Türkiyəli müğənni Mabel Matiz məhkəmə qarşısında

Türkiyəli müğənni Mabel MatizPerperişan” adlı mahnısına görə “ədəbsizlik” iddiası ilə açılan cinayət işi üzrə ilk dəfə hakim qarşısına çıxıb. Mahkəmə zamanı hakim Matizdən “Bu mahnı bir kişiyəmi yazılıb?” sualını soruşub.

Mabel Matiz isə cavabında deyib: “Bu sualı üzücü və qəlb sındırıcı hesab edirəm. Əgər bu sözləri bir arabesk sənətçisi desəydi, yəqin ki, eyni sual verilməzdi. Hər kəs hər kəs üçün yaza bilər. Bunun sərhədlərini mənim çəkməyim doğru deyil.”

İttihamnamədə “Perperişan” mahnısının sözlərinin dolayısı yolla seksual istəyi təşviq etdiyi, erotik çağırışlar ehtiva etdiyi və uşaqlar üçün “təhlükə” yaratdığı iddia olunub. Prokurorluq Matizin 6 aydan 3 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edib.

Hakimin mahnıdakı bəzi ifadələrin mənası ilə bağlı sualına cavab verən Matiz bildirib ki, əsər xalq ədəbiyyatına istinad edir və erotik məna daşımır: “Bu mahnı türküdən çıxmış bir mahnıdır. ‘Cici toy bebe’ yetkin bir insanı ifadə edir. ‘Quş’ isə xalq ədəbiyyatında qismət deməkdir. Burada ima edilən seksual məna yoxdur.”

Matizin vəkili çıxışında açıq şəkildə qeyd edib ki, yalnız çağırışlar erotizm sayıla bilər, lakin bu cinayət tərkibi demək deyil. O həmçinin məhkəmədə səslənən sualların seksual orientasiya üzərindən qurulmasına diqqət çəkib: “Ali Məhkəmənin seksuallığın bütün formalarının təbii olduğuna dair qərarları var. Ortada maddi cinayət tərkibi yoxdur. Müvəkkilin əsərini ictimai təzyiq altında dəyişməyə məcbur etmək sənət azadlığının pozulmasıdır.”

Məhkəmə işin Ailə və Sosial Xidmətlər Nazirliyinə göndərilməsi və “Azyaşlıları Zərərli Nəşrlərdən Qoruma” orqanından rəy alınması barədə qərar çıxarıb. Növbəti məhkəmə iclası 27 marta təyin olunub.

Mabel Matiz-in “Perperişan” mahnısı CİMER (Türkiyə Respublikası Prezidentliyinin Əlaqə Mərkəzi) üzərindən edilən şikayətlərdən sonra hədəfə alınıb. Ailə və Sosial Xidmətlər Nazirliyi mahnının “ailə institutuna zərər verə biləcəyini” iddia edərək onun yayımdan çıxarılmasını tələb edib. Daxili İşlər Nazirliyi isə Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsi (ədəbsizlik) ilə bağlı prokurorluğa müraciət edib.

Mabel daha əvvəl “cəmiyyətin və ictimai sağlamlığın bir mahnıdan bu qədər asanlıqla zərər görəcəyinə inanmaq istəmirəm. Bu hekayədə mənim harada durduğumun qərarını sizin vicdanınıza buraxıram,” deyə qeyd edib. 


Yerli kuir medianın əhəmiyyəti və necə dəstək ola bilərsiniz

Cənubi Qafqaz və xüsusilə Azərbaycan kimi regionlar üçün müstəqil kuir media lüks deyil — həyati zərurətdir. Əsas media çox vaxt kuir təcrübələri ya görməzdən gəlir, ya da təhrif edir, rəsmi mənbələr isə onları ümumiyyətlə istisna edir. Məhz bu boşluğu Minority Azərbaycan doldurur: ingilis və Azərbaycan dillərində araşdırma jurnalistikası, şəxsi təcrübə hekayələri, kontekstual analiz və maarifləndirici məzmun istehsal edir.

Əgər real təcrübələrə söykənən, ekspert baxışı və cəsarətli jurnalistika ilə seçilən müstəqil kuir mediaya dəyər verirsinizsə, Minority Azərbaycanı Patreon vasitəsilə dəstəkləmək haqqında düşünün. Abunəliklər məqalələrin, multimedia hekayələrinin, icma reportajlarının və başqa cür işıq üzü görməyəcək hüquq-yönlü jurnalistikanın maliyyələşdirilməsinə imkan yaradır. Ayda cəmi 3 avro dəstəyiniz, görünənliyin özünün belə riskli olduğu mühitlərdə azərbaycanlı kuir səslərin eşidilməsini mümkün edir.

Müstəqil LGBTQİ+ medianı bu gün dəstəkləyin —

Minority Azərbaycan Patreon abunəçisi olun.

Powered by Froala Editor