AŞPA konversiya praktikalarının qadağan olunmasına çağırıb

Avropa Şurası Parlament Assambleyası konversiya praktikalarının qadağan olunmasına çağıran qətnamə qəbul edib

Bu həftə Strasburqda Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzv dövlətləri seksual orientasiya, gender kimliyi və gender özünüifadəsini dəyişdirməyə və ya boğmağa yönələn konversiya praktikalarını qadağan etməyə çağıran qətnamə qəbul edib. Qətnamə hökumətlərdən bu praktikaların bütün formalarını əhatə edən qanunvericilik tədbirləri görməyi, zərərçəkənlər üçün dəstək xidmətlərini gücləndirməyi və ictimai maarifləndirmə aparmağı tələb edir.

Sənəd hüquqi baxımdan məcburi olmasa da, beynəlxalq insan hüquqları standartı kimi təqdim olunur və milli hakimiyyətlər üçün ətraflı yol xəritəsi yaradır. Qətnamədə konversiya praktikalarının LGBTQİ+ların ləyaqətinə və hüquqlarına ciddi zərər vurduğu, eləcə də psixoloji və sosial nəticələr doğurduğu vurğulanır. Bu mövzu son illər regionda artan dezinformasiya və trans+insklüzivliyə qarşı kampaniyalar fonunda xüsusi aktuallıq qazanıb.

Müzakirələr zamanı ciddi müqavimət də müşahidə olunub. Qətnamənin məruzəçisi, Böyük Britaniyadan olan Leyborist deputat Kate Osbourne gender kimliyi və trans+ların mətndən çıxarılması üçün koordinasiyalı təzyiqlərlə üzləşib. Assambleya üzvlərinə minlərlə anti-trans+ dezinformasiya ehtiva edən məktublar göndərilib və bu məktubların bir hissəsi debatlar zamanı səsləndirilib.

Buna baxmayaraq, Assambleyada partiyalararası əməkdaşlıq nəticəsində inklüziv dil qorunub saxlanılıb. Qətnamə 71 səs lehinə, 26 əleyhinə və 2 bitərəf olmaqla, üçdə iki çoxluqdan artıq dəstəklə qəbul edilib. Sənəd üzv dövlətləri konversiya praktikalarının monitorinqi üçün mexanizmləri və məlumat toplama sistemləri yaratmağa da çağırır.

Qətnamənin qəbulu Avropa institutlarında konversiya praktikalarının insan hüquqları ilə ziddiyyət təşkil etdiyinə dair mövqenin möhkəmləndiyini göstərir. Avropa Şurası çərçivəsində atılan bu addım Azərbaycanda və region ölkələrində hüquqi islahatlar və ictimai müzakirələr üçün yeni təzyiq yaradır, eyni zamanda dezinformasiya və trans+fobiyanın yayılmasına qarşı institusional cavabın vacibliyini önə çıxarır.

Powered by Froala Editor