Türkiyənin paytaxtında homofobik hücum

Türkiyənin paytaxtı Ankarada bir gözəllik salonunda çalışan Can T. iş yerinə müştəri kimi gələn bir kişinin homofobik ifadələrindən sonra fiziki hücuma məruz qalıb. Burnu sınan Can T. hüquqi prosesi davam etdirəcəyini bildirib. Məlumatı Türkiyənin LGBTİ+ media qurumu Kaos GL yayıb.

Ankarada gözəllik salonunda estetik mütəxəssisi kimi işləyən Can T.-nin bildirdiyinə görə, salona müştəri kimi gələn kişi ona "Sən kişisən?", "Mən buna qadın deyirəm, sırğasına bax, belə kişi olar?" kimi ifadələrlə hədəf göstərib, ardınca "Səni doğrayaram, itirəcək bir şeyim yoxdur" deyərək hücum edib.

Can T. daha əvvəl də eyni salonda çalışdığını, lakin təhsili səbəbindən işə fasilə verdiyini, hücumun yenidən işə başladığı ilk gün baş verdiyini bildirib: "Masanın üstündən makiyaj güzgüsünü götürdü, mənə vuracaqdı, mane oldum. Sözlü mübahisə zamanı başıma, üzümə 5-6 dəfə yumruq vurdu. Patronum məni ondan uzaqlaşdırdı, patronumu da döydü. Patronum gəlməsəydi, məni öldürəcəkdi, komaya salacaqdı. Sırğam, boyunbağılarım qırıldı, dodağım partladı. Hər yer qan içində idi. Kızılayın mərkəzində polis və təcili yardım yarım saatdan sonra gəldi. Nəzarət məntəqəsindəki polis də məni sovuşdurmağa çalışdı."

Hücum nəticəsində burun sümüyünün sındığını və baş ağrısının davam etdiyini bildirən Can T. hüquqi prosesi davam etdirəcəyini vurğulayıb: "Hüquqi prosesi əsla dayandırmayacağam, əsla əl çəkməyəcəyəm. Bizi insan hesab etmirlər. Döyüldükdən dərhal sonra video və fotolarımı çəkdirdim, ədaləti sosial mediadan axtarmaq məcburiyyətində qalırıq."

Kaos GL-in 2025-ci il üzrə nifrət cinayətləri araşdırması Türkiyədə homofobiya və transfobiya əsaslı zorakılığın yayğınlığına diqqət çəkir. Araşdırmada iştirak edənlərin 62 faizi birbaşa nifrət cinayəti qurbanı olduğunu, 38 faizi isə nifrət cinayətinə şahid olduğunu bildirib.

Powered by Froala Editor