HRW: Azərbaycanda LGBTQİ+dostu məkanına brutal polis basqını
Human Rights Watch: Azərbaycanda LGBTQİ+dostu məkanına brutal polis basqını
16/Jan/26
25
HRW: Azərbaycanda LGBTQİ+dostu məkanına brutal polis basqını
Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch Bakıda kuir icması üçün təhlükəsiz məkan kimi tanınan gecə klubunda polis tərəfindən həyata keçirilmiş reyd zamanı onlarla şəxsin saxlanıldığını, saxlanılanların isə zorakılıq, alçaldıcı rəftar və qanunsuz pul tələbi ilə üzləşdiklərini bildirib.
Təşkilatın paylaşımında deyilir ki, keçən ay baş verən əməliyyat adi asayiş tədbiri təsiri bağışlamayıb və faktiki olaraq seksual orientasiya və gender kimliyinə görə hədəfləmə xarakteri daşıyıb.
HRW-nin istinad etdiyi şahid ifadələrinə görə, polis gecə saatlarında məkana daxil olaraq orada olan şəxslərin mobil telefonlarını müsadirə edib, şifrələri tələb edib və məhkəmə qərarı olmadan şəxsi foto və videoları yoxlayıb. Saxlanılanlardan 100-dən çoxu Nəsimi Rayon Polis İdarəsinə aparılıb və bir neçə saat ərzində soyuq hava şəraitində açıq həyətdə ayaqüstə saxlanılıb. Onlara su və ya yemək verilmədiyi bildirilib.
Təşkilata danışan şahidlər fiziki və psixoloji zorakılıq halları barədə də məlumat veriblər. Bildirilir ki, saxlanılanlardan birinin dişi sındırılıb, bəziləri isə saatlarla tualetə buraxılmayıb. Bir qadının epileptik tutma keçirməsinə baxmayaraq, polis əməkdaşlarının ona təhqiramiz münasibət göstərdiyi iddia olunub.
Human Rights Watch-un məlumatına görə, polis bölməsində saxlanılan şəxslərdən hüquqi əsas göstərilmədən biometrik məlumatlar götürülüb, məcburi narkotik testlərinə cəlb ediliblər. Saxlanılanlar həmçinin seksual orientasiya və şəxsi həyatları ilə bağlı alçaldıcı suallarla üzləşdiklərini bildiriblər.
HRW qeyd edib ki, saxlanılan şəxslər yalnız “xırda xuliqanlıq” adı altında yerindəcə 30–150 manat məbləğində pul ödədikdən sonra buraxılıblar. Təşkilat bu praktikanı faktiki şantaj və qanunsuz pul tələbi kimi qiymətləndirib.
Bu hadisə, təşkilatın vurğuladığına görə, 2017-ci ildə Bakıda LGBTQİ+lara qarşı həyata keçirilmiş kütləvi saxlamaları xatırladıb. Həmin əməliyyatlar zamanı işgəncə və ayrı-seçkilik halları sənədləşdirilmiş, 2024-cü ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hakimiyyətinin işgəncə və ayrı-seçkilik qadağasını pozduğunu tanımışdı. Buna baxmayaraq, HRW bildirib ki, bu günədək məsul şəxslər cəzalandırılmayıb.
Hadisədən sonra Daxili İşlər Nazirliyi reydlə bağlı rəsmi açıqlama verməyib. Polisə yaxın sosial media hesablarında isə əməliyyatın guya “etik olmayan davranışlar”la bağlı sakin şikayətlərinə əsaslandığı iddia olunub və saxlanılanların telefonlarından götürüldüyü ehtimal edilən görüntülər paylaşılıb.
Human Rights Watch Azərbaycan hakimiyyətini saxlanılanların zorakılıq və şantajla bağlı iddialarını təcili, müstəqil və qərəzsiz şəkildə araşdırmağa və seksual orientasiya və gender kimliyindən asılı olmayaraq hər kəs üçün ayrı-seçkilikdən qorunmanı təmin etməyə çağırıb.
Təşkilat vurğulayıb ki, Minority Azərbaycan və digər yerli mənbələrin sənədləşdirdiyi bu reydlər kuir icmasının qorxudulması və ictimai məkandan sıxışdırılması riskini daha da artırır.
Powered by Froala Editor