Əvəz Hafizlinin xatirəsi Şamaxıda və Tbilisidə anılıb
Əvəz Hafizli 22 fevral 2022-ci ildə əmisi oğlu, 24 yaşlı Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib
23/Feb/26
17
Əvəz Hafizlinin xatirəsi Şamaxıda və Tbilisidə anılıb
22 fevral 2026-cı ildə kuir icma üzvləri və vətəndaş cəmiyyəti təmsilçiləri 2022-ci ildə qətlə yetirilmiş LGBTQİ+ fəalı və jurnalist Əvəz Hafizlinin Şamaxının Şıxhazırlı kəndində yerləşən məzarını ziyarət ediblər. Eyni günlərdə Tbilisi küçələrində onun xatirəsinə həsr olunmuş posterlər asılıb.
Əvəz Hafizli 22 fevral 2022-ci ildə əmisi oğlu, 24 yaşlı Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib. Yerli LGBTQİ+ fəalları qətli homofob motivli və ailə “şərəfi” adı ilə əsaslandırılan zorakılıq kimi qiymətləndiriblər.
Əvəz Hafizlinin məzarı üzərinə başdaşı qoyulmasına ailəsi tərəfindən icazə verilməyib. İcma üzvləri iki il əvvəl ianə toplayaraq başdaşı hazırlamaq istəsələr də, buna imkan verilməyib. Bu fakt kuir kimliyin ölümündən sonra belə görünməz saxlanılması cəhdlərini göstərir. Məzara başdaşı qoyulmaması və xatirənin gizli saxlanılması istəyi ailə institutu daxilində kuir kimliyin inkarı və silinməsi kimi qəbul edilir.
Qətl işi üzrə istintaq və məhkəmə prosesi də LGBTQİ+ icması üçün narahatlıq doğurub. Əmrulla Güləliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi - qəsdən adam öldürmə ilə ittiham olunub. LGBTQİ+ fəalları bildiriblər ki, qətlin qəddar şəraiti və meyit üzərində törədilmiş əlavə zorakılıq halları nəzərə alınmayıb, həmçinin nifrət motivi ağırlaşdırıcı hal kimi qiymətləndirilməyib. Məhkəmə iclaslarına vətəndaş cəmiyyəti nümayəndələrinin buraxılmaması, məhdud sayda iştirak icazəsi verilməsi və ailə üzvlərinin zərərçəkmiş tərəf kimi mövqeyi kuir icma üçün hüquqi müdafiə imkanlarının məhdudluğunu göstərib.
Əvəz Hafizlinin qətli 2021-ci ildə sosial şəbəkələrdə yayılan və LGBTQİ+lara, xüsusilə translara qarşı fiziki “təmizlənmə” çağırışları ilə müşayiət olunan çıxışlardan sonra baş verib. 7 iyul 2021-ci ildə Sevinc Hüseynova tərəfindən paylaşılan videodan sonra trans qadınlar polisə müraciət etsələr də hüquqi tədbir görülməyib. Ardınca Xırdalanda və digər ərazilərdə LGBTQİ+lara hücumlar, o cümlədən trans qadın Nurayın yandırılmış cəsədinin tapılması qeydə alınıb. Əvəz Hafizli həmin hücumlara və nifrət ritorikasına qarşı etiraz aksiyalarının təşkilatçılarından olub, Baş Prokurorluq qarşısında özünü zəncirləyib və təkadamlıq aksiya keçirib. Buna baxmayaraq, onun rəsmi müraciətləri nəticəsiz qalıb.
Powered by Froala Editor