VII SevilFest başa çatıb
Səkkiz gün ərzində sənədli kino və maskulinlik haqqında açıq söhbətlər
12/Jul/26
43
VII SevilFest başa çatıb
Səkkiz gün ərzində sənədli kino və maskulinlik haqqında açıq söhbətlər
Bakıda keçirilən Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının yeddinci buraxılışı öz işini başa vurub. Səkkiz gün davam edən festival çərçivəsində onlarla yerli və beynəlxalq sənədli film nümayiş olunub, ustad dərsləri keçirilib, rejissorlarla müzakirələr aparılıb və cəmiyyətdə az danışılan mövzular, o cümlədən gender ifadəsi, maskulinlik və kuir özünüifadə açıq şəkildə müzakirə edilib.
1-ci və 2-ci günlər: yerli sənədli kino ilə start
Festival yerli qısametrajlı sənədli filmlərlə açılıb. Nümayişlərdən sonra qonaqlarla müzakirələr aparılıb. Günün ortasında Katya Drinqenberqin montaj sənətinə həsr olunmuş ustad dərsi baş tutub. Proqramın davamında Heddi Honiqmanın filmoqrafiyasından ilk film nümayiş olunub, filmdə xatırlanan Monik Lesterhaüsün "əziz xəritəsi" izləyicilərlə birlikdə yad edilib.
3-cü gün: gündəlik həyatdan qaçqınlıq təcrübəsinə
Gün Aysel Sadıqovanın "Yaylıq" adlı master-klası ilə başlayıb. "Qaçqın ata" filminin nümayişindən sonra rejissor İsa Sauer izləyicilərlə görüşüb. "Menopauza müəmması" filmindən sonra isə "Menopauza salonu" adlı interaktiv tədbir keçirilib. Gün ərzində daha "Sancılar", "Tamamilə fərqli, tamamilə eyni", "Yaxşı ər, əziz oğul" və "Çəhrayı Ay altında tülkü" filmləri izləyicilərə təqdim olunub — sonuncunun müzakirəsində İran rejissoru Mehrdad Oskouei festivalın qonağı olub.
4-cü gün: yerli müəlliflərdən beynəlxalq nümayişlərə
Gün "Birgə yaşayış? Yox bir!" filmi ilə açılıb. Ardınca yerli qısametrajlı sənədli film Suad Qaranın "Xəzər üçün rekviyem" filmi nümayiş olunub, rejissor filmin çəkiliş prosesi barədə izləyicilərlə söhbət edib. Günün yekunu olan "Qayaları yararaq" filmi 100-dən çox tamaşaçı toplayıb. Nümayişdən sonra rejissorlar Məhəmmədreza Eyni, Sara Xaki və filmin qəhrəmanı Sara Şahverdi ilə səmimi müzakirə baş tutub.
5-ci gün: Heddi Honiqman retrospektivi və AniDok gecəsi
Gün ərzində "Mailin", yerli qısametrajlı "Coldünya: 1990-cı ildən bu günə", həmçinin Heddi Honiqmanın retrospektiv proqramından "Yeraltı orkestr" və "Yaddaş" filmləri nümayiş olunub. Axşam Beer & Friends məkanında AniDok gecəsi keçirilib: "Tüklü ayaqlar", "Çünki bu gün şənbədir", "Paradaiz", "Bu meşələr kimindir?", "Çünki mən qızam", "Kollektiv yaddaş" və "Quyruqsuz pişik" animasiya-sənədli filmləri təqdim olunub. "Çünki mən qızam" filminin rejissorları ilə nümayişdən sonra müzakirə də təşkil edilib.
6-cı gün: Oskar nominantlarından ustad dərsi
Gün beynəlxalq qısametrajlı sənədli filmlərlə başlayıb. Ardınca Oskar mükafatına namizəd olmuş rejissorlar Məhəmmədreza Eyni və Sara Xaki Azərbaycanca danışan bir kənddən bəhs edən "Oskar"a adlı ustad dərsində sənədli kinonun görünməyən tərəflərini izləyicilərlə bölüşüblər. Axşam "Mayda pıçıltılar" filmi nümayiş olunub. Eyni zamanda KYNO ilə birgə təşkil olunan "Kinomanlar üçün Speed Dating" və "Oxu gecəsi: Nilgün Marmara" tədbirləri baş tutub.
7-ci gün: teatr və maskulinlik haqqında panel
Festivalın sondan bir əvvəlki günü "Sevil" öz sözünü deyib. İndi növbə bizdədir" adlı pyes oxunuşu və interaktiv teatr tamaşası ilə açılıb. Ardınca "Maskulinliklər" proqramı təqdim olunub. "Kekrə" (Türkiyə), "Kişilərin torpağı" (Gürcüstan) və "Kəsik" (Kanada) filmlərinin nümayişindən sonra maskulinlik mövzusunda panel müzakirəsi keçirilib.
Proqramın təqdimatında bildirilib ki, hər üç film maskulinlik anlayışına fərqli prizmalardan yanaşır. "Kəsik" reproduktiv seçimlər, atalıq və kişi bədəni ətrafında formalaşan təsəvvürləri sorğulayır; "Kekrə" cəmiyyətin genderlə bağlı qəbul etdiyi çərçivələrdən kənara çıxan kişilərin təcrübəsi vasitəsilə kişiliyin necə qurulduğunu araşdırır; "Kişilərin torpağı" isə kişiliyin təkcə fərdi kimlik deyil, həm də mülkiyyət, varislik və güc münasibətlərinə çevrilə bildiyini göstərir. Təşkilatçılar vurğulayıb ki, Azərbaycan kontekstində də maskulinlik müəyyən gözləntilərlə, kişinin necə davranmalı, nə hiss etməli, hansı peşəni seçməli olduğu ilə bağlı müşayiət olunur, panelin məqsədi isə bu sualları yerli reallıq fonunda müzakirə etmək olub.
8-ci gün: festivalın yekunu
Son gün "Raeda" filmi ilə başlayıb, ardınca Heddi Honiqmanın retrospektivindən "Unudulanlar" nümayiş olunub. Festival "Çay yuxuları" filmi ilə yekunlaşıb. Nümayişdən sonra rejissor Kristina Mixaylova ilə keçirilən söhbət iştirakçılar tərəfindən festivalın ən xoş anlarından biri kimi xatırlanıb.
Qalib filmlər elan olunub
Festivalın yekununda SevilFest jürisi qalib filmləri açıqlayıb.
Ən yaxşı yerli qısametrajlı sənədli film Suad Qaranın "Xəzər üçün rekviyem" filminə verilib.
Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film Marianna Corcia Markezininin "Tamamilə fərqli, tamamilə eyni" filminə verilib.
Ən yaxşı beynəlxalq qısametrajlı AniDok film Matea Radiçin "Paradaïz" filminə verilib.
Jürinin xüsusi mükafatı isə iki filmə Alis Esa Gimaraeşin "Çünki bu gün şənbədir" və Məhəmməd Əliyevin "Nənə: son versiya" filmlərinə paylaşdırılıb.
Mənbə: SevilFest-in rəsmi Instagram səhifəsi.
Powered by Froala Editor