Homofobia nədir?
Homofobiyanını homoseksuallığa qarşı irrasional qorxu və nifrət kimi təyin etmək olar, bu hal önyarğıya əsaslanır və rasizm, ksenofobiya, antisemitizm və seksizmə oxşardır.
03/Jan/19
25675
Bir insanın homofob olub-olmadığını müəyyən etmək üçün bu sözün mənasını dəqiqləşdirmək lazımdır. Bu termin ilk dəfə 1972-ci ildə psixiatr Corc Vaynberq tərəfindən psixologiya elmində ortaya qoyulmuşdur. Homofobiya sosioloji institutlarda aşağıdakı anlayışlarla bir sıraya qoyulur:
• Rasizm
• Ksenofobiya
• Antisemitizm
• Seksizm
Avropa Parlamentinin Homofobiya haqqında Qətnaməsində (2006) belə təsvir edilir ki, homofobiyanı homoseksuallığa qarşı irrasional qorxu və nifrət kimi təyin etmək olar, bu hal önyarğıya əsaslanır və rasizm, ksenofobiya, antisemitizm və seksizmə oxşardır. Homofobiya şəxsi və ictimai sferalarda nifrət çıxışlarına və diskriminasiyaya, istehzaya, şifahi, psixoloji və fiziki zorakılığa, təqib və qətllərə, bərabərlik prinsiplərinin pozulmasına, əsassız və səbəbsiz məhdudiyyətlərə təhriketmə kimi formalarda üzə çıxır.
Homofobiyanın təzahür formalarından bəzilərini nəzərdən keçirək: Valideynlər homoseksual olan övladını qəbul etmir. Məsələn, onu evə kilidləyir, dostları ilə əlaqəsinə mane olurlar. Hətta onu psixiatrik klinikaya müalicəyə də göndərə bilərlər, çünki düşünürlər ki, bu şəkildə öz övladlarını “normallaşdıra” biləcəklər.
Kişilər sözlərlə və hərəkətlərlə homoseksuallara qarşı aqressivlik göstərir, onları davaya təhrik edirlər. Lakin eyni vaxtda lesbiyan sevgini dəstəkləyə bilirlər. Bu halın əksi də olur. Bəzən qadınlar gey oğlanları qəbul edir, lakin lesbiyanlara nifrət edirlər.
Şəxs homoseksuallarla ünsiyyətdən qaçır. Onlarla ortaq heç nəyinin olmasını istəmir.
Şəxs homoseksual sevgiyə üstünlük verən insanlar haqda neqativ fikirlər irəli sürür. Doğrudur, dava salmır, amma bu münasibət formasını alqışlamır.
Homofobiyanın səbəblərinə dini inancların təsiri, ictimai və ailə ənənələri, cəhalət və latent homoseksuallıq aid edilə bilər.
İctimai ənənələr:
Homofobiyanın kökləri – kişi və qadınların dəqiq müəyyən edilmiş və yeganə doğru sayılan rollarına dayanır. Patriarxal mədəniyyətdə qadınlara zəiflik, itaətkarlıq, passivlik, kişilərə isə - hökmranlıq, aqressiya, aktivlik cəhətləri yüklənir. Davranışları təyin edən bu heteronormativ münasibət modeli həm də seksual həyatı diqtə edir: bu qaydaların inkarı isə “anormal” və utancverici sayılır. Çeçenlər arasında geylərin olması fikrinə Çeçenistan hökumətinin reaksiyasını xatırlamaq kifayətdir. Müasir sosial sorğular da təsdiq edir. Öz homoseksual qonşusuna ən çox qatı patriarxal ölkələrdə pis baxırlar (Misir, İordaniya, Səudiyyə Ərəbistanı).
Bizim ölkəmiz də daxil olmaqla, bir çox ölkələrdə kişilərin homoseksuallara nifrəti hələ körpəlikdən formalaşır. Valideynlər oğlan övladlarından “kişi kimi olmağı”, “özünü qız kimi aparmamağı” tələb edir. “Qız kimi olmağın” nə qədər mənfi bir şey olduğunu aşılayırlar. Nəticədə həmin şəxslərdə feminin görünüşlü homoseksuallara qarşı daha çox nifrət formalaşır.
