Homonormativlik nədir?
Heteronormativliyin nə demək olduğu haqqında çox danışılıb.
07/Jan/21
2250
Homonormativlik nədir?
Heteronormativliyin nə demək olduğu haqqında çox danışılıb – heteroseksual oriyentasiyanın və cisgender kimliyin bir növ normallıq vahidi sayılması, cəmiyyətin ancaq cis-hetero şəxsləri normal qəbul etməsi, cis-hetero olmayan şəxslərin marjinallaşdırılması.
Bəs onda homonormativlik nə deməkdir?
Homofobiya və heteronormativliyə qarşı illərlə sürən mübarizə nəticəsində queer şəxslər ayrıca bir qrup kimi qəbul olunmuş və vahid ümumi bir kimlik formalaşdırmışdır. Homonormativlik lezbiyan və gey şəxslərin queer hərəkatına dominantlıq etməyidir, queer kimlikləri yalnız heteroseksual şəxslərə məntiqli gələ bildiyi, proqnozlaşdırıla bildiyi və çoxluq tərəfindən anlaşıla bildiyi müddətcə əsaslı saymaqdır.
Homonormativlik heteronormativ mədəniyyətə paralel olaraq yaranmış, queer insanların kimliklərinin salındığı yeni bir çərçivə, yeni qayda-qanunlar toplusudur. Heteronormativliyin kölgəsi, queer insanlara yansımış variantıdır.
Məsələn, bir çox şəxs istər cishetero, istərsə də, queer olsun, lezbiyan əlaqələri ancaq qadınlardan birinin “butch”, digərinin “femme” olduğu müddətcə başa düşə bilir. Butch - ənənəvi maskulin, femme- ənənəvi feminin sayılan lezbiyanlardır. Bu normalardan kənara çıxdıqda bu, insanlarda çaşqınlıq yaradır, həmin əlaqənin ciddiliyini anlamaq prosesi çətinləşir. Lezbiyan, gey şəxslərdən yaradılmış imicə uyğunlaşmaqları gözlənilir, uymayanda onları təkləyirlər.
Bundan başqa, elə queer icmasının daxilində biseksualları LGBTQ+dan çıxarmağa çalışan geniş bir kütlə var. “Ya bu olmalıdır, ya da digəri” prinsipi LGTQ+lərin daxilində də kök salıb. Bir şəxsin həm kişi, həm qadınları bəyənməyi “normadan kənara çıxma” kimi qiymətləndirilir. Onlardan bir tərəf seçməklərini istəyirlər.
Qeyri-binar gender kimlikləri sıxışdırılır, çünki onlar ümumi cəmiyyətin qaydalarına sığmırlar və “queer hərəkatının ciddiyə alınması prosesini ləngidirlər”. Transgenderlərin gey olmağını queer fərdlər belə yaxşı qarşılamır. Keçən illərin hansındasa, Pride paradlarının birində cisgender lezbiyanlar transgender lezbiyanları paraddan qovmağa cəhd etmişdilər. Onlar transgender lezbiyan qadınları maskalanmış “heteroseksual kişilər” adlandırırdılar. Bu, baş vermiş ilk belə protest deyildi.
Aseksual şəxslərin seksual istək duymaması, yaxud ənənəvi sayılandan daha fərqli dərəcələrdə və formalarda bu hisləri yaşaması da digər bir çox queer fərd tərəfindən normal qarşılanmır, onları akronimə daxil etmək belə istəməyənlərin sayı az deyil.
Panseksual kimliklər də eləcə, cəmiyyətin ikili sərhədlərindən kənara çıxdığı üçün çox vaxt ciddiyə alınmır.
Seks işçiliyi ilə məşğul olan queer şəxslər, xüsusilə trans qadınlar queer şəxslərin adına ləkə gətirib, gey haqlarının qazanılması prosesinə maneə olmaqla günahlandırılır. “Onların üzündən elə bilirlər hamımız beləyik” tipli cümlələri çoxlarımız eşitmişik.
Homonormativlik, bir növ, cis-hetero şəxslərə özümüzü bəyəndirmək və “normal” qəbul etdirmək cəhdlərini özündə birləşdirir, müəyyən incə xətt üzərində hərəkət edərək queer şəxsləri digərləri tərəfindən anlaşıla biləcək, başa düşülə biləcək sırada saxlamağa çalışır. Hansısa bir kimlik bu çərçivələrə sığmırsa, onların hətta “queer” kimliyi sual altına alınır. Hər bir queer şəxsin boynuna bütün hərəkatı və icmanı təmsil etmək yükü qoyulur. Bunun “homonormativlik” adlandırılmasının əsas səbəbi queer şəxslərin elə queer şəxslərə ayı-seçkilik etməsi və bunu cis-hetero şəxslərin queer şəxslərə göstərdiyi ayrı-seçkiliklə dəhşətli dərəcədə oxşarlıqla sərgiləməsidir.
Queer hərəkatının ən çox görünürlüyə sahib insanları özlərinin hansısa queer kimliyi anlamadığı zaman xüsusilə də cis gey kişilər və cis lezbiyan şəxslər onlara cis-heteroseksualların homoseksuallara göstərdiyi münasibəti göstərirlər.
Çox queer şəxslər homonormativliyə görə özünü təklənmiş hiss edir və bəziləri hətta hərəkata olan inamlarını da itiriblər.
Homonormativlyin panseksuallıq fonunda nə demək olduğunun daha ətraflı izahını buradan oxuya bilərsiz.
Müəllif: Sam
Powered by Froala Editor