Çünki biz hər yerdəyik. Sənətindən və cinsindən asılı olmayaraq bütün insanların içərisindəyik.


  1. Özünüz haqqında qısa məlumat verin.

Cavid Məmmədov. Hal-hazırda 22 yaşım var. Goranboy rayonunda anadan olmuşam. Məktəbi həmin rayonda bitirmişəm. 2014-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmuşam və həmin  universiteti mühasibat uçotu ixtisası üzrə bitirmişəm. Hazırda özəl universitetlərdən birində magistr təhsili alıram.


  1. Seksual oriyentasiyanızı/gender kimliyinizi nə zaman kəşf etdiniz?

Uşaqlıqdan şübhələrim var idi, sadəcə həmin vaxtlar məlumatlılığımın olmaması, abituriyent dönəmlərində belə internetə çıxışın olmaması, dillə bağlı problemlər olmasına görə bu barədə kifayət qədər araşdıra bilmirdim. Sadəcə müəyyən bir şeylər hiss edirdim, nə olduğunu, necə olduğunu bilmirdim.

Universitetə daxil olduqdan sonra birinci kursda internetə çıxışım yarandı, çevrəm genişləndi, məlumat almağa başladım, yenə özümlə bağlı şübhələrim var idi, lakin magistrin birinci kursuna qədər qəbul edə bilmirdim. Dörd il müddətində içimdə özümlə mübarizə aparırdım: “belə deyiləm”, “belə olmayacam”. Bu da ətrafımdakıların təsiri, həmçinin dörd il müddətində Gəncə şəhərində yaşadığım üçün homofob mühitin və oradakı insanların təsiri çox idi. Ona görə də  özümü həmin illərdə qəbul edə bilmirdim. 

Özümü magistr birinci kursda oxuduğum zaman qəbul etməyə başladım. Belə görürdüm ki, mümkün deyil, başqa yol yoxdur, artıq qəbul etməliyəm, özümlə bacara bilmirəm. Beləcə magistr birinci kursda özümü qəbul etdim və hal-hazırda qəbul etdiyim üçün çox sevinirəm. Elə insanlar var ki, özlərini qəbul edə bilmirlər, hazırda da mübarizə aparırlar və bu, çox çətin bir şeydir. Özümü qəbul etdiyim üçün sevincli və şanslı hiss edirəm.


  1. Ailənizə və dostlarınıza kaminq-aut etmisiniz mi? Reaksiyaları necə oldu?

Dostuma etmişəm. Dostum deyəndə həm bibim oğludur, həm də yaxın dostuq. Ona bu yaxınlarda, hardasa bir ay olar kaminq-aut etdim və normal qəbul etdi. Şübhələnmişdi məndən, haradasa bir ilə yaxındır şübhələnirdi. Kaminq-aut edəndə dedi ki, öncədən şübhələnirdim. Kaminq-aut etməzdən bir ay öncə ona demişdim ki, bir söz deyəcəm, amma heç kimə demə. O düşünübmüş ki, mən yəqin ki, ona homoseksual olduğumu etiraf edəcəyəm. Həqiqətən də belə oldu və onun ətrafında belə insanlar olduğu üçün başa düşürdü, anlayırdı, ona görə çox normal qarşıladı. Buna görə çox sevindim, normal qarşıladığı, başa düşdüyü üçün. Digər dostlarıma hələ ki, deməmişəm. Deməyi düşünürəm, amma hələ ki, yox. Çünki ətrafımdakı insanların bir çoxu bunu normal qəbul etmir və qatı homofobdur. Buna görə hələ demək istəmirəm. Ailəmə demək istəyirəm, amma hardasa 5-6 il sonra. Fikrim var ki,  3-4 ildən sonra Avropaya köçüm. Azərbaycanda yaşayan bir çox homoseksual fərdlər kimi Avropaya köçmək və həyatımı orada davam etdirmək istəyirəm. Avropaya köçdükdən sonra ailəmə məlumat vermək istəyirəm. Amma üzbəüz çox güman ki, deyə bilməyəcəm, həmçinin görüntülü və ya birbaşa danışarkən. Çox güman ki, mesaj və ya yazı formasında deyə bilərəm. Necə qəbul edəcəklərini bilmirəm. Düşünürəm ki, normal qəbul etməyəcəklər.



