“Tranzisiyalar” jurnalının ilk sayı dərc olunub
“Tranzisiyalar” jurnalı və Azərbaycanda trans həyatın kağıza köçürülməsi
18/May/26
63
“Tranzisiyalar” jurnalı və Azərbaycanda trans həyatın kağıza köçürülməsi
MNTR-nin İDAHOBİT günündə dərc etdiyi ilk buraxılış sənədlər, hormonlar və klinika qiymətləri arasındakı boşluğu doldurmağa çalışır. Bu, bir jurnal qədər zərərin azaldılması layihəsidir.
Bakıda yaşayan Orxan ilk dəfə özünün trans olduğunu cosplay şəkillərinə baxarkən düşünüb. Bədənindən və sinəsindən narahat olduğunu o vaxtkı sevgilisinə açıqlayanda, qarşı tərəfin verdiyi cavab cümlə qədər qısa, həyat qədər uzun olub— bu, disforiya ola bilər. Bir neçə araşdırmadan sonra Orxan adını verə bilmədiyi hissin adını tapıb, dostlarına “kaminq aut” edib, saçını sarıya boyadıb və qısa kəsdirib. Ailəsi onu evdən qovub.
Hikmət isə özü haqqında həqiqəti 14 yaşında, yeddinci sinifdə bilib. Uşaqlıqdan oğlanlarla oynamağı, ətək geyməməyi xatırlayırd. Amma “bu ölkədə bunun mümkün” olduğuna inanmırdı. 2021-ci ildə Orxanla tanış olduqda hər şey dəyişib. 2022-ci ildən testosteron qəbul edir. Artıq dörd ildir. “Heç vaxt [elə bir] fikirim olmayıb ki, heyif ki, başlamışam,” deyir. “Məndən olsaydı, elə nə qədər tez başlasaydım, o qədər yaxşı idi.”
Adları şərti olan bu trans maskulen cütlüyün söhbəti testosteronun reseptsiz alınmamasından, Bakıda 2,000 manata tapılan bir mastektomiya cərrahından, Türkiyədə xərclərlə birlikdə 5,500 manata başa gələn başqa bir əməliyyatdan Azərbaycanda paralel bir səhiyyə həyatının portretidir. Bu söhbət Tranzisiyalar jurnalının son hissəsində dərc olunub. Jurnal dünən, yəni Beynəlxalq Homofobiya, Biofobiya və Transfobiya ilə Mübarizə Günündə dərc edilib.
“Bu mövzu Azərbaycanda ya susdurulur, ya lağ obyektinə çevrilir, ya da qorxu ilə danışılır. Biz isə tranzisiyanı real həyatlar, real risklər və real ehtiyaclar üzərindən müzakirə etmək istəyirik.”
“Tranzisiyalar” jurnalı, redaksiya
Boşluğu dolduran cavab
Buraxılışın adı təsadüfən cəm halındadır. Redaksiya yazısı bunu açıq şəkildə izah edir. Kimi yalnız sosial, kimi həm sosial, həm tibbi tranzisiya keçir, bəziləri təhlükəsizlik üçün tibbi tranzisiyanı sosial olandan gizlədir, başqaları yalnız bir mərhələdə dayanır. “Bir-birindən fərqli hallar çoxdur deyə, tranzisiya olduqca şəxsi prosesdir və bu prosesin düzgün və yaxud yanlış yolu yoxdur,” yazır redaktorlar.
Jurnal Nəfəs LGBTİ Azərbaycan Alyansının “Göyqurşağı Müvəkilliyi Akademiyası”nın nəticəsi olaraq ərsəyə gəlib və MNTR-nin translara yönəlik resurs məqsədli ilk addımıdır. Layihənin elan etdiyi məqsəd üç hissədən ibarətdir
Azərbaycan dilində məlumat boşluğunu doldurmaq,
Mövcud resursları trans şəxslərə yönləndirmək
İcmalaşma yaratmaq.
Növbəti buraxılış 17 iyunda gözlənilir. Jurnal oxuculardan ideya və töhfə qəbul edir, əlaqə üçün [email protected] ünvanına yazmağa çağırıb.
Sistemin yoxluğu, icmanın doldurduğu yer
Buraxılışın iddialarından biri hüquqi və institusional bir boşluğun mövcudluğudur. “Azərbaycanda trans insanlarla bağlı standartlaşdırılmış bir proses yoxdur. Yoxmuş kimi davranılır”. ILGA-Avropanın Azərbaycan üzrə hesabatına istinadla trans insanların hormon terapiyasına çıxışının “çox zəif” olduğu, bunun nəticəsində bir hissəsinin tibbi nəzarət olmadan hormon almağa məcbur qaldığı bildirilir. ECOM-un hüquqi mühit analizində qanunvericiliyin trans insanlar üçün birbaşa diskriminasiya müdafiəsi yaratmadığı qeyd edilir. ECRI Azərbaycana genderin hüquqi tanınmasının özünü-təyin etmə əsasında təmin edilməsini tövsiyə edib. Nəfəs və ECOM-un Universal Dövri Baxış (UPR) hesabatında isə trans icmanın polis, təhsil qurumları, iş bazarı və səhiyyə təminatçıları tərəfindən diskriminasiya və zorakılığa qarşı həssas vəziyyətdə olduğu sənədləşdirilib.
