Mən necə seks işçisi oldum

  

Mən transgenderəm. Cinsi korreksiya etməmişəm, amma bunun dəxli yoxdur. Uzun illərdir ki, seks işçisi kimi çalışıram. Bunu özüm seçməmişəm. İşimdən gileyim yoxdur, amma bəzən bunu alçaqlıq, namussuzluq hesab edənlərlə üzləşirəm. Bir də, “transgenderdirsə, seks işçisi olacaq da, başqa nə yolu var ki” kimi bir fikir eşidirəm daima.

Buna görə də seks işçisi olan transgenderlərin hansı yollardan keçdiyini danışmaq istəyirəm. Öz timsalımda.

9 yaşım olanda atam bizi atıb getdi. Onun ailəsi rayondan, anamın ailəsi şəhərdən idi. Anam çalışırdı ki, atam olmasa da, mən ata qohumlarımdan uzaq qalmayım, heç olmasa, onlarla mehriban olub, atama görə təsəlli tapım. Buna görə də hər yay məni əmilərimin yaşadığı rayona aparırdı. Elə o vaxtdan rayon yerini xoşlamıram, çünki əmilərim və onların oğlanları ilə görüşlər məni çox qorxudurdu.

Şəhərdə mənim özümü “bir az qəribə” aparmağıma çox fikir verməsələr də, əmilərim və onların ailələri rayonda bunu problem edir, məni ələ salır, bəzən incidirdilər. 17 yaşım olanda anama həqiqəti danışdım. Böyük heyrətimə rəğmən, anam nə ağladı, nə məni lənətlədi, nə də məni dəyişməyə cəhd elədi. Bircə bunu dedi ki, həyatda sənə çox çətin olacaq. Dediyi kimi də oldu.

Elə o vaxtlardan saçıma, üz-gözümə fikir verirdim. Bəzən avtobusda mənə yaxınlaşıb “Sən qızsan, ya oğlan?” deyə sual verirdilər. Hər yerdə insanların diqqətini cəlb edirdim.

Buna görə anama dedim ki, mən daha əmimgilə, rayona getməyəcəm. Yoxsa məni öldürərlər. Anam başa düşdü və biz bir daha ora getmədik. Qohumlarımız anama zəng edib məni soruşanda Türkiyəyə oxumağa getdiyimi deyirdi onlara ki, məndən əl çəksinlər.

Universitetə girmək barədə heç düşünmədim də. Sadəcə küçəyə çıxmaq belə mənə baha başa gəlirdi. Saçlarımın uzunluğu, qaşlarım, davranışım, səsim, bir sözlə, hər şey küçədə, avtobusda, dükanda gülüşə, kinayəli sözlərə səbəb olurdu, bəzən oğlanlar, hətta yaşlı kişilər arxamca düşür, əxlaqsız təkliflər edirdilər. Bir neçə dəfə düz blokumuzun yanında döyülmüşdüm də.

Bütün bunları bir də universitetdə yaşamaq istəmirdim. Ona görə də ali təhsildən vaz keçdim.

Bir müddət iş tapmağa çalışdım. Amma ya elə əvvəldən qəbul etmir, ya da işə götürəndən sonra seks təklifləri edirdilər. O vaxt çox gənc idim, belə şeylər məni bərk yaralayırdı. Elə bir vaxt idi ki, artıq “qadın kimi” geyinməyə başlamışdım. Gözəllik salonlarında işləməyə çalışdım. Müraciət etdiyim bütün salonlardan imtina aldım. Salon sahiblərindən biri dedi ki, səni nəinki bura işçi kimi, heç müştəri kimi də götürə bilmərəm. Sən müştəriləri narahat edəcəksən. Səni görüb, çıxıb gedəcəklər.

Başqa salonlardan da buna oxşar cavablar almışdım. Heç kim mənə görə müştərilərini narahat etmək istəmirdi.