  1. Cəmiyyətdə LGBTQİ-yə qarşı ən böyük stereotiplər hansılardır?

Məncə, cəmiyyətdəki ən böyük stereotiplərin  “onların hamısı əxlaqsız olur”, “onlar belə olmağı özləri seçir” düşüncələri olduğunu düşünürəm və çox yanlış düşüncələrdir. Ətrafımdakı insanların bir çoxu belə düşünür ki, onlar sonradan belə olur, hər hansı bir təsir nəticəsində belə yaranırlar və ya özləri seçir bu yolu. Onlar bilmirlər ki, bu, doğuşdan gələn bir şeydir, belə yaradılmışıq. Bu seçim deyil, istəklə olan bir şey deyil və yaxud nəyinsə təsiri nəticəsində olan bir şey deyil. Cəmiyyətdəki əksər insanlar belə düşünür ki, biz bunu “təbliğ etdikcə” yayılıb artacaq, insanlar buna daha çox meyl edəcək, amma əslində bu belə deyil. Əslində bu, qədimdən var olan bir şeydir. Belə desək, sivilizasiya yaranan vaxtlardan bu var və LGBT fərdlərin sayı artmır, illərdir olduğu kimi qalır. Bu, təbliğatla, təbliğ etməklə artmır.

 

  1. Seksual oriyentasiyanıza/gender kimliyinizə görə hər hansı qısnama ilə qarşılaşmısınızmı?

Yox, qısnama ilə qarşılaşmamışam. Çünki hərəkətlərimdə femininlik özünü göstərmir. Həmçinin ətrafımdakı insanlar bunu bilmirlər. Sadəcə məktəb vaxtlarında bəzi söz atmalar, sataşmalar olurdu. Amma ümumilikdə qısnama ilə qarşılaşmamışam.

 

  1. Gələcək üçün planlarınız nələrdir?

Hal-hazırda magistraturanı bitirib, normal bir iş tapmaq, qarşıdakı 3-4 il ərzində özümü inkişaf etdirmək (istər dil bacarıqları olsun, istər beynəlxalq sertifikatların alınması). Ondan sonra hər hansı bir Avropa ölkəsinə birdəfəlik köçməyi və orada yaşamağı düşünürəm. Hələ ki, həmin Avropa ölkəsini seçməmişəm, orada olan LGBT insanların yaşayış səviyyəsinə və iş imkanlarına görə dəyərləndirib seçəcəyəm həmin ölkəni.

 

  1. Necə düşünürsünüz, insanların LGBTQİ+ haqqında maariflənməsi üçün hansı addımlar atılmalıdır?

Düşünürəm, insanların maariflənməsi üçün addımlar atılır. Minority jurnalı olsun, istər Nəfəs LGBT olsun, müəyyən addımlar atılır. Amma izləyici və oxucuların çox hissəsi elə LGBT fərdlərdir. Digər şəxslər bunları oxumurlar, maraqlı deyil onlar üçün. Onların stereotipləri var, oxumur, oxumaq istəmirlər. Oxumaq istəsələr də, ətraflarındakı insanların mənfi reaksiya verə biləcəyini düşünüb oxumurlar.

Televiziya vasitəsilə maarifləndirici işlər görülə bilər, amma bu da hal-hazırda Azərbaycan reallığı üçün mümkün deyil. Televiziya hal-hazırda Azərbaycanda həm yaşlı, həm orta yaşlı, həm də gənc nəsil üçün əsas informasiya bazası rolunu oynayır. Bununla bağlı maarifləndirici işlər görülə bilər. Bundan başqa, tez-tez seminarlar təşkil oluna bilər, internet vasitəsilə müəyyən maarifləndirici işlər görülə bilər. Ümid edirəm, belə işlər daha çox olar, insanlar bunun haqqında maariflənər və gələcəkdə insanların düşüncəsi dəyişər.

 

  1. Sizi ən çox incidən, maarifsizlikdən doğan problemlər hansılardır?

İnsanların maarifsiz olması və onların öncə qeyd etdiyim stereotipləri daha çox incidir. Bu stereotiplər insana mənfi təsir göstərir. Məsələn, dostlarınla, yaxınlarla oturub söhbət edirsən, LGBT ilə bağlı hər hansı məsələdən söz düşsə, onların bu barədə mənfi fikirləri, təhqir etmələri insana çox pis təsir göstərir. Bu da əsasən maarifsizlikdən irəli gəlir. Bundan əlavə, bunun digər səbəbi bəzi homoseksual fərdlərin hərəkətləridir, özlərini cəmiyyətdə düzgün aparmamalarıdır. Bunun da az da olsa təsiri var və insanlarda mənfi fikir formalaşdırır.