Jurnal sənəd prosedurunu da addım-addım izah edir. Sənədlərdə gender dəyişimi yalnız gender adaptasiyası əməliyyatından sonra, həmin əməliyyatı təsdiq edən sənədlə ASAN Xidmətə müraciət etməklə mümkündür. Daxili həkimlərin bu əməliyyatları icra etməməsi başqa bir ölkəyə getmək, sənədləşmək, apostil etmək və geri qayıtmaq zəncirini şərtə çevirir. Ad dəyişikliyi isə yalnız gender-neytral adlara keçidlə mümkündür və “son qəbul olunan qərarlardan sonra kifayət qədər çətinləşib”.
“Trans olmaq təkcə kimlik məsələsi deyil; səhiyyəyə çıxış, sənədlər, ailə, iş, təhlükəsizlik və cəmiyyətin baxışı ilə gündəlik mübarizədir.”
Bu sənəd-həkim-ailə-iş dördbucağı boş qaldıqda boşluğu icma doldurur. Buraxılış açıq şəkildə bu boşluğun pedaqogikasıdır. Hormonal əvəzedici terapiyanın (HRT) bütün formaları, dozaları və yan təsirləri detallı şəkildə sıralanıb: estradiol həbləri, plastırlar, gellər, məhlullar, iynələr və qranullar; antiandrogenlər — spironolakton (Ridakton), bikalutamid, siproteron asetat (Androkur, Diane), GnRH agonistləri, relugoliks, buserelin. Azərbaycanda tapıla bilən brendlər adbaad qeyd olunub: estradiol hemihidrat üçün Klimara və Estramon, estradiol valerat üçün Qleyra.
“Tranzisiya üçün imkanı olmayan insanlar çox vaxt heç nə etmirlər kimi görünürlər. Əslində isə onlar hər gün bədənlərini gizlədirlər, səslərini dəyişirlər, adlarını seçirlər, internetdə məlumat axtarırlar, riskləri hesablayırlar, pul yığırlar, gözləyirlər və ən əsası sağ qalırlar.” Həll yolu qadağa deyil, zərərin azaldılmasıdır. “Riskli davranışı tərifləmək deyil. İnsanların niyə həmin riskli yollara məcbur qaldığını başa düşmək və təhlükəni azaltmağa çalışmaqdır.”
Klinikalar, qiymətlər və yarımrəsmi infrastruktur
“Tranzisiyalar” Bakıdakı beş klinikanın adı və estradiol (E2) ilə testosteron (T) qan testlərinin qiymətləri sadalanıb: Referans Klinikası — 26 və 25 manat; Sağlam Ailə — 27 və 27 manat; Aysmed Klinikası — 16 və 18 manat; Memorial Hospital — hər ikisi 20 manat; İnci Lab — 20 və 22 manat. “Digər klinikalarda da eyni testlər bənzər qiymətlərdədir.”
Trans icma üçün qan testinə çıxış HRT-nin təhlükəsiz aparılmasının əsas şərtidir. Estradiolu 100 pg/mL-dən yuxarı, ümumi testosteronu 50 ng/dL-dən aşağı saxlamaq transfeminin HRT-nin “ən vacib komponenti”dir. Azərbaycanda heç bir trans-spesifik səhiyyə proqramı olmadığı halda, bu jurnal bu funksiyanı öz üzərinə götürür və oxucusuna “bu testi haradan və neçəyə verə bilərsən” cavabını qoyur. Belə bir cədvəlin nəşri özlüyündə bir növ yarımrəsmi infrastruktur işidir.
“Heyif ki, başlamışam” deyil, “nə qədər tez, o qədər yaxşı”
Buraxılışı bitirən üç səhifəlik T4T cütlük müsahibəsi yalnız tibbi detallarla məhdudlaşıb, kirayə, sevgi, ad dəyişdirmə prosesi kimi mövzular sonrakı nömrələrə saxlanılıb. İlk buraxılış mütləq tibbə fokuslanılıb, çünki yarımrəsmi məlumat çatışmazlığı, açıq nadanlıq, mifə dönmüş qorxular sağlamlığa zərər vermək həddinə çatıb. Müsahibədə Orxan testosteronun səsini dəyişdiyindən, mahnı oxuya bilmədiyindən gileylənib. Hikmət heç bir narahatlığı olmadığını, hər şeyi sevdiyini qeyd edib. Mastektomiyadan sonra ilk gecə sarğı və korsetlə əzablı keçib, sağalma təxminən bir həftə çəkib.
“Mənim bəxtim gətirdi ki, bir həkim tapdım, o razılaşdı, mənə kömək etməyi qəbul etdi,” Orxan bildirib. Hikmət isə “tapılmadı və bundan sonra biz Türkiyəyə getməli olduq,” deyib.
“Bəxtim gətirdi ki, bir həkim tapdım. Sadəcə adını deməyəcəm. Təxmini 2,000 manat istəmişdi.”
— Orxan
Powered by Froala Editor