Eldar Qasımovla müsahibə
Eurovision qalibi olmuş Eldar Qasımovun Minority jurnalının 13-cü buraxlışına müsahibəsi.
27/May/20
5324
Eldar, Azərbaycana Avroviziya qələbəsi gətirməyinizdən 8 il keçir. Bu 8 ildə həyatınızda və karyeranızda nələr dəyişib?
Onu deyim ki, mənim karyeram elə 8 il əvvəl Avroviziya musiqi yarışması ilə başlayıb. Baxmayaraq ki, daha əvvəl də musiqi ilə məşğul olurdum, xor dərnəklərində alman və yəhudi xorlarında ifa edirdim, sadəcə o, daha çox həvəskar xarakteri daşıyırdı. Lakin, Avroviziya məni peşəkar musiqi həyatına gətirdi. Həyatımda çox şey dəyişdi. İlk növbədə üzərimə çox böyük məsuliyyət düşdü. Eyni zamanda musiqimin böyük kütləyə çatması üçün fürsət yarandı. Avroviziya mənə həm də dünyanı göstərdi və dostlar qazandırdı. Düzdür, bəzən düşmənlər də qarşıma çıxır, ancaq necəsə həyatımda ancaq qısa bir müddət qala bilirlər. Onu da qeyd edim ki, Avropa səhnəsi mənə işimə qarşı tələbkar olmağı da öyrətdi.
Heç vətənimizi yenidən Avroviziya səhnəsində təmsil etmək kimi düşüncəniz və ya istəyiniz olubmu?
Düşünürəm ki, Avroviziyaya mən ancaq tamaşaçı qismində qatılmaq istəyərəm. Onsuz da bu müsabiqə daima mənim qəlbimdə yaşayacaq. Mən istəyirəm ki, başqa istedadlı gənclər də öz məharətlərini göstərsinlər.
Son illər görürük ki, Azərbaycanın müsabiqədə yaxşı nəticə göstərməsi həqiqətən çətinləşib və hətta keçən il ilk dəfə final həyəcanından məhrum olduq. Sizcə, bunun səbəbi nədir?
Ümumiyyətlə Avroviziya çox gözlənilməz yarışmadır. Öncədən hansı mahnının uğur qazanacağı və ya qazanmayacağını demək çətindir. Əsas məsələ səhnədə və yarışma boyunca insanlarla və mətbuatla səmimi olmaqdır. İfaçı gərək nəticələr haqqında çox da düşünməsin, sadəcə zövq almağa çalışsın. Biz 10 il ərzində ilk beşliyin hər bir yerini qazanmışıq və müxtəlif komandalarla çalışmışıq. Musiqinin dili, milliyyəti və ölkəsi yoxdur, amma çox istərdim ki, heç olmasa bir dəfə biz özümüz tam təşkilatçılığı öhdəmizə götürək və inanıram ki, bu, nəticədən asılı olmayaraq, çox vətənpərvər və gözəl addım olacaq.
İfa etdiyiniz musiqilərin əksəriyyəti lirik janrdadır. Tam olaraq Eldar hansı janrın ifaçısıdır?
Bəli, mən daha çox dramatik, lirik janrda görürəm. Hərdən olur ki, daha çılğın və tempi yüksək mahnılar ifa edim. Bu isə tam olaraq mənim əhvalım və duyğularımdan asılıdır. Öz janrımı isə emosional pop kimi təsnif edərdim. Bu janrda mən həm rahat, həm də dinləyicilərimlə daha səmimi oluram.
Bir neçə il öncə bir filmdə baş rol ifa etmişdiniz. Bu təcrübə sizə nə qazandırdı?
Artıq filmin üstündən 7 il keçib və filmi indiyə qədər üç dəfə izləmişəm. Düzdür, bu, mənim üçün maraqlı təcrübə olsa da, indi düşünürəm ki, rolumu daha fərqli ifa edərdim. Baxmayaraq ki, nənəm mənimlə məşğul olur və mənə kömək edirdi, amma yenə də bəzən sıxılırdım, kameraya baxırdım. İnşallah, gələcəkdə həm Azərbaycanda, həm də xarici filmlərdə iştirak etmək istəyərəm.
Sosial şəbəkələrdə tez-tez ictimai mövzular haqqında fikir bildirir, çağırışlar edirsiniz. Sizcə, incəsənət insanının yaşadığı ölkənin ictimai və sosial həyatındakı rolu nədir və nə olmalıdır?
Sosial mövzular mənim üçün çox vacibdir və düşünürəm ki incəsənət insanları, ictimai fiqurlar əhalinin ürəyinə daha tez yol tapır. Çünki mədəniyyət insanlara daha yaxın və görünəndir. Ona görə, fikrimcə, bizim ağıllı və məsuliyyətli addımlarımız cəmiyyətimiz üçün çox vacibdir. Hər bir ölkədə məşhur insanlar popularlıqlarından istifadə edərək müxtəlif ideyaları və fikirləri irəli sürürlər və bununla da müəyyən bir kütləni istiqamətləndirmiş olurlar. Bunu mən də özüm üçün fürsət kimi görürəm və dinləyici kütləmin həcmindən asılı olmayaraq, keyfiyyətli olmasına çalışıram. İsəyirəm ki, biz rahatlıqla dialoq qura bilək və bir-birimizə öz fikirlərimizi məcbur yeritməkdən əl çəkək.
