Şimali Osetiyada məhkəmə kişini “konversiya terapiyası”na göndərib

OC Media və Azadlıq Radiosunun yaydığı məlumata görə, Şimali Osetiyanın Ardon Rayon Məhkəməsi yerli sakini “pornoqrafik materialların hazırlanması və yayılması” ittihamı ilə təqsirli bilərək onu məcburi psixiatrik nəzarət və müalicəyə — faktiki olaraq “konversiya terapiyası”na cəlb edib.

Məhkəmə qərarına əsasən, yalnız T.K. baş hərfləri ilə təqdim olunan şəxs Telegram vasitəsilə bir neçə istifadəçiyə intim fotolar göndərib. İş materiallarında bildirilib ki, göndərilən şəkillərin bir qismi internetdən yüklənib, digərləri isə telefon kamerası ilə şəxsən çəkilib. Fotolar arasında kişi cinsiyyət orqanının təsvirləri də olub.

İstintaq orqanları iddia edib ki, bu hərəkətlər “pornoqrafik materialların yayılmasına” və alıcılar arasında “ənənəvi olmayan cinsi münasibətlərə marağın oyadılmasına” yönəlib. Yazışmalar aşkar edildikdən sonra polis əməkdaşları iki “ictimai nümayəndə”nin iştirakı ilə şəxsin evinə gələrək telefonunu müsadirə ediblər. Daha sonra cihaz polis idarəsində yoxlanılıb və şəkillər cinayət işinə əlavə edilib.

İstintaq çərçivəsində T.K. ambulator psixoloji-psixiatrik ekspertizaya göndərilib. Ekspert komissiyası onun “homoseksual tipli seksual orientasiyaya” malik olduğunu iddia edib və rəyində davranışlarını “təkrarlanan cinsi istəklərə zəif nəzarət” kimi xarakterizə edib. Eyni zamanda bildirilib ki, bu xüsusiyyətlər cinayət məsuliyyətini istisna etmir, lakin şəxsin hərəkətlərinin “ictimai təhlükəsini tam dərk etmə qabiliyyətini məhdudlaşdırır”. Məhkəmə bu rəyi məcburi ambulator psixiatrik nəzarət və müalicə üçün kifayət əsas kimi qəbul edib.

Qərarda həmçinin qeyd olunur ki, təqsirləndirilən şəxs əvvəllər də seksual davranışı ilə bağlı hüquq-mühafizə orqanları ilə “problemlər” yaşayıb, lakin bu halların detalları açıqlanmayıb.

Məhkəmə iclasında T.K. ittihamı tam etiraf edib, peşman olduğunu bildirib və əlavə izahat verməkdən imtina etmək hüququndan istifadə edib. Bu hallar yüngülləşdirici amil kimi nəzərə alınıb.

Nəticədə, məhkəmə onu üç il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib, iki il sınaq müddəti təyin olunub. Ona yaşayış yerini xəbərdarlıq etmədən dəyişməmək və mütəmadi olaraq qeydiyyata düşmək öhdəliyi qoyulub. Müsadirə edilən telefon sahibinə qaytarılıb, lakin şəkillərin saxlandığı elektron daşıyıcıların iş materiallarında qalacağı bildirilib.

Bu hadisə Rusiyada seksual orientasiya ilə bağlı qanunvericiliyin və hüquq-mühafizə praktikasının daha da sərtləşdiyi bir dövrdə baş verib. 2024-cü ilin noyabrında Rusiyada mövcud olmayan “beynəlxalq LGBT hərəkatı” qadağan edilib, 2025-ci ilin martında isə “ekstremist və terrorçu təşkilatlar” siyahısına salınıb. Rəsmi qurumlar bu uydurma “hərəkatın” guya “ictimai və dini nifaq yaydığını” iddia edib.

Powered by Froala Editor