Kuirlər, İş və Maliyyə Sabitliyi
Maliyyə təhlükəsizliyi heç vaxt yalnız rəqəmlərlə bağlı deyil
13/Jan/26
79
Kuirlər, İş və Maliyyə Sabitliyi
Maliyyə təhlükəsizliyi heç vaxt yalnız rəqəmlərlə bağlı deyil. Kuirlər üçün bu, iş yerində görünürlük, təhlükəsizlik və hörmətlə birbaşa əlaqəlidir. Ayrı-seçkilik, sərt gender rolları və dəstəkləyici qanunların olmaması səbəbindən bir çox kuir işçi karyeralarına dezavantajlı vəziyyətdə başlamaq məcburiyyətində qalır. Müxtəlif iş sahələrindən və təcrübələri olan kuirlərin iştirakı ilə keçirilən qrup müzakirəsində icma iş, pul və sağ qalma arasında balans qurmaq təcrübələrini bölüşüb. Onların hekayələri təkcə üzləşdikləri iqtisadi qeyri-sabitliyi deyil, həm də inkişaf etmələrinə mane olan struktur baryerləri üzə çıxarır.
Gender, Güc və Maaş
Film sahəsində çalışan bir kuir qadın kişi həmkarları ilə müqayisədə qarşılaşdığı əlavə maneələri belə təsvir edib:
“Hazırda maliyyə vəziyyətim çox ağırdır. Xüsusilə kuir qadın kimi çətinlik çəkirəm. Film sənayesindəyəm və bu sahə əsasən kişilərin üstünlük təşkil etdiyi bir mühitdir. İşimi görmək üçün maliyyə və ya layihələr tapıram, amma yenə də heç kim pulu birbaşa mənə ödəmək istəmir. Ödəniş etmək üçün prodüser tələb edirlər və əksər hallarda prodüserlər kişilər olur.”
O əlavə edib ki, hətta ödəniş ediləndə belə proses ayrı-seçkiliklə müşayiət olunur:
“Kişilərlə işləyəndə pulu dərhal köçürürlər. Qadın rejissorlarla isə həmişə bəhanələr gətirirlər — məsələn, vergi nömrən varmı? — və ödənişi gecikdirirlər.”
Başqa bir qadın rejissor ona bildirib ki, davamlı gender əsaslı münasibətə görə kişi prodüserlərlə ümumiyyətlə işləməkdən qaçır, amma qadın prodüser tapmaq son dərəcə çətindir. Nəticədə layihələr yarımçıq qalır, pul itirilir və kuir/qadın perpektivindən olan təsirli hekayələr danışılmamış qalır.
Özünü Gizlətmə Məcburiyyəti
Bir çox kuir işçi üçün ən əsas dilemma iş yerində kimliyini açıqlayıb-açıqlamamaqdır. Gey kişi (iştirakçı) bunu belə izah edib:
“Mən heç vaxt iş yerində kimliyimi açıqlamazdım. Bu, birbaşa işimi itirmək təhlükəsi demək ola bilər.”
O vurğulayıb ki, bəzi peşələr — məsələn, bərbərlik və ya “estetika” biznesi, incəlik tələb edən rollar — gey kişilər üçün qəbul edilən sayılır. Bu niş sahələrdən kənarda isə görünürlük riskə çevrilir.
Hətta müxtəlifliyi təşviq etdiyini iddia edən iş yerlərində belə, iştirakçılar kuir işçilərin nadir hallarda bərabər mövqe tapa bildiklərini söylədilər. Məsələn, daxili məlumata görə, yerli banklardan biri LGBTİ+ işçilər üçün kvota tətbiq etmişdi. Zahirdə bu, qoruma vəd etsə də, amma praktikada yeni maneələr yaradıb:
“Kimliyini açıqlasan, səni işdən çıxarmaya bilərlər, amma şüşə tavana dəyirsən. Kişilər arasında səni heç vaxt ciddi qəbul etmirlər. Mizoqiniya ilə üzləşirsən və karyera inkişafın dayanır.”
Təhlükəsizlik Naminə Təcridolma
Bir çox kuirlər ünsiyyəti minimuma endirən işlərə yönəldiklərini bildirib. Çatdırılma, müştəri xidməti və ya dizayn kimi vəzifələr iş yoldaşları və ya müştərilərlə təması azaltdığı üçün daha təhlükəsiz hesab olunur. Bir iştirakçı bu cür işlərin verdiyi rahatlığı belə təsvir edib:
“Komanda ilə çox ünsiyyət qurmaq lazım deyil. Kompüter qarşısında oturub işini görürsən və müştəri ilə təmas üzbəüz olmur. Bu, rahatlıq gətirir.”
Bəziləri üçün bu təcrid seçim deyil, sağ qalma strategiyasıdır. Bu, hər gün sorğu-suala çəkilmək, mühakimə olunmaq və ya təhqirə məruz qalmaq narahatlığını azaldır.
