IGLYO Bakıda kuir-dostu məkana polis reydini pisləyib

Avropada LGBTQİ+ gəncləri təmsil edən IGLYO 26–27 dekabr 2025-ci il gecəsi Bakıda kuir-dostu gecə klubuna Azərbaycan polisi tərəfindən həyata keçirilən zorakı reydlə bağlı bəyanat yayımlayıb. Bəyanat Minority Azərbaycan, Nəfəs LGBTİ, Qıy Vaar! və Onlar Əylənir tərəfindən dəstəklənib.

IGLYO bildirir ki, reyd zamanı 100-dən çox LGBTQİ+ polis bölməsində 10 saatdan artıq saxlanılıb və alçaldıcı rəftara məruz qalıb. Şahid ifadələrinə görə, saxlanılan şəxslər verbal və fiziki zorakılıq, psixoloji təzyiq, təhqir və alçaldıcı suallarla üzləşib. Onların seksual orientasiyası və gender kimliyi ilə bağlı təhqiredici ifadələr səsləndirildiyi, mobil telefonların müsadirə olunaraq şəxsi foto və videolara baxıldığı, barmaq izlərinin götürüldüyü və inzibati xətaya görə cərimələndikləri qeyd olunur.

Bəyanatda vurğulanır ki, ifadələrin miqyası və ardıcıllığı Azərbaycanın beynəlxalq hüquq üzrə öhdəliklərinin, işgəncə və qeyri-insani rəftarın qadağan edilməsi, azadlıq və təhlükəsizlik, eləcə də şəxsi həyata hörmət hüquqlarının pozulması ehtimalını gücləndirir. 

IGLYO-nun açıqlamasında qeyd olunur ki, bu cür reydlər kuir icmanı qorxutmaq, onları ictimai məkanlardan sıxışdırmaq və görünməzliyə məcbur etmək məqsədi daşıya bilər. Minority Azərbaycan isə bildirir ki, Azərbaycanda seksual orientasiya və gender kimliyi əsasında ayrı-seçkiliyi açıq şəkildə qadağan edən hüquqi mexanizmlərin olmaması bu cür halların cəzasız qalması riskini artırır.

IGLYO reydi qətiyyətlə pisləyir, hadisə ilə bağlı müstəqil və effektiv araşdırma aparılmasını, məsul şəxslərin cavabdehlik daşımasını və zərərçəkənlərə kompensasiya verilməsini tələb edir. Təşkilat həmçinin beynəlxalq ictimaiyyəti bu hadisəyə səssiz qalmamağa, təsdiqlənmiş məlumatları paylaşmağa və Azərbaycandakı kuir icma ilə həmrəyliyini açıq şəkildə ifadə etməyə çağırır.

Powered by Froala Editor