VII Sevi̇lfest "Dra(q)mati̇k" proqramını açıqlayıb
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı SevilFest VII buraxılışı üçün "Dra(q)matik" proqramını ictimaiyyətlə paylaşıb
24/Jun/26
49
VII Sevi̇lfest "Dra(q)mati̇k" proqramını açıqlayıb
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı SevilFest VII buraxılışı üçün "Dra(q)matik" proqramını ictimaiyyətlə paylaşıb. Performans sənəti və özünüifadəyə həsr olunmuş proqram üç ölkədən üç qısametrajlı filmi bir araya gətirir.
"Ademi" — Jamila Saxari | 20 dəq. | Qazaxıstan
Qazaxıstanlı rejissor Jamila Saxarinin filmi Ali adlı performans sənətçisinin hekayəsindən bəhs edir. Səhnə Alinin özünü azad hiss etdiyi sığınacaqdır, orada yaratdığı obraz ona kimliyini ifadə etməyə imkan verir. Lakin Ali səhnədə öz həqiqətini yaşayarkən, anası cəmiyyətin qınağı ilə üzləşmək məcburiyyətində qalır. Buna baxmayaraq, o, övladının ən böyük dəstəkçisi olaraq qalmaqda davam edir, hətta onun səhnə geyimlərinin hazırlanmasına belə kömək edir.
"Kraliçanın illüziyası" — Erinç Durlanık, Ceren Özkanlı Samlı | 21 dəq. | Türkiyə
Türkiyəli rejissorların ortak layihəsi İstanbulda yaşayan beş drag sənətçisinin, Gia, Pep IV, Cake Mosq, Ahsen Gönülce və Anna Tholianın şəxsi hekayələrini gündəmə gətirir. Film səhnə hazırlıqlarını, parlaq obrazların arxasındakı insan simasını və bu gün Türkiyədə bu sənətlə məşğul olmanın nə qədər çətin olduğundan bəhs edir.
"Pis gündəlik" — Eldar Aslanov | 12 dəq. | Azərbaycan
Azərbaycanlı rejissor Eldar Aslanovun filmi ölkədə gender ifadəsini sənətə çevirən ilk sənətkarlardan biri kimi tanınan Lady Slim ilə söhbətlər əsasında qurulub. Film Lady Slim obrazının yaranma prosesini araşdırır və sənəti özünüifadənin bir vasitəsi kimi nəzərdən keçirir. Mühafizəkar cəmiyyətin qoyduğu maneələrə baxmayaraq, Lady Slim həm yaradıcılığında, həm də gündəlik həyatında özünə yer açmağa davam edir.
VII SevilFest proqramları haqqında ətraflı məlumat üçün festivalın rəsmi kanallarını izləyin.
Powered by Froala Editor