Belarusda "eynicinsli münasibətlərin təbliği" adlandırılan məzmuna görə cərimələr nəzərdə tutan qanun layihəsi qəbul edilib

13 mart 2026-cı ildə Belarusun Milli Məclisinin Nümayəndələr Palatası inzibati xətalara dair bir sıra normaları dəyişdirən qanun layihəsini ikinci oxunuşda qəbul edib. Sənəddə "eynicinsli münasibətlərin, cinsin dəyişdirilməsinin, uşaqsızlığın və pedofiliyaning təbliği" adlandırılan məzmunu cəzalandıran yeni 19.16-cı maddə yer alır.

13 mart 2026-cı ildə Belarus parlamentinin aşağı palatası kuir və trans kimlikləri və uşaqsızlığı pedofiliyanın yanında eyni maddədə sıralayan qanun dəyişikliklərini qəbul edib. Maddənin mətninə görə, vətəndaşlarda "eynicinsli münasibətlərin, cinsin dəyişdirilməsinin, uşaqsızlığın cəlbedici" və ya "pedofiliyanın yolverilən" olduğu təəssüratını yaratmaq məqsədilə "hər hansı formada məlumatın yayılması" cəzalandırılır.  Qanun hələ prezident Lukaşenkonun imzasını gözləyir.

Fiziki şəxslər üçün 20 baza kəmiyyətinə qədər, fərdi sahibkarlar üçün 100-ə qədər, hüquqi şəxslər üçün isə 100-dən 150 baza kəmiyyətinə qədər cərimə nəzərdə tutulur.

Əgər hakimiyyətin qiymətləndirməsinə görə həmin məlumatla yetkinlik yaşına çatmayan bir şəxs tanış olubsa, cəza kəskin şəkildə artır. Fiziki şəxslər üçün 20-dən 30 baza kəmiyyətinə qədər cərimə, ictimai işlər və ya inzibati həbs nəzərdə tutulur. Fərdi sahibkarlar üçün 100-dən 150-yə, hüquqi şəxslər üçün isə 150-dən 200 baza kəmiyyətinə qədər cərimə müəyyən edilir. 

Bundan əvvəl Belarus Baş prokuroru Andrey Şved ölkədə "eynicinsli münasibətlərə, cinsin dəyişdirilməsinə və könüllü uşaqsızlığa" qarşı mübarizə aparılacağını açıqlayıb. Onun sözlərinə görə, "LGBTİ təbliği" anlayışı altında "internetdə, ictimai çıxışlarda və nəşrlərdə [belə məlumatın] cəmiyyətə çatdırılmasının istənilən forması" başa düşüləcək.

Powered by Froala Editor