Onun haqqında...
Ağbəniz idi. Saçları hamar və uzundu. Əndamı şuxdu. Gözləri qaranlıq. Duruşu mükəmməldi. Qaraşındım. Saçlarım buruq və uzundu.
10/Jan/19
7983
Ağbəniz idi. Saçları hamar və uzundu. Əndamı şuxdu. Gözləri qaranlıq. Duruşu mükəmməldi. Qaraşındım. Saçlarım buruq və uzundu. Gözlərim yaşıllıq. Ona ehtiyacım olduğunu hiss edirdim. İstəmirdim yanımdan gedə. Bağlandığım qoxusu vardı. Qoxusu özüm dadırdı. Saçlarını sevirdim. Dodaqlarının tamını da. İlk hissim idi. Bir şeylər baş verirdi və fərqliydi. Məni ilk o öpdü. Öpüşməyi öyrətdi. Sonra sevişməyi. Baxmayaraq, məndən balacaydı, çox şeyi bilirdi. Deyirdi: oğlanla daha dadlı olacaq. Onda belə olmayacaqsan. Daha fərqli olacaq. Hisslərinin tamı dəyişəcək. Məni xatırlamayacaqsan. Sonra da öpüşdüyün, sevişdiyin bütün adamları unudacaqsan. Amma ən sonda-tək qalanda canında məni hiss edəcəksən. Əslində bu sözləri deməmişdi. Uydururam. Belə deməsini istərdim. Çünki, doğrudan, belədir. Onu əzalarımda, hüceyrələrimdə hiss edirəm. Bu hiss qorxuludur. Özümlə mübarizə aparmağa məcburam. Hisslərimi boğmağa da məcburam. Gördüyüm hər qadında onun əndamını, saçlarını, yerişini axtarıram. Hərədə biri var. Amma bütöv o yoxdur. Olmayacaq da. Tamı da olmayacaq. Öpdüyüm heç bir qadında onun rəngarəngliyini tapmadım. Bu axtarış da uşaqcadır, əslində. Olmamalıydı. Ona qarşı monoqamlığım nəyə lazımdır? Mənasızca. Amma alınmır. Ailəlidir. Hamilədir. Xoşbəxt olduğunu sanır, axmaq. Xeyli dəyişib. Əri dərzidir. O gözəl əndamına geyimlər düzəldir. Lənət olsun, o əndamın ən gözəl geyimi məndim... Xatırlamır, bilirəm. Gözünün qarasında o günlərin silindiyini görüb diksinmişdim. Qaranlıq qorxunc idi. Əslində mən də xatırlamıram. Həm də heç. Uzun zamandır ona qarşı sevgimi tablolara çevirirəm. O əndamlı çılpaq qadınlar çəkirəm. Onun tamında rənglərdən istifadə edirəm. Ondan sonra hisslərimi kişilərə çevirdim. Alındı. Sevə bildim. Tərk edildim, tərk etdim. Sevişdim. İmtina etdim. Amma heç bir kişini tablolarımda yaratdığım çılpaq qadınlarım qədər sevə bilmədim. Həmişə tərk etməkdən yana qaldım. Tərk etmək də bir mədəniyyətdi çünki. Çünki gözləmədiyim zamanda tərk edilmişdim.
Donuqlaşmışam. Heç nə hiss etmirəm. Bu hissizliklə hələ min il böyük sevgilər yaşaya bilərəm. Canım təkcə sinəmdə qalıb. Qabırğalarımdan başqa heç yanımı duymuram. Mən ölü deyiləm. Amma məni öldürdülər.
Müəllif: Leyla
Powered by Froala Editor