ABŞ-da saxlanılan azərbaycanlı gey kişi azad edilmir
ABŞ-da saxlanılan azərbaycanlı gey kişi həyat yoldaşı ilə ölkəni tərk etməyə razılaşsa da hələ də azad edilmir
19/Feb/26
29
ABŞ-da saxlanılan azərbaycanlı gey kişi həyat yoldaşı ilə ölkəni tərk etməyə razılaşsa da hələ də azad edilmir
ABŞ-da yaşayan azərbaycanlı cütlük, daimi yaşayış icazəsi olan Samir Qədirov və həyat yoldaşı Tural Atakişiyev ABŞ-dan könüllü şəkildə ayrılmağa razılaşsalar da, Tural Atakişiyev yanvarın 14-dən Corciya ştatındakı Stewart saxlanma mərkəzində saxlanılır. Cütlük bildirir ki, məhkəmənin könüllü çıxış qərarını gözlədikləri halda, immiqrasiya xidməti onun saxlanmasını davam etdirir. Bu barədə The Advocate məlumat verib.
Samir Qədirovun sözlərinə görə, onlar sığınacaq üçün müraciət edib, nikah bağlayıb və qanunun tələb etdiyi bütün hüquqi addımları atıblar. Buna baxmayaraq, Tural Atakişiyev immiqrasiya yoxlanışı zamanı saxlanılıb və daha sonra başqa ştata köçürülüb. Cütlük bildirir ki, ABŞ-da qalmaq üçün mübarizə aparmaq əvəzinə, onun sağlamlıq vəziyyətini nəzərə alaraq ölkəni birlikdə tərk etməyi seçiblər. Buna baxmayaraq, saxlanma davam edir.
ABŞ-da eyni-cinsli nikah tanınsa da, immiqrasiya saxlanması şəraitində ailə birliyi təmin olunmur və həyat yoldaşının azadlıqdan məhrum edilməsi davam edə bilir. Cütlük bildirir ki, saxlanma müddətində Atakişiyevin səhhəti pisləşib, çəkisi azalıb və ona təyin edilmiş dərmanların verilməsində gecikmələr olub. Saxlanma mərkəzini idarə edən şirkət isə ümumi olaraq tibbi xidmət və qida təminatının standartlara uyğun olduğunu bəyan edib.
Cütlük artıq ABŞ-da qalmaq istəmədiklərini və Azərbaycana qayıtmağa razı olduqlarını açıq şəkildə bildirir. Bununla belə, Azərbaycanda onların nikahı tanınmır və LGBTQİ+lar geniş yayılmış ayrı-seçkilik və polis təzyiqi ilə üzləşirlər. Bu vəziyyət kuir miqrantların ikiqat risklə üzləşdiyini göstərir - bir tərəfdə saxlanma və hüquqi qeyri-müəyyənlik, digər tərəfdə isə geri dönüş zamanı hüquqi və sosial müdafiənin olmaması.
Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi saxlanmanın səbəbləri ilə bağlı sorğulara cavab verməyib. Samir Qədirov isə bildirib ki, onlar qaydalara əməl etdiklərini düşünür və könüllü çıxışa razılıq versələr də, proses ləngiyir.
Powered by Froala Editor