Polşada “birgəyaşayış” qanun layihəsi irəli sürülüb
Polşa hökuməti eynicinsli cütlüklərin hüquqi statusunu qismən yaxşılaşdırmağı hədəfləyən “birgəyaşayış” qanun layihəsini təsdiqləyib
03/Jan/26
211
Polşada “birgəyaşayış” qanun layihəsi irəli sürülüb
Polşa hökuməti eynicinsli cütlüklərin hüquqi statusunu qismən yaxşılaşdırmağı hədəfləyən “birgəyaşayış” qanun layihəsini təsdiqləyib. Avropa Birliyində LGBTQİ+ hüquqlarının ən məhdud olduğu ölkələrdən biri sayılan Polşada bu addım eynicinsli münasibətlərə ilk dəfə rəsmi tanınma gətirir.
Reuters agentliyinin məlumatına görə, layihə genderindən asılı olmayaraq iki nəfərin notariat qaydasında “birgəyaşayış müqaviləsi” imzalamasına imkan verir. Sənəd mənzil hüquqları, aliment, səhiyyə məlumatlarına və tibbi sığortaya çıxış, birgə vergi bəyannaməsi və bəzi vergi güzəştlərini əhatə edir. Bununla belə, layihə eynicinsli nikahın leqallaşdırılmasını nəzərdə tutmur. Qeyd edək ki, eynicinsli evlilik Polşada hələ də qadağandır.
Qanun layihəsi dekarbın 30-da hökumət tərəfindən təsdiqlənib və hazırda Avropayönlü baş nazir Donald Tusk hökuməti sənədin millətçi mövqeyi ilə tanınan prezident Karol Navrotski tərəfindən təsdiqlənəcəyini gözləyir. LGBTQİ+ təşkilatları isə sənədi böyük məyusluqla qarşılayıb, lakin bunun parlamentdən keçmək ehtimalı olan yeganə tənzimləmə ola biləcəyini bildiriblər.
Polşada fəaliyyət göstərən Homofobiyaya Qarşı Kampaniya Qrupu açıqlamasında deyib:
“Bu, qələbə anı deyil. Donald Tusk hökumətinin iki ilindən sonra iqtidar koalisiyası nəhayət ortaq bir təklif üzərində razılaşıb. Bu, illərdir mübarizə apardığımız qanun deyil — böyük gözləntilərə verilmiş son dərəcə məhdud cavabdır və mövcud şəraitdə müəyyən qədər hüquqi təhlükəsizlik yarada biləcək yeganə variantdır.”
Əhalisinin böyük hissəsi katolik olan Polşa eynicinsli cütlüklərin tanınmasına ictimai dəstəyin artmasına baxmayaraq, LGBTQİ+ hüquqları sahəsində Avropa Birliyinin ən məhdudlaşdırıcı ölkələri sırasında qalır. 2023-cü ildə hakimiyyətə gələn Donald Tusk hökuməti əvvəlki ultra-mühafizəkar siyasətləri geri çevirməyi vəd etsə də, abort və LGBTQİ+ hüquqları sahəsində islahatlar koalisiya daxilindəki mühafizəkar qüvvələrin müqaviməti və sağ-millətçi dairələrdən gələn veto təhdidləri səbəbilə ciddi maneələrlə üzləşib.
Powered by Froala Editor