Türkiyə LGBTQİ+ özünüifadəsini və gender tranzisiyasını hədəfə alıb
Türkiyə LGBTQİ+ özünüifadəsini və gender tranzisiyasını hədəfə alan yeni qanun layihəsini müzakirə edir
24/Feb/26
45
Türkiyə LGBTQİ+ özünüifadəsini və gender tranzisiyasını hədəfə alan yeni qanun layihəsini müzakirə edir
Türkiyə hökuməti, qəbul ediləcəyi təqdirdə, LGBTQİ+ kimliklərinin təşviqinə görə cinayət məsuliyyəti tətbiq edəcək və gender adaptasiyası prosedurlarına məhdudiyyətləri sərtləşdirəcək mübahisəli qanun təklifini yenidən gündəmə gətirib. Bu barədə bir sıra Türkiyə və beynəlxalq media orqanları məlumat yayıb.
İlkin olaraq daha geniş məhkəmə islahatı paketinin tərkib hissəsi olan, lakin sonradan Ədliyyə Nazirliyi tərəfindən ayrıca qanun layihəsi kimi təqdim ediləcəyi bildirilən sənəd həm Türkiyə Cinayət Məcəlləsinə, həm də Türkiyə Mülki Məcəlləsinə ciddi dəyişikliklər təklif edir. Reuters və yerli media mənbələri təşəbbüsü hökumətin “ailə institutunu” və “ümumi ictimai əxlaqı” qorumaq səylərinin bir hissəsi kimi xarakterizə edir.
LGBTQİ+ vəkilliyinə görə yeni cinayət tərkibləri
Qanun layihəsinə əsasən, “bioloji cinsə və ümumi əxlaqa zidd davranış və münasibətləri açıq şəkildə təşviq edən, tərifləyən və ya özəndirən” şəxslər bir ildən üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Tərəfdarları bu müddəanı ənənəvi dəyərlərin müdafiəsi kimi təqdim etsələr də, insan hüquqları qrupları xəbərdarlıq edir ki, bu ifadələr seksual oriyentasiya və ya gender kimliyi ilə bağlı geniş spektrli ifadə formalarını əhatə edə bilər.
Tənqidçilər, o cümlədən beynəlxalq hüquq-müdafiə təşkilatları bildirirlər ki, bu cür qeyri-müəyyən ifadələr LGBTQİ+ kimliyinin sadə şəkildə ifadəsini və ya hüquqların müdafiəsini belə cinayət hesab etməyə yol aça bilər. Human Rights Watch əvvəlki buna oxşar təklifləri son onilliklərin ən ciddi hüquq geriləmələrindən biri kimi qiymətləndirib.
Eyni-cinsli mərasimlər və ictimai həyat
Türkiyədə eyni-cinsli nikah hüquqi olaraq tanınmasa da, qanun layihəsi simvolik eyni-cinsli nişan və ya toy mərasimlərinə görə də yeni ağır cəza tədbirləri nəzərdə tutur. Belə mərasimlərdə iştirak edən şəxslər 4 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Gender adaptasiyası prosedurlarına daha sərt nəzarət
Layihə həmçinin genderin hüquqi tanınması prosedurlarını və gender adaptasiyası prosedurları ilə bağlı tibbi qaydaları yenidən tənzimləməyi nəzərdə tutur. Bildirilən əsas dəyişikliklər bunlardır- gender adaptasiyası əməliyyatları üçün minimum yaş həddinin 18-dən 25-ə qaldırılması; əməliyyatdan əvvəl məhkəməyə müraciət edərək rəsmi icazə alınmasının tələb edilməsi; rəsmi səhiyyə komissiyasının rəyi ilə bir neçə psixiatrik və tibbi qiymətləndirmənin məcburi edilməsi.
Tələb olunan məhkəmə icazəsi olmadan belə əməliyyatların aparılması 3 ildən 7 ilədək həbs və cərimə ilə cəzalandırıla bilər. Əgər prosedur azyaşlıya tətbiq olunarsa və ya lisenziyasız şəxs tərəfindən həyata keçirilərsə, cəza daha da ağırlaşdırıla bilər. Qanunsuz şəkildə əməliyyat etdirən şəxslər isə 1 ildən 3 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Milli və beynəlxalq reaksiyalar
Yerli insan hüquqları təşkilatları təklif olunan qanunu ayrı-seçkiliyi gücləndirən və əsas azadlıqları zəiflədən addım kimi tənqid edirlər. İnsan Hüquqları Dərnəyi (İHD) və LGBTQİ+ hüquqları üzrə fəaliyyət göstərən qurumlar layihəni çıx-daş edilmənin legitimləşdirilməsi və vətəndaş azadlıqlarının aşındırılması vasitəsi kimi qiymətləndiriblər.
Beynəlxalq müşahidəçilər və hüquq-müdafiə qurumları da “bioloji cins” və “ictimai əxlaq” anlayışlarına yönəlmiş dəyişikliklərin ifadə və birləşmək azadlığını məhdudlaşdırmaq üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edirlər. Bu, LGBTQİ+ mövzularında media işıqlandırmasını və vətəndaş cəmiyyəti fəallığını da əhatə edə bilər.
Siyasi kontekst
Təklif olunan tədbirlər Türkiyədə gender və ailə siyasəti ilə bağlı davam edən mədəni və siyasi müzakirələr fonunda irəli sürülür. Prezident Receb Tayyib Erdoğan 2025-ci ili “Ailə ili” elan edərək demoqrafik narahatlıqlara yönəlmiş daha geniş siyasət çərçivəsində mühafizəkar ictimai dəyərləri vurğulayıb. Tənqidçilər bildirirlər ki, bu yanaşma LGBTQİ+ görünənliyinə və fəallığına qarşı artan məhdudiyyətlərlə müşayiət olunur.
Powered by Froala Editor