"Bəzən dostlarım "sən geysən" deyirdilər"
Müsahibimizin 17 yaşı var, homoseksualdır. Cənub rayonlarından birində doğulub və hələ də orda valideynləri ilə yaşayır.
10/Jul/19
4938
"Bəzən dostlarım "sən geysən" deyirdilər"
Müsahibimizin 17 yaşı var, homoseksualdır. Cənub rayonlarından birində doğulub və hələ də orda valideynləri ilə yaşayır.
- Özünüz haqqında qısa məlumat verin.
- Salam, mənim 17 yaşım var. Homoseksual oğlanam. Cənub bölgəsində doğulmuşam və hələ də rayonda yaşayıram. Burada heç dostum yoxdur. Özümə çox qapalıyam. 11 ildir, tanıdığım sinif yoldaşım var, amma yenə də ən yaxın dostum deyil. Univetsitetə hazırlaşıram, 2 ay sonra Bakıda (ya da ki, Sumqayıtda) universitet oxumağa başlayacam.
- Cinsi oriyentasiyanızı/gender kimliyinizi nə zaman kəşf etdiniz?
- 2018-ci ilin sentyabr-oktyabr ayına qədər hələ heç nə bilmirdim. Yəni LGBTİ+ haqqında heç bir şey bilmirdim. 2018-ci ilin sentyabr ayında 11-ci sinifdə oxumağa başladım. Sinif yoldaşlarım ara-sıra mənə "sən geysən" deyirdilər. "Gey" sözünün nə olduğunu bilmirdim. Google-da gey sözünün mənasını araşdırdım və nə olduğunu öyrəndim. Bu, mənə homoseksuallığın və gender fərqliliyinin nə olduğunu öyrənməyə sövq etdi. Sonra sosial şəbəkələrdə gey profillərinin olduğunu öyrəndim. Bəs bunu necə qəbul etdim deyə sual verə bilərsiniz. Təqribən oktyabr ayında sosial şəbəkələrdəki gey profillərinin bəzilərinə yazdım (əslində bunu niyə etdiyimi bilmirəm). Homoseksuallığı normal qarşıladım. Çox yaxşı insanlar tanıdım. Məni düşünən, hər zaman virtual da olsa, yanımda olan dostlar qazandım. Sevgi həyatımda isə heç kim yoxdur.
- Ailənizə və dostlarınıza coming out etmisiniz mi? Reaksiyaları necə oldu?
- Ailəmə və dostlarıma kaminq aut etməmişəm və etməyi də düşünmürəm. Bəzən dostlarım "sən geysən" deyirdilər, amma heç özüm də gey olduğumu bilmirdim o zamanlar. Bunu onlar zarafata deyirdilər. Bir gün dostumla parkda oturarkən, dostum telefonuma baxanda İnstaqram profilimi (homoseksual profili) gördü və şübhələndi. Ən yaxın dostum olduğu üçün o hadisə haqqında heç danışmır.
Bayaq da dediyim kimi, kaminq aut etməmişəm və etmərəm. Şübhələnən insanlar da çox da önəm verməyiblər. Yəni çox da şübhələnməyiblər.
- Cəmiyyətdə LGBTQI-yə qarşı ən böyük stereotiplər hansılardır?
- Cəmiyyət bizi qəbul etmir. Cəmiyyətin homoseksuallıq barədə məlumatı yoxdur. Onlar homoseksuallığın sadəcə seksdən ibarət olduğunu düşünürlər. Amma belə deyil. Sevginin cinsiyyəti yoxdur. Düzdür, bəzilərinin tək dərdi seksdir, sevgi önəmli deyil onlar üçün. Amma sevgi istəyən biz nə etməliyik? Biz sevgi istəyirik.
- Cinsi oriyentasiyanıza/gender kimliyinizə görə hər hansı qısnama ilə qarşılaşmısınızmı?
- Təbii ki, qısnamaya və bullinqə məruz qalmışam. Sadəcə homoseksuallıq barədə yox, başqa mövzularda qısnamaya məruz qalmışam. Məsələn, real həyatımda dostum olmadığı üçün sosial şəbəkələrdən özümə dost axtarırdım. Yeni və məni düşünən dostlar tapmışam. Amma dostlarım "tanımadığın oğlanlarla danışırsan", "sənin vətənin Hollandiyadır", "oğlanlara meyil edirsən", "gələcəyin Samiraldosusan" və s. kimi sözlər deyirdilər. Bundan başqa, məktəb həyatımda dərslərlə bağlı problemlər yaşayırdım. Bir neçə dəfə intihar etmək istəmişəm. Amma ölməkdən qorxmuşam. İnsan özünə necə zərər vura bilər? Bəzən hər hansı bir işlə məşğul olarkən barmağımız kəsilir, özümüzü çox pis hiss edirik. İntihar etsək, canımız daha çox ağrıyacaq. Hər dəfəsində intihar etmək istədiyim zaman bunu fikirləşirdim. İndi isə intihar etməyi ağlımdan belə keçirmirəm.
- Gələcək üçün planlarınız nələrdir?
- Uşaqlıqdan xaricdə yaşamağı istəmişəm və indi də xaricdə yaşamaq istəyirəm. Məncə, uzun illər sonra Azərbaycanda insanlar homoseksuallığı normal qarşılayacaqlar. Ona görə də, burada yaşamağı düşünmürəm. Mən insanların məni olduğum kimi qarşılayacaqları bir ölkədə yaşamaq istəyirəm.
- Necə düşünürsünüz, insanların LGBTQİ+ haqqında maariflənməsi üçün hansı addımlar atılmalıdır?
- Mənim fikrimcə, əvvəlcə LGBTİ+ hüquqları barədə konstitusiyada dəyişikliklər edilməlidir. Məktəb dərsliklərində homoseksuallıq haqqında məlumat verilməlidir, homoseksuallığa aid yeni bir dərslik də ola bilər. Bu maarifləndirmə insanların homoseksuallığın sadəcə seksdən ibarət olmadığını öyrənmələrinə kömək edər və biz də insanlar tərəfindən normal qarşılanarıq.
- LGBTQIA+ fərdlərə nə demək istərdiniz?
- LGBTI fərdlərinə demək istədiyim odur ki, içinizdəki qorxunu, narahatlığı kənara qoyun. Bu, sizin həyatınızdır, heç kim sizə qarışa bilməz. Mən artıq insanların dediklərini dinləmirəm, önəm vermirəm. Siz də belə olun. Bullinqə məruz qalmayın. Bullinqə son deyin. Hər dəfə çarəsiz qaldığınızda intihar etməyi düşünməyin.