Mərdəkanda transgender şəxslərə hücum olub


İyunun 28-i axşam saatlarında Mərdəkanda yerləşən özəl çimərliklərdən birində naməlum şəxslər 5 nəfər transgender qadına hücum ediblər. Hadisənin transfobiya zəminində baş verdiyi bildirilir. Zərərçəkənlərin sözlərinə görə, onlar əvvəl şifahi, sonra isə fiziki zorakılığa məruz qalıblar. Onlardan birinə şüşə butulka ilə zərbə endirilib.

“Hərəmizin üstünə ayriliqda bir neçə nəfər düşmüşdü. Yalnız çimərlikdə olan 1-2 nəfər bizi ayırmağa çalışırdı. Onlar olmasa, daha ağır xəsarətlər ala bilərdik.”


Zərərçəkənlərin sözlərinə görə, hücum edən şəxslərin sayı təxminən 15-20 nəfər olub. Onlardan 10 nəfəri 2 avtomobilə minərək hadisə yerini tərk ediblər. Həmçinin bildirilir ki, hücum edən şəxslərdən biri idman növü üzrə dünya çempionudur.


Zərərçəkənlər hadisənin növbəti günü səhhətlərinin pisləşdiyini qeyd ediblər

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım çağırılıb. Zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.