Anamın əmilərimə “Türkiyəyə gedib” deməsi bir növ işarə oldu mənim üçün. Doğrudan da, Türkiyəyə getmək barədə düşündüm. Sənədlərimi düzəldib, Türkiyəyə getdim.

Türkiyədə vəziyyət bizdən çox fərqlidir. Toplum homofob olsa da, LGBTQİ təşkilatları, qruplar, ortamlar var, bir nəfər əziyyət, haqsızlıq görəndə birlik olub, müdafiəsinə qalxırlar, kömək edirlər. Yüzlərlə LGBTQİ profilli təşkilatlar var. İşləmək istəyəndə LGBTQİ fərdlərinə həssaslıqla yanaşan kafe, bar, salon sahibləri var.

Ona görə də orda özümü rahat hiss edirdim. Orda yaşamaq mənə daha rahat idi, işim, dostlarım, çevrəm vardı. Bir neçə LGBTQİ fərdi ilə birlikdə ev tutub qalırdım. Amma bu rahatlıq uzun sürmədi. Anam tez-tez məktub yazır, geri dönməyimi istəyirdi. Yazırdı ki, Bakıda başıma gələ biləcək hər şeyə hazırdı, mənə görə ona ediləcək tənələrə hazırdır, təki geri, onun yanına qayıdım. Bu xahişləri iqnor edə bilməzdim. Anamın məni olduğum kimi qəbul etməsini, mənimlə hər çətinliyə hazır olduğunu qiymətləndirirdim, onun bu əzmi ilə fəxr edirdim. Məhz buna görə onun yanına, yəni Bakıya qayıtdım.

Onu da qeyd edim ki, orda küçədə bir neçə dəfə özümə ünvanlanan təhqiramiz ifadə eşitmişəm, sonra fərqinə varmışam ki, təhqir edənlər azərbaycanlılardı. Türklərdən də təhqir edənlər olurdu, amma özümüzünkülərin məni təhqir etməsi daha çox xətrimə dəyirdi.

Azərbaycana qayıdanda xarici görünüşüm xeyli dəyişmişdi. Uzun saçlarım, sinəm, gözəl paltarlarım vardı. Nadir hallarda kimsə bioloji olaraq, kişi olduğumu anlaya bilərdi.

Aylarla işsiz qaldım. Heç bir yerdə məni işə götürmədilər. Anam vardı deyə, ac, evsiz qalmırdım, amma vicdanım yol vermirdi ki, yaşlanmış anamın hesabına dolanım. Onun yaşadığı çətinlikləri görmək mənim üçün həddən artıq ağır idi.

O zaman seks işçisi olmağa qərar verdim. Başa düşdüm ki, nə qədər ki, bu ölkədəyəm, başqa iş tapmaq mənə çətindən çətin olacaq.

Bunu yaşamaq mənə ağırdır. Çünki seks işçiliyini özüm seçməmişəm. Onlarla, yüzlərlə transgender kimi, mən də məcbur edilmişəm bu işə. Bəxti məndən daha çox gətirənlər birtəhər gözəllik salonlarında işləyə bilir. Cəmiyyət bizi bir-iki sahəyə qısnayıb, sonra da düşünürlər ki, transgender mütləq seks işçisi olur. Dəfələrlə belə mübahisələrə düşmüşəm. Elə hesab edirlər ki, transgenderlər seks acı, xəstəsidirlər, ürəklərində sevgi yoxdur, davamlı olaraq bir partnyorla yaşaya bilməzlər. Elə bilirlər ki, bütün transgenderlər seks xidməti göstərmək üçün yaranıb. Halbuki, mənim şəxsən tamam başqa arzularım vardı. Bu stereotiplərə, toplumun homofobluğuna görə bütün arzularım ürəyimdə qaldı.

İndi sevincim bir odur ki, anam korluq çəkmir. Mən də çəkmirəm. Anama seks işçisi olduğumu demirəm. Düşünürəm ki, buna hələ hazır deyil. Bəlkə də heç vaxt hazır olmayacaq.    

 

 Müəllif: Zarina