MDB ölkələrində homofobiya kifayət qədər geniş haldır. Onun səbəblərindən biri budur ki, bir çox insanlar həbsxana və düşərgələrdə olmuş, orada isə homoseksuallara qarşı münasibət mənfi və alçaldıcı olmuşdur. Həbsxanalarda seksual azlıqların yaşamaq haqqı olmayan varlıqlar olduğu düşünülürdü. Bu cür müəssisələrdə hər kəs homoseksual olmadığını və homoseksuallara nifrət etdiyini göstərməyə məcbur idi. Nəticədə məhz keçmiş məhbuslar hal-hazırda (o cümlədən də ölkəmizdə) homoseksual fərdlərə qarşı neqativ münasibətə səbəb olmuşdur. Bu hal normaya çevrilmiş və artıq milli şüura hopmuşdur.
Bəzən tolerant şəxslər belə, homoseksuallara dəstək verməklə, cəmiyyətin qınağına tuş gəlməkdən qorxur, dəstək verərlərsə, özlərinin də homoseksual sayıla biləcəyindən ehtiyat edirlər.
İnstitusional homofobiya:
İnstitusional homofobiya – bir cəmiyyətin hüquqi, siyasi, iqtisadi və sosial institutları səviyyəsində tətbiq edilən sistematik ayrı-seçkilikdir. Burada homofobiya təkcə ayrı-ayrı fərdlərin işi deyil. Müxtəlif ictimai qrupların gündəlik həyatda büruzə verdiyi diskriminasiyadır.
Din:
Patriarxatın və homofobiyanın möhkəmlənməsinin əsas səbəblərindən biri də dindir: kilsə mühafizəkar dəyərləri dəstəkləyir. Müsəlman ölkələrində də homoseksuallar ağır cəza alır. Hər iki ənənə məişət homofobiyasında ciddi rol oynasa da, istər orta əsrlərdə, istərsə də yeni tarixdə həm xristian, həm də müsəlman dünyasında homoseksual əlaqələr geniş yayılmışdır.
Daxili (internal) homofobiya:
Bir çox homoseksuallar və biseksuallar cəmiyyətin təzyiqləri və digər səbəblərdən öz oriyentasiyalarına nifrət edirlər və ifşa olunmaqdan, homoseksual davranış göstərməkdən qorxurlar. Onlardan bəziləri öz seksual istəklərini boğmağa çalışır, bəziləri isə bunu bacarmayaraq özlərini təqsirkar sayır, vicdan əzabı, təşviş keçirirlər.
Bu cür homofobiya psixoloji cəhətdən çoxlu sayda neqativ nəticələrə səbəb olur. Özgüvən aşağı düşür, komplekslər, nevroz, depressiya və intihar cəhdləri müşahidə olunur. Oriyentasiyasını gizləyərək yaşayan homoseksual və biseksuallar paranoidal əhvala qapıla və hər kəsə şübhəylə yanaşa bilirlər. Bu vəziyyətdə insana elə gəlir ki, onu müşahidə edirlər, ona gülürlər və tezliklə oriyentasiyasını ifşa edəcəklər.
Hətta LGBT icmasının daxilində də feminin davranışlı geylər, yaxud kişisayağı davranan lesbiyan qadınlar təqsirkar bilinir və onları təcridetmə halları baş verir. Bəzən LGBT fərdlərinin özləri də digər üzvləri müxtəlif aşağılayıcı ləqəblərlə adlandırırlar.
Latent homoseksuallıq:
XX əsrin sonlarında yaranan nəzəriyyəyə görə, homofobiya – latent (gizli) homoseksuallığın nəticəsidir. Buna aid bir nümunə göstərə bilərik:
Spokeyn (Vaşinqton) şəhərinin meri Ceyms Uest uzun illər ərzində ştatın senatına seçilirdi və orada qatı homofob kimi tanınırdı. O, bir çox anti-gey təşəbbüslərinin müəllifi idi. 2005-ci ildə yerli qəzetlərdən birində çıxan məqalədə deyilirdi ki, Uest gey-tanışlıq saytlarında xeyli vaxt keçirir və oradan seksual xidmətlər üçün istifadə edir. Hətta çox bəyəndiyi oğlanları Şəhər Şurasında vəzifəyə təyin edir. Nəticədə Uest gey olduğunu ictimai şəkildə elan etdi və növbəti seçkilərdə təkrar seçilmədi.
