Hüquqşünas Əkrəm Həsənov LGBTQİ+fob fikirlər səsləndirib

Hüquqşünas Əkrəm Həsənov Pravda.az saytına verdiyi açıqlamada LGBTQİ+larla bağlı fobik bəyanatlar səsləndirib. O, bir sıra ölkələrdə qəbul edilən “LGBT təbliğatının qadağan edilməsi” ilə bağlı qanunları nümunə göstərərək, Azərbaycanda da oxşar məhdudiyyətlərin tətbiq olunmasını müdafiə etdiyini bildirib.

Açıqlamasında Həsənov LGBTQİ+ların mövcudluğunu “cəmiyyət üçün problem” kimi təqdim edib, onların açıq görünürlüğünü “təbliğat” adlandırıb və “qadağan edilməli” olduğunu deyib. O, bəzi tanınmış insanların öz LGBTQİ+ kimliyini gizlətməməsini də “cəmiyyətin pozulması” ilə əlaqələndirib.

Həsənov iddia edib ki, “normal insanlar təbliğat nəticəsində özündə nəsə axtarmağa başlayır”, SSRİ dövründə homoseksuallığın cinayət sayıldığını xatırladıb və beynəlxalq insan hüquqları konvensiyalarını “bu məsələyə göz yummaqda” günahlandırıb.

Beynəlxalq hüquq normalarında isə “LGBT təbliğatı” anlayışı mövcud deyil. Bir çox ölkələrdə bu termin LGBTQİ+lara qarşı ayrı-seçkilik və senzura üçün istifadə olunan siyasi konstruksiya kimi qiymətləndirilir.

Azərbaycanın da tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyası seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyi qadağan edir və şəxslərin öz kimliyini ifadə etmək hüququnu qoruyur.

Mütəxəssislər bildirirlər ki, LGBTQİ+ görünənliyinin məhdudlaşdırılması ilə bağlı çağırışlar ifadə azadlığı, şəxsi həyata hörmət və bərabərlik prinsipləri ilə ziddiyyət təşkil edir və bir sıra ölkələrdə insan hüquqları sahəsində geriləmələrə yol açıb.



Powered by Froala Editor