sənətçi kimi həmin tədbirdə iştirak etməsi onun tam hüququdur:
“Mən bu ölkədə doğulmuşam, bu torpağın vətəndaşıyam. Mənə ‘orada nə işi var?’ deyənlərə cavabım sadədir – mənim orada iştirak etməyə haqqım var. Çünki mən müğənniyəm, bu ölkənin incəsənətinin bir parçasıyam,” – deyə o qeyd edib.
Müğənni əlavə edib ki, bəzi media qurumları onun ifasının sonundakı alqış səhnələrini kəsərək, hadisəni bilərəkdən neqativ şəkildə təqdim ediblər.
“Psixoloq rəyi” adı altında transfob açıqlama
Hadisə ilə bağlı bəzi xəbər saytlarında “psixoloq rəyi” adı altında yayımlanan açıqlamalarda isə trans və qeyri-heteroseksual insanlara qarşı stereotipləri möhkəmləndirən ifadələrə yer verilib.
Həmin açıqlamalarda “uşaqlar qarşısında cinsi azlıqlarla bağlı təbliğat yolverilməzdir” kimi ifadələr işlədilərək, bir daha cəmiyyətin bir hissəsinə qarşı etik və elmi əsası olmayan qorxu ritorikası formalaşdırılıb.
Media etikası və məsuliyyət çağırışı
Azərbaycanın kuir mediası olaraq Minority Azərbaycan bildirir ki, jurnalistika cəmiyyətə məlumat vermək, həqiqəti obyektiv şəkildə çatdırmaq üçündür, nifrət və qorxu yaymaq üçün deyil.
Hər bir media qurumu bilməlidir ki, insanların gender kimliyi, seksual oriyentasiyası və ya görünüşü əsasında onları hədəfə almaq nə informasiya azadlığı, nə də ictimai maraqla əsaslandırıla bilər. Bu, sadəcə etikanın, peşəkarlığın və insan ləyaqətinin pozulmasıdır.
Əgər kimlərsə jurnalist adı ilə cəmiyyətin bir qrupuna qarşı nifrət püskürdürsə, bu, jurnalistika deyil, manipulyasiya və zərərli təbliğatdır.
Qeyd edək ki, Samira Şah Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur və bir çox yerli mədəniyyət tədbirlərində çıxış edib. Müğənni həmçinin, mədəniyyətin bərabərlik və hörmət dəyərlərini təmsil etdiyini vurğulayıb.
Powered by Froala Editor