“Valideynlərim orientasiyamı qəbul etmədi, amma..."
Ruh düşkünlüyünə qapılmayaq. Nə olur-olsun, bütün səmimiyyətinlə danışmaq, içindən gəlirsə, danışmaq lazımdı.
24/Apr/19
6302
Ruh düşkünlüyünə qapılmayaq. Nə olur-olsun, bütün səmimiyyətinlə danışmaq, içindən gəlirsə, danışmaq lazımdı.
Adım Ethandır. 21 yaşım var. Aşpaz işləyirəm.
Əvvəllər lesbiyan olduğumu düşünürdüm. Indi genderfluid olduğum qənaətinə gəlmişəm. Bir müddət düşündüm ki, əslində lesbiyan yox, transgenderəm. Amma transgenderlərin də hiss etsiklərinin bəziləri məndə vardı, bəziləri yox. Çünki bədənimə nifrət etmirəm. Özümü belə sevirəm. Bəzən qadın, bəzən kişi kimi hiss edirəm. Ola bilər ki, nə vaxtsa cinsiyyət dəyişdirim. Amma bu, elə də asan seçim deyil.
Anam bunu mən 11-ci sinifdə oxuyanda bunu hiss eləmişdi. Arabir üstü örtülü bunu mənə şübhələndiyini çatdırmaq istəyirdi. Axərda özüm qərara gəldim ki,deyim, rahatlayım. Ilk reaksiyası bu oldu ki, mənə “sən xəstəsən, həkimə gedək” dedi. Məni psixologa göstərmək istədi. Mən də razılaşdım. Bilirdim ki, psixoloq xəstəlik olduğunu deməyəcək. Desə də, LGBTİQ fərdlərinin xəstə olmadığını sübüt edən sənədi əsas gətirəcəkdim.
Anama izah eləməyə çalışdım ki, bir qadın öz həmcinsinə sevgi hissi bəsləyirsə,hansısa hormon ona olan hissləri necə dəyişə bilər. Əgər elə olsaydı, istənilən orientasiyaya mənsub adam acı çəkən kimi, elə hormonlardan istifadə edərdi. Hər şeyi sakitcə ona başa salmağa çalışdım. İlk vaxtlarda heç bir nəticə vermədi. Hər dəfə, bu barədə söhbət düşəndə, müzakirələrin sonu dava ilə başa çatırdı.
Amma zamanla anam bunu qəbul etməyə başladı. Əslində, qəbullanmağa çalışırdı. Onun sözünü yerə salmadım, dediyi kimi, psixoloqa da getdik. Psixoloq heç bir təhqirə yol vermədi. Bu, yaxşı idi. Yəni gözlədiyimdən pis də ola bilərdi. Homofob olmayan bir psixiatra rast gəldiyimə görə, bəxtim gətirdi deyə bilərəm. Onun son sözü bu oldu ki, anama “Qızınıza bu barədə təzyiq etməyin. Nə vaxtsa, özü istəsə, oğlan olacaq həyatında. Amma təzyiqlərə dava etsəniz, bu, ancaq aranızı pozacaq” oldu. Düzü, bunları onlar öz aralarında danışdılar. Amma təxminlə deyə bilərəm ki, o söhbət belə olmuşdu. Sonralar transgender olduğumu anama dedim. Dedim ki, mən, ümumiyyətlə, qız olmaq istəmirəm. Anam bunu ciddi qəbul eləmədi. O, mənim bu vəziyyətin keçici olacağını düşünür, bunu keçid yaşda olan hormonal dəyişikliklərə bağlayırdı. Daha sonra atamla danışdım. Amma gözlədiyimin əksinə, atam bunu tam aqresiyasız qarşıladı. Dedim ki, cinsi korreksiya əməliyyatı etdirmək istəyirəm. Soruşdu ki, bu nə deməkdi? Necə dəyişirsən? Ona əməliyyatları göstərdim. Dedi ki, bu çox çətindi. Narazılığı yəqin ki var, amma hiss etdirmir, mənim fikirlərimə, hisslərimə hörmət edir. Bilirəm ki, məni bəzən oğlu kimi də görür. Sıxıntılarını mənlə paylaşır. Çünki o da vaxtilə qınanılıb. Hər halda, buna görə bir-birimizi başa düşürük.
Təzyiq? Bu, iki mövzuda olub. İlk orientasiyamla bağlı oldu, dediyim kimi. İkincisi təzyiqi universitetlə bağlı yaşadım. Universitetə, fizika fakültəsinə qəbul oldum. Fizikanı çox sevirəm. Amma məyusluq yaşadım, nə dərslər, nə də qrup yoldaşları düşündüyüm kimi olmadı. Buna görə də universitetə getməyi dayandırmaq istədim. Anladım ki, Fizika sevdiyim bir sahə olsada bu işlə BDU-da oxuyaraq inkişaf edə bilmərəm. Buna görə də, 1ci kursun sonunda qərarımı anama bildirdim. O, qətiyyən razı olmadı.
Amma fikrimi dəyişmədim. Universitetə az-az getməyə başladım. İşləmək istədiyim sahə üzrə iş axtardım. 3-cü kursda universitetə getməyi tam dayandırdım. Ayağımı dirədim ki, mən BDU-da oxumayacam. Qərarımdan dönmədiyim üçün, ailəm sonda bunu qəbul etdi. Amma bu, heç də asan olmadı.