 

  1. Az öncə bəzi homoseksual fərdlərin özlərini düzgün apara bilmədiyi bildirdiniz. Bunu deyərkən nəyi nəzərdə tutursunuz?

Bəzi homoseksual fərdlər özlərini daha çox əxlaqsız kimi, açıq desəm, daha “yanıq” kimi göstərirlər və bu da ətrafdakı insanlarda mənfi fikir və stereotiplər formalaşdırır. Bəzi homoseksual şəxslər öz hərəkətlərinə fikir versələr, məncə daha yaxşı olar. Bundan başqa, belə bir düşüncə var ki, bütün translar seks işçiliyi ilə məşğuldur. Əslində bir çoxu belədir, amma bunun əsas səbəblərindən biri onların iş tapa bilməməsidir. Azərbaycanda həm hüquqi cəhətdən, həm də ümumən heç bir şirkət, heç bir müəssisə onlara iş vermək istəmir, onlar da məcbur olaraq seks işçiliyi ilə məşğul olurlar. Bu da cəmiyyətdə mənfi fikir formalaşdırır. Problemi daha çox cəmiyyətdə, az bir qismini həmin homoseksual fərdlərdə görürəm. Əsas problem cəmiyyətin maarifsiz olası, bu haqda məlumatının olmamasıdır. Əslində hər hansı bir şəxsə oturub normal şəkildə bunu izah etsən, faktlarla, elmi əsaslarla məlumat versən, bunu başa düşərlər. Amma bu şəxslərlə oturub danışdıqda belə, onlar dinləmək istəmirlər. Mən bir neçə dəfə öz ətrafımdakı insanlara, dostlarıma, yaxınlarıma fürsət düşdükcə bu haqda məlumat verməyə çalışıram amma nə qədər məlumat versəm də tam yetərli olmur, yenə də onların fikri dəyişmir. Amma onlar normal şəkildə dinləmək istəsələr, ətraflı şəkildə məlumat versək, anlayarlar və normal şəkildə qəbul edərlər.

 

  1.  LGBTQIA+ fərdlərə nə demək istərdiniz?

İlk növbədə belə olduqları üçün heç vaxt məyus olmasınlar, heç vaxt ruhdan düşməsinlər. Biz fərqliyik və digər insanlardan daha üstün olduğumuzu düşünürəm və daim mübarizə aparmalarını, özlərini inkişaf etdirmələrini tövsiyyə edirəm. Öz savadlarını, dil bacarıqlarını artırsınlar, universitetə daxil olub oxusunlar, öz ayaqları üzərində durmağı bacarsınlar, maliyyə müstəqilliklərini əldə etsinlər. Çünki hazırki dövrdə hər hansı bir şəxsin ailəsi bunu bildikdə bir çox hallarda imtina edir, övladlıqdan çıxarır və bu da həmin şəxsin həyatına mənfi təsir göstərə bilər. Öz müstəqilliklərini əllərinə alsınlar, həyata dimdik baxsınlar və həyatlarını davam etdirsinlər. İntihar heç vaxt çıxış yolu deyil. Daim mübarizə aparsınlar.

 

Əlavəniz/Təklifiniz

Minority jurnalının çap versiyası şəklində olmasını, daha gediş kütləyə çatdırılmasını, daha çox insanları maarifləndirməsini istəyərdim. Bundan başqa, Azərbaycanda qısa zaman ərzində Qürur Yürüşünün təşkil olunmasını istəyərdim. Məncə, bu vacibdir. Ətrafdakı insanlara var olduğumuzu, onların içərisində olduğumuzu, bütün sahələrdə olduğumuzu bildirməliyik, məncə. Çünki biz hər yerdəyik. Sənətindən və cinsindən asılı olmayaraq bütün insanların içərisindəyik, ona görə də, məncə, bunu bildirməliyik və artıq insanlar bunu qəbul etməlidirlər.