BMT Təhlükəsizlik Şurasının 1325 saylı gender kələyi
BMT Təhlükəsizlik Şurasının 1325 saylı gender kələyi: Ermənistan-Azərbaycan münaqişəsi kontekstindən baxış
28/May/24
1498
BMT Təhlükəsizlik Şurasının 1325 saylı gender kələyi: Ermənistan-Azərbaycan münaqişəsi kontekstindən baxış
Müəllif: Sevinc Səmədzadə
Giriş
Son üç ildə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə tez-tez münaqişənin həll ərəfəsində olduğu fikrinin təbliğ olunduğunu görürük. Xüsusən də, 2020-ci il müharibəsindən sonra Azərbaycanın xeyrinə olan əhəmiyyətli dəyişiklikləri və Dağlıq Qarabağın bu yaxınlarda ləğvini nəzərə alsaq, münaqişənin fərqli və bəlkə də yekun bir fazada olduğu düşünmək olar. Lakin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin perspektivləri