İndi sevdiyim sahə olan işlətmə üzrə təhsil almas am da, işləyirəm. Çünki bu elə bir sahədir ki, nəzəriyyədən çox təcrübə tələb edir. Mən də işləyərək, bu təcrübəni qazanıram. Təbii ki, nəzəriyyə də vacibdi.. İşimin nəzəri cəhətlərini xarici ölkə universitetlərinin materiallarını oxumaqla doldurmağa çalışıram. Həmçinin, təcrübəsi olan iş yoldaşlarımla da müzakirə aparır və öyrənməyə çalışıram.
İşləməyim də asan olmadı. Evdə tez-tez problem yaşayırdım buna görə. Bəzən təzyiq elə güclü olurdu ki, işdən çıxmalı olurdum. Amma evdəkilər mənim vaz keçməyəcəyimi görüb, əl çəkdilər. O vaxtdan davamlı işləyirəm. Valideynlərim də ay sonu maddi yardım edir ki, özümü çox yükləməyim, daha çox özümü inkişaf etdirim.
Mən hər iki təzyiqi, həm orieantasiyamla, həm də universitetlə bağlı təzyiqi eyni zaman kəsiyində yaşamışam. Ona görə, mənə ikiqat çətin idi. Amma mən başa düşürdüm ki, əgər mübarizə aparmasam, bütün ömrüm boyu sıxılıb qalacam. Heç cür özümü tapa bilməyəcəm, işim, həyatım məni xoşbəxt etməyəcək.
Atama bir dəfə sevgilimin şəklini göstərdim. Mənə gülməli suallar verirdi. “Sən onu oğlan kimi sevirsən?”, “Bəs, o səni oğlan kimi sevir?” Çünki bu məsəllərdən heç bir anlayışı yox idi. Mən də gülə-gülə deyirdim ki, bir insan bir insanı necə sevirsə, biz də bir-birimizi elə sevirik.
İndi həyatımda hər şey yaxşıdı. Yeni ildə sevgilimlə bizə getmişdik, rayona. Hamı bir süfrə ətrafında oturmuşdu. Hamı da deyib-gülürdü. Xəyallarımdakı səhnələr gerçək olurdu və bu ona görə baş verirdi ki, mən nə öz kimliyimdən, nə də xəyallarımdan vaz keçməmişdim.
Valideynlərim indi də ümid edir ki, nə vaxtsa bir oğlanla ailə quracam. Nə bilim, bəlkə bu ola da bilər. Sevginin sənin nə zaman, nə halda haqlayacağı bilinməz. Amma hazırda mənim oğlanlara qarşı heç bir hissim yoxdu.
Düzdü, əvvəllər düşünüb, pis olurdum ki, heç nə yaxşı olmayacaq. Amma zamanla ortaq dil tapdıq. İndi valideynlərimlə normal yola gedirəm, orientasiyamı qohumlardan gizləyirəm sadəcə. Bunu da etməyə məcburam, “filankəs nə deyər” stereotipini qırmaq valideynlərim üçün elə də asan deyil. Mənə də aqressiv yanaşmadılar, hörmət edirlər və dəstəkləyirlər deyə, mən də onlara güzəşt edirəm bu məsələlərdə.
Valideynlər nə qədər homofob olsalar da, onlara anlatmaqdan, müzakirədən bezməsən, axırda bəhrəsini görə bilərsən. Təbii ki, gözləntin üçün onların da gözləntilərinə cavab verməlisən. Dirəşmək lazım deyil ki, məni bu dəqiqə qəbul et. Bizə asandı, amma onlara yox. Zaman vermək lazımdı. Sakit-sakit anlatmaq lazımdı.
Ruh düşkünlüyünə qapılmayaq. Nə olur-olsun, bütün səmimiyyətinlə danışmaq, içindən gəlirsə, danışmaq lazımdı. Amma bunu doğru anda və doğru yerdə etmək daha məqsədəuyğundur. Onda hər şey zamanla qaydasına düşür. Ən azı, məndə belə oldu. Bilmirəm, bəlkədə mən şanslı insanam. Bütün bu olanlardan nəticəm budur ki, aqresiya elə heç nə həll olunmur. Nə ailənlə, nə dostlarınla, nə işdə, nə də başqa yerdə. Aqressiv insan olduğum üçün bu səhvi çox etmişəm. Bəzən yenə səhv edirəm. Amma təkrar edirəm, ən gözəli danışmaqdı.
Hə, bir də. Təşəkkürlər belə bir təşəbbüs üçün. Bəlkə kimsə addım atmaq istəyir, amma cəsarət toplaya bilmir. Bu onlar üçün bir ümid ola bilər. Bu arada, hər zaman danışma tərəfdarı olmamda türk seriallarınım bir rolu var. Balaca vaxtı seriallara baxanda görürdüm ki, qızlar analarından nələrisə gizlədir ki, hay-küy qopmasın. Halbuki bu, sonra problemləri daha da böyüdür. Buna görə düşünürdüm ki, gizlətmək lazım deyil.
Mənbə: Ağ zolaq