Qlobal araşdırma: anti-LGBTQİ+ qərəz və yoxsulluq
Qlobal araşdırma anti-LGBTQİ+ qərəzlə iqtisadi qeyri-təhlükəsizlik arasındakı dərin əlaqələri üzə çıxarır
19/Jan/26
32
Qlobal araşdırma anti-LGBTQİ+ qərəzlə iqtisadi qeyri-təhlükəsizlik arasındakı dərin əlaqələri üzə çıxarır
Həmidə Qiyasbəyli
Araşdırma göstərib ki, yoxsulluq anti-LGBTQİ+ münasibətlərin yaratdığı zərəri kəskin şəkildə artırır və iqtisadi cəhətdən qeyri-təhlükəsiz vəziyyətdə olan LGBTQİ+lar dünya üzrə daha dərin psixoloji və sosial zərərə məruz qalırlar.
Yeni və əhatəli beynəlxalq tədqiqat qlobal miqyasda anti-LGBTQİ+ münasibətlərlə iqtisadi çətinliklər arasında birbaşa əlaqə olduğunu ortaya qoyub. Tədqiqat göstərir ki, iqtisadi baxımdan həssas vəziyyətdə olan LGBTQİ+lar struktur və fərdlərarası ayrı-seçkiliyin nəticələrindən qeyri-mütənasib dərəcədə daha çox zərər görürlər.
Nature Human Behaviour jurnalında dərc olunan bu araşdırma Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS), UNAIDS və LGBTQİ+ icma tərəfdaşlarının əməkdaşlığı nəticəsində hazırlanıb. Araşdırma bu sahədə indiyədək aparılmış ən geniş tədqiqatlardan biri hesab olunur və 153 ölkədən 82 mindən çox LGBTQİ+ iştirakçının məlumatlarını əhatə edir.
Bu tədqiqatın əsasını təşkil edən “Qlobal LGBTQ+ Xoşbəxtlik Sorğusu” institusional, icma və ailə səviyyələrində homofobiyanın müxtəlif formalarını iştirakçıların sosial-iqtisadi vəziyyəti ilə birlikdə araşdırıb. Nəticələr açıq şəkildə göstərir ki, homofobiya bütün LGBTQİ+lara eyni cür təsir etmir: iqtisadi qeyri-təhlükəsizlik homofobiyanın yaratdığı psixoloji və sosial zərəri daha da dərinləşdirir. Maliyyə baxımından qeyri-sabit vəziyyətdə olan iştirakçılar subyektiv rifah səviyyəsinin xeyli aşağı olduğunu və xüsusilə, ailə və yerli icmalar daxilində daha çox rədd edilmə ilə üzləşdiklərini bildiriblər.
Əksinə, iqtisadi təhlükəsizlik qoruyucu rol oynayır. Araşdırma göstərib ki, homofob mühitlə fərdi rifah arasındakı mənfi əlaqə maliyyə baxımından sabit olan LGBTQİ+lar üçün iqtisadi cəhətdən həssas olanlarla müqayisədə təxminən iki dəfə azalır. Bu o deməkdir ki, daha varlı LGBTQİ+lar cəmiyyətdə mövcud olan anti-LGBTQİ+ qərəzin emosional təsirini qismən azaltmaq və ya ondan “qaçmaq” imkanına malikdirlər — bu imkan isə iqtisadi baxımdan həssas vəziyyətdə olan şəxslər üçün mövcud deyil.
Araşdırma müxtəlif regionlar üzrə ailə daxilində rədd edilmənin ən zərərli ayrı-seçkilik forması olduğunu müəyyən edib. Ailə daxilində baş verən fərdlərarası düşmənçilik çox vaxt institusional ayrı-seçkilikdən daha ciddi şəkildə rifahı sarsıdır və yaxın sosial mühitdə rədd edilmənin dərin emosional təsirini ön plana çıxarır.
Regional fərqlər də kəskin olub. Yaxın Şərq və Şimali Afrika regionlarında iştirakçılar ən aşağı subyektiv rifah göstəricilərini qeyd ediblər. Onları Şərqi Avropa və Mərkəzi Asiya regionları izləyib; bu bölgələrdə struktur homofobiya və iqtisadi bərabərsizliklər LGBTQİ+lar üçün məhdud hüquqi və sosial təminatlarla üst-üstə düşür.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, nəticələrin əhəmiyyəti yalnız akademik müstəvi ilə məhdudlaşmır. Onların fikrincə, iqtisadi qeyri-təhlükəsizliklə homofobiyanın birgə təsiri LGBTQİ+ların sosial və sağlamlıq riskləri ilə mübarizə aparmaq qabiliyyətini zəiflədir. Bu risklərə təhlükəsiz olmayan seksual davranışlara daha çox məruz qalma və əsas səhiyyə xidmətlərinə çıxışda maneələr daxildir.
Xüsusilə diqqətçəkən məqamlardan biri odur ki, İİV statusundan xəbərsiz olan iştirakçılar ən aşağı rifah göstəricilərini bildiriblər. Bu da sosial stiqmanın profilaktik və ümumi səhiyyə xidmətlərinə çıxışda yaratdığı maneələrlə bir daha əlaqələndirilir.
Bu nəticələrə əsaslanaraq, tədqiqatçılar yalnız ayrı-seçkiliyə abstrakt şəkildə qarşı çıxmaqla kifayətlənməyən, daha hədəfli ictimai siyasətlərin hazırlanmasına çağırırlar. Onlar xüsusilə iqtisadi baxımdan ən aşağı təbəqələrdə olan LGBTQİ+ların üzləşdiyi çoxqatlı həssaslıqları aradan qaldırmağa yönəlmiş tədbirlərin — anti-qərəz təhsili, iqtisadi dəstək mexanizmləri və inklüziv ictimai səhiyyə strategiyalarının — vacibliyini vurğulayırlar.
Powered by Froala Editor