Fürsətlər Üçün Ölkə Xaricinə Baxış
Azərbaycanla Avropa ölkələri arasında maaş və iş mədəniyyəti fərqi tez-tez səslənən mövzu idi. Bir neçə iştirakçı yalnız daha yaxşı maaş üçün deyil, həm də təhlükəsizlik və ləyaqət naminə ölkəni tərk etməyə motivasiya olduqlarını deyiblər.
Satış sahəsində çalışan bir qadın niyə Azərbaycan şirkətlərindən tamamilə uzaq durduğunu belə izah edib:
“Rəhbərlik əsasən kişilərdən ibarətdir. Həmişə görünüşünlə bağlı şərhlər olur və geyimimdə özümü məhdudlaşdırmalı olurdum. Çox narahat idim.”
Hazırda daha çox qadın əməkdaşın olduğu xarici şirkətdə çalışaraq özünü həm daha təhlükəsiz, həm də daha azad hiss edir:
“Mən ümumiyyətlə Azərbaycan şirkətlərində işləmirəm. Xarici şirkətlər həmişə fərqlidir. Komandada daha çox qadın var, özünü güvənli hiss edirsən və hazırkı iş yerimdə seksuallığım barədə açığam. Heç kim bununla bağlı problem yaşamır.”
Kövrək Alternativlər
Kuirlər üçün iş ölkədə iş alternativləri ağla gəldikdə, bəzi müsbət nümunələr də var. Qadınların rəhbərlik etdiyi təşəbbüs və kiçik təşkilatlar kuir işçilər üçün daha inklüziv mühitlər yaradır. Amma iştirakçılar qeyd ediblər ki, bu imkanlar çox etibarsızdır, tez-tez sosial layihələrə və maliyyəyə bağlı olur:
“Daha açıq və qəbuledicidirlər, amma davamlı deyillər. Uzunmüddətli karyera qurmaq üçün etibarlı olmur. Bəzən hətta kvota xətrinə simvolik olaraq işə götürülmüsən kimi hiss edirsən.”
Bu arada, daha böyük və stabil işəgötürənlər — dövlət qurumları və ya dövlət şirkətləri — düşmən mühit kimi təsvir edilib:
“Bizim üçün cəhənnəmdir. Çox ayrı-seçkilik var. Komanda yoldaşları açıq şəkildə kuirfobdur və bu cür qurumlarda iş yerlərində anti-diskriminasiya sənədləri yoxdur.”
Bu səbəbdən bir çox kuirlər frilans, qeyri-sabit və ya az maaşlı işlərə yönəlir. İş məsələsində icma təhlükəsizliklə sabitlik arasında seçim qarşısında olur.
Daimi Nəzarət Altında Yaşamaq
İcma üçün təhlükəli mühitlərdə işləməyin psixoloji yükü də tez-tez vurğulanan məsələ idi. Bir neçə iştirakçı daimi nəzarət altında yaşadıqlarını deyib:
“İnsanlar sərhədlərə hörmət etmirlər. Gey olub-olmadığımı anlamağa çalışırlar. Bu, məni ikili həyat yaşamağa məcbur edir — daim gizlənirəm və ya ittihamları inkar edirəm.”
Bu cür təzyiq davamlı stressə, narahatlığa və psixi sağlamlıq problemlərinə gətirib çıxarır.
Tamamilə Kənarda Qalanlar
Qrupda trans iştirakçılar olmasa da, müzakirədə bəziləri trans icmanın ən sərt şəkildə kənarlaşdırıldığını qeyd ediblər. Onların sözlərinə görə, translar iş bazarında nadir hallarda qəbul olunur və maliyyə baxımından sağ qalmaq üçün kuir bizneslərə, QHT-lərə və ya seks işçiliyinə yönəlməyə məcbur qalırlar.
Nəticə
Bu müzakirə bir məsələni aydın üzə çıxarıb: kuirlərin iş həyatındakı mübarizəsi təkcə gəlirlə bağlı deyil. Kuirlər iş bazarında qeyri-bərabər mübarizə aparır, sistemli ayrı-seçkiliyə məruz qalır və iş yerlərinə uyğunlaşmaq ya da gizlənmək arasında daimi təzyiq görür. Belə hallar isə maliyyə qeyri-sabitliyi yaradır, həm də icma üçün ciddi mental sağlamlıq bahasına başa gəlir.
Eyni zamanda, bu hekayələr davamlılığı və dirənişi də göstərir — insanların daha təhlükəsiz peşələr tapması, öz təşəbbüslərini yaratması, xaricdə imkanlar axtarması və ya onları diskriminasiya etməyə çalışan sahələrdə yer uğrunda mübarizəni davam etdirməsi. Hələ də çatışmayan isə struktur dəyişikliklərdir: iş yerlərində və qurumlarda anti-diskriminasiya qanunları, bərabər əməkhaqqı və kuirləri kvota kimi deyil, bacarığı, istedadı və danışmağa dəyər hekayələri olan işçilər kimi tanıyan iş yerləri.
Powered by Froala Editor