Boliviya eyni-cinsli nikahı tanıyıb
Boliviyada ilk dəfə olaraq eyni-cinsli nikah rəsmi olaraq qeydə alınıb
13/Aug/26
44
Boliviya eyni-cinsli nikahı tanıyıb
Boliviyada ilk dəfə olaraq eyni-cinsli nikah rəsmi olaraq qeydə alınıb.
Fabiana Banzer və Skarlett Roça Boliviyada vətəndaş nikahına girən ilk eyni cinsli-cütlük olublar. Mərasim təxminən dörd il davam edən hüquqi mübarizədən sonra 7 avqustda Santa Kruzda baş tutub.
Cütlük 12 oktyabr 2022-ci ildə LGBTQİ+ təşkilatı IGUAL Boliviyanın dəstəyi ilə nikahlarını qeydiyyata almaq üçün müraciət ediblər. Bundan sonra uzun bir inzibati proses və konstitusiya hüquqlarının qorunmasına yönəlmiş iki məhkəmə prosesi başlayıb. Nəticədə dövlət onların nikahını tanıyıb və ona hüquqi qoruma verib.
Banzer yazıb: "Üç il on ay davam edən hüquqi mübarizədən sonra nəhayət ki, iki qadın olaraq vətəndaş nikahına girə bildik".
Banzer və Rocha iddia ərizələrində Amerika İnsan Hüquqları Məhkəməsinin məsləhət rəyinə də istinad ediblər. Bu rəyə əsasən, eyni-cinsli cütlüklərin nikah da daxil olmaqla, qanuni ailə tanınması üçün eyni mexanizmlərə çıxışı olmalıdır.
Lakin Boliviyada eyni-cinsli nikahlar milli səviyyədə tanınmır. Konstitusiyanın 63-cü maddəsi nikahı qadın və kişi arasında birlik kimi müəyyən edir. Nəticədə, Banzer və Rocha işindəki qərar yalnız həmin konkret cütlüyə şamil edilib. Buna baxmayaraq, onların işi digər eyni-cinsli cütlüklərin gələcək məhkəmə iddialarına yol aça bilər.
Bundan əvvəl Ukrayna da iki kişi arasında eyni-cinsli nikahı tanıyıb. Zoryan Kis və Timur Levçuk on ildən çoxdur ki, birlikdədirlər. Onlar 2021-ci ildə ABŞ-da evləniblər, lakin Ukrayna onların münasibətlərini tanımayıb. Daha sonra bu ilin fevralında Ukrayna Ali Məhkəməsi eyni-cinsli cütlüyün münasibətini "de facto nikah" kimi tanıyan əlamətdar qərarı təsdiqləyib və bu, ölkənin ən yüksək məhkəməsinin belə bir qanuni tanınmanı təsdiq etdiyi ilk haldır.
Powered by Froala Editor