Myanmarda hərbi xunta üç gənc LGBTQİ+ aktivisti işgəncə ilə qətlə yetirib

Myanmarın Tanintharyi vilayətinin Dawei şəhərində fəaliyyət göstərən "The Ants Humanitarian Aid Team" komandasının üç gənc LGBTQİ+ üzvü, komanda rəhbəri Thar, üzv Myat Thu və maliyyə üzrə məsul Leon Myanmar hərbi xuntası tərəfindən qanunsuz həbs edilib, işgəncəyə məruz qalıb və vəhşicəsinə edam olunublar. Hadisə barədə "Sisters2Sisters | Myanmar" təşkilatı bəyanat yayıb və beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə çağırıb.

Edam olunanlar fəaliyyətlərini icmanın gücləndirilməsinə və qadın həmrəyliyinə həsr etmiş, ayrı-seçkiliyə baxmayaraq azadlıq mübarizəsinin ön sırasında dayanan fəallar olublar. 2023-cü il oktyabrın 1-də cəmi beş üzvlə yaradılan "The Ants" komandası Dawei bölgəsində didərgin düşmüş ailələrə müvəqqəti təhsil, təcili yardım və fövqəladə dəstək proqramları həyata keçirib.

Yerli media və sahə mənbələrinin məlumatına görə, hərbi xunta 2026-cı il iyulun 7-dən Dawei Xüsusi İqtisadi Zonasını əhatə edən Yebyu qəsəbəsindəki kəndlərə genişmiqyaslı hücuma başlayıb.

İyulun 9-da irəliləyən hücumdan qaçaraq Nat Twin kəndinə doğru yerdəyişmə etməyə çalışan Thar, Myat Thu və Leon hərbi kolonna ilə üz-üzə gəlib, digər yerli sakinlərlə birlikdə saxlanılıblar. Digər həbs olunmuş mülki şəxslər sonradan azad edilsə də, hərbçilər üç gənc fəalı Khamaungchaung monastırında saxlayıb, eyni zamanda ətraf kəndlərdə mülki evləri yandıraraq hücumunu davam etdirib.

İyulun 20-də səhər saatlarında yerli sakinlər Nabulai ərazisindəki Ekani kəndi yaxınlığında bir palma plantasiyasında güclü qoxu ilə qarşılaşaraq araşdırma aparıblar və Tharın, Myat Thunun, Leonun, həmçinin şəxsiyyəti müəyyən edilməmiş daha bir yerli sakinin cəsədlərini aşkar ediblər. Yerli media məlumatlarına əsasən, cəsədlər ağır dərəcədə çürümüş vəziyyətdə tapılıb, üzərlərində bıçaq yaraları və işgəncənin, demək olar ki, başkəsmə səviyyəsinə çatan aşkar izləri olub. Gənc fəalların şəxsiyyəti üzərlərində tapılan geyim və şəxsiyyət sənədləri vasitəsilə təsdiqlənib. Yerli sakinlər həmin gün dörd nəfər üçün dəfn mərasimi keçiriblər.

"Sisters2Sisters" bəyanatında vəziyyəti birmənalı şəkildə qiymətləndirib. Silahsız humanitar əməkdaşların qəsdən hədəfə alınması, qanunsuz həbsi, ağır işgəncəyə məruz qalması və məhkəməsiz edam edilməsi Cenevrə Konvensiyalarının açıq-aşkar pozuntusu olmaqla müharibə cinayəti və insanlığa qarşı cinayət kimi tövsif olunmalıdır.

Təşkilat bildirib ki, bu üç gənc LGBTQİ+ fəalların faciəli ölümü Myanmar gəncliyinin beş illik hərbi çevriliş cəhdlərindən sonra üzləşdiyi ağır reallığı əks etdirib. Hərbi xunta silah daşıyıb-daşımamasından asılı olmayaraq, o cümlədən həyatxilasedici humanitar yardım göstərən mülki şəxsləri hədəfə alır, işgəncə edir və qətlə yetirir.

"Sisters2Sisters" bu ağır cinayətin cəzasız qalmamasını tələb edərək beynəlxalq insan hüquqları qurumlarını, gənclik koalisiyalarını, LGBTQİ+ təşkilatlarını, humanitar agentlikləri, regional qurumları və qlobal ictimaiyyəti dərhal aşağıdakı addımları atmağa çağırıb:

  1. Rəsmi sənədləşdirmə və müharibə cinayəti kimi qınanma — Tanintharyi vilayətində humanitar yardım işçilərinin qanunsuz həbsinin, işgəncəsinin və edamının ağır müharibə cinayəti kimi rəsmən tanınması və sənədləşdirilməsi.

  2. Beynəlxalq cinayət ədalətinin təmin edilməsi — hərbi komandanlığın və birbaşa iştirakçıların qlobal beynəlxalq ədalət mexanizmləri vasitəsilə cinayət məsuliyyətinə cəlb edilməsi.

  3. Hərbi xuntanı qidalandıran resursların kəsilməsi — aviasiya yanacağı, silah və maliyyə vəsaitləri daxil olmaqla, xuntanın zorakılığını davam etdirməsinə imkan verən bütün qalan təchizat kanallarının dayandırılması.

Təşkilat bəyanatını belə tamamlayıb: 

"Thar, Myat Thu və Leonun böyük cəsarətini, fədakarlığını və qalıcı irsini əziz tuturuq. Tam məsuliyyət təmin olunana qədər ədalət tələbimizdən əl çəkməyəcək, yorulmadan mübarizə aparacağıq."


Powered by Froala Editor