Fransa nikahda “seksual borc” anlayışını ləğv edir
Fransa nikahda “seksual borc” anlayışını ləğv edən qanun layihəsini qəbul edib
30/Jan/26
32
Fransa nikahda “seksual borc” anlayışını ləğv edir
Fransada Milli Assambleya nikahın seksual münasibət öhdəliyi yaratmadığını açıq şəkildə təsbit edən qanun layihəsini təsdiqləyib. Qanun mülki məcəlləyə dəyişiklik edərək “birgə yaşayışın” seksual münasibətlər üçün hüquqi öhdəlik yaratmadığını dəqiqləşdirir.
Qərar Fransa Milli Assambleyası tərəfindən çərşənbə günü qəbul olunub. Dəyişikliklərə əsasən, nikah daxilində seksual münasibətlərin olmaması artıq “təqsirə əsaslanan boşanma” üçün arqument kimi istifadə edilə bilməz. Qanun layihəsinin müəllifi, Yaşıllar Partiyasından deputat Marie-Charlotte Garin bildirib ki, nikah heç vaxt ömürlük və dəyişməz seksual razılıq kimi qəbul edilə bilməz.
Bu addım uzun illər hüquqi mətnlərdə açıq yazılmasa da, məhkəmə təcrübəsində mövcud olmuş qeyri-müəyyənliyə cavab olaraq atılıb. Fransanın mülki məcəlləsində nikahın əsasları “hörmət, sədaqət, dəstək və yardım” kimi göstərilsə də, bəzi hakimlər “birgə yaşayış” anlayışını zaman-zaman seksual münasibətləri də əhatə edəcək şəkildə şərh ediblər. BBC yazır ki, bu yanaşma xüsusilə qadınların hüquqlarına zidd nəticələrə yol açıb.
Məsələn, 2019-cu ildə bir qadının uzun müddət ərinə seksual münasibətdən imtina etməsi səbəbilə “təqsirli” sayılaraq boşanma qərarı verilib. Həmin qadın işi Avropa İnsan Hüquqları Məhkəməsinə daşıyıb və məhkəmə 2025-ci ildə Fransanı bu praktikanı mümkün etdiyi üçün hüquq pozuntusunda tanıyıb. Bu qərardan sonra analoji hökmlərin verilməsi faktiki olaraq mümkünsüz olsa da, yeni qanun dəyişikliyi hüquqi çərçivəni açıq şəkildə dəqiqləşdirir.
Qanun həmçinin Fransada nikahdaxili zorakılıq və təcavüzlə bağlı daha geniş hüquqi islahatların fonunda qəbul olunub. 2024-cü ildə səs-küy doğuran Mazan işi və son dəyişikliklərlə razılığın “aydın, məlumatlı və geri götürülə bilən” olması prinsipi Fransada seksual toxunulmazlıq anlayışının mərkəzinə gətirilib. Yeni qərar bu yanaşmanı möhkəmləndirərək nikah daxilində də razılığın əsas və dəyişməz hüquq olduğunu bir daha təsdiqləyir.
Powered by Froala Editor