Ölkəmiz bu il 4-cü dəfə İLGA Avropa təşkilatının araşdırmasına əsasən Avropa ölkələri arasında ən homofob ölkə seçilib. Sizcə, bunun başlıca səbəbi nədir?
Düzü, bu təşkilatın statistikaları ilə tanış deyiləm. Razıyam ki, cəmiyyətimiz hələ ki, LGBTQ insanları qəbul etməyə hazır deyil. Bunun üçün də zaman lazımdır. Əminəm ki, zamanla insanlarımız LGBTQ fərdlərini də anlamağa başlayacaq.
Bildiyiniz kimi, iyun ayı dünyanın bir çox ölkəsində LGBTQ+ Qürur Ayı kimi qeyd edilir. Sosial şəbəkədə sizin bu mövzuda paylaşımınız birmənalı qaşılanmasa da, çoxlu sayda dəstək gördü. Ölkəmiz Qürur Ayını qeyd etməyə hazırdırmı?
Qısa olaraq desəm, cavabım “yox, hazır deyil” olardı. Bizim incəsənətdə çoxlu sayda LGBTQ nümayəndəsi var. Amma cəmiyyətimiz buna hələ hazır deyil. Düzünü desəm, mənim fikrimcə, qürur yürüşləri o qədər də vacib deyil. Mən öz paylaşımımda da heç kəsi yürüş etməyə çağırmırdım. Mən sadəcə demək istəyirdim ki, sevgi elə sevgidir. Onun nə dili, nə irqi, nə də cinsi var. Mən insanlara çatdırmaq istəyirdim ki, sevginin pisi olmur.
Mənim üçün şəxsən sevgi sakitçilikdir, işdən evə yorğun gəldiyin zaman sevgilini qucaqlayıb bir film izləmək, qəhvə içməkdir. Mənim sevgi haqqında qışqırmağı yox, sakitçiliyi üstün tuturam.
Paylaşımınızda qeyd etmişdiniz ki, sevgi səhv olmur. Bəs gələcəkdə sevgi haqqında ifa etdiyiniz hansısa mahnının klipində eynicinsli cütlüyə yer verərdinizmi?
Mən onu bir neçə il öncə etmişdim. “Closer” adlı mahnımın klipində iki qızın öpüşdüyü səhnə var. Bu mövzu bizim cəmiyyət üçün hələ çox gəncdir və zamanla insanlar bu mövzuya alışacaq, çünki LGBTQ insanlar həmişə olublar. Mən daha yaşlı nəsildən bu barədə soruşanda onlar da təsdiq edirlər ki, belə insanlar onların zamanında da olub. Sadəcə belə açıq olmayıb. Mən heç özüm də istəmirəm ki, bu mövzu ictimaiyyətə qabardılmış şəkildə çatdırılsın. Heç heteroseksual sevginin də qabardılmasının tərəfdarı deyiləm. Hər şey, məncə, öz çərçivisində gözəldir. Düzdür, sənətdə mən özümə heç bir hüdüd və sərhəd qoymuram. Əgər gələcəkdə hansısa mahnım bu cür çağırış etməyi tələb etsə, çox rahatlıqla edərəm. İlklər etmək, əlbəttə, hər zaman çox çətindir, çünki bu zaman qınayanlar, tənqid və təhqir edənlər çox olur. Amma bütün bunlara hazır deyilsənsə, sən heç kimsən. Mən isə özümü hazır hiss edirəm.
Sizinlə yanaşı Qürur Ayı ilə bağlı paylaşım edənlər arasında əməkdar artist Röya və stilist Anar da var idi. Məşhur insanların bu cür cəsarətli paylaşımları ictimai fikri dəyişməyə qadirdirmi?
Bəli, gördüm, mən öz adımdan deyim ki, bəlkə on nəfərdən biri fikrini dəyişdi. Amma mənim əsas məqsədim insanları sevməyə çağırmaqdır. Başqalarına yatağını kiminlə bölüşməsinə görə yox, insani keyfiyyətlərinə görə qiymət versinlər. Bu, mənim üçün daha vacibdir. Mən öz paylaşımımla həm həm də kimliyi ilə rahat olmayanlara cəsarət və sevgi göndərmişəm. Çatdırmaq istədiyim odur ki, heç kəsə sevginizlə borclu deyilsiniz, əsas odur ki, özünüzü qəbul edin və xoşbəxt olun.
Oxuyucularımza sözünüz.
Biz fərqliliklərdən danışdıq. Amma mənim üçün sevgilər arasında heç bir fərq yoxdur. Sevgi mənim üçün hörmət, fədakarlıq, cəsarət deməkdir və bunu həm dost, həm valideyn, həm bacı-qadaş, həm də həyat yoldaşın tələb edir.
Mən istərdim ki, oxuyucularımız insanları yalnız yaxşı xüsusiyyətlərinə görə fərqləndirsinlər. Çünki dünya reallıqda çox qəddar və çətin yerdir. Mən istərdim ki, bizim oxuyucularımız bu baxımdan fərqli olsunlar. Özünüzü qəbul edin, ürəyinizi açın və xoşbəxt olun.
Powered by Froala Editor