Əksəriyyət düşünür ki, homofob olmaq yalnız homoseksuallara qarşı zorakılıq göstərməkdən ibarətdir. Lakin bu, o qədər də doğru izah deyil.
Homofobiya açıq və gizli ola bilər. Gizli homofobiya zamanı bir şəxs eynicinsli münasibətləri qınayır, bunu pozuntu hesab edir, lakin buna qarşı hansısa aktiv faəliyyət göstərmir. Açıq homofobiya zamanı isə homoseksual şəxslərin işdən azad edilməsi, təhsil müəssisələrində, sosial qruplarda təcridedilmə, dostluqdan imtina kimi nümunələr baş verir. Lakin bir çox fanatiklər də var ki, homoseksualların məhv edilməli olduğunu aşkar dilə gətirməkdən çəkinmir. Təəssüf ki, aktiv homofobiya məktəblilərin intihar həddinə çatdırılmasına, lesbiyanlara oriyentasiyasını dəyişmək cəhdi üçün onlara təcavüz edilməsinə, nifrət zəminində geylərin qətlinə və s. səbəb olmuşdur.
Homofobiya necə dəf edilə bilər?
Heteroseksualların əksəriyyəti geylərə qarşı orta səviyyədə qərəzə malikdir. Bu da müxtəlif fərqliliklərdən ehtiyat etməyi bizə diqtə edən instinktlərimizə bağlıdır. Bu hal təkcə homofobiyaya deyil, hər cür ksenofobiyaya aiddir. Cəmiyyət özündən fərqli olan hər bir şeyə qarşı tərəddüdlə yanaşır. Lakin həmin insanın öz qərəzində nə qədər irəli gedəcəyi bir sıra şərtlərdən asılıdır. Əlbəttə ki, instinktiv neqativ reaksiya öncə gəlir, lakin insan öz növünə aid olan cəhətlə - şüurla onu tənzimləyə bilir. Bu da onun həyat təcrübəsi və bilikləri sayəsində baş verir.
Homoseksuallara qarşı homofobik münasibət XX əsrin ikinci yarısından dəyişməyə başladı, həmçinin də inanclı insanların arasında. Çünki insanların bir çoxu artıq dini qaydalarla yaşamır. Onlar müqəddəs kitablardakı fikirləri təkrar gözdən keçirirlər. Habelə LGBT fərdlərinə neytral yaşayan inanclı insanlar da çoxdur. Bundan başqa, dindar olan homoseksuallar da mövcuddur. Onların arasında protestantlar, katoliklər, iudaistlər və müsəlmanlar var.
Homofobiyadan qurtulmaqda homoseksual fərdlərin özləri də köməklik göstərə bilər. Belə ki, heteroseksual insanlara gündəlik həyatlarında açıq gey və lesbiyanlarla daimi canlı təmasda olması maraqlı nəticələr verir – onların gözü qarşısında daimi real nümunələr olduqda, onlar bütün steretipləri və qorxuları sındırmağa kömək edir. Heteroseksuallar öz qarşılarında mifik təxəyyül məhsullarını deyil, adi, normal gey insanları gördükdə fikirlərinin dəyişməsi şansı daha çoxdur. Cəmiyyətdə homoseksualların yalnız “ekzotik”, “şokedici”, “mistik” şəkildə deyil, həm də sıravi və adi hal kimi üzə çıxması müsbət haldır.
Bu barədə jurnalist Mariya Gessen belə deyir: "Mən Stokholmda gey polis icmasına rəhbərlik edən polisdən müsahibə alırdım. O, brutal bir kişi idi və öz əri ilə italyan Rivyerasında tanış olmasından danışanda mən gülümsündüm. Onda polis mənə kifayət qədər sərt baxdı və dedi ki, “gey cütlüyü” deyəndə insanlar pozğun sekslə məşğul olan iki kişi təsvir edir. İsveçdə isə biz nail olmuşuq ki, “gey cütlüyü” deyəndə ev, səliqə və uşaqlar ağıla gəlsin". "Nə qədər ki, biz geylərin, lesbiyanların, digər fərqli oriyentasiyalı və genderli insanların əslində necə yaşadığını, hansı həyat sürdüklərini anlamayacağıq, onları görməyə və ünsiyyət qurmağa başlamayacayıq, o zaman biz indiki vəziyyətdən irəli gedə bilməyəcəyik".
Powered by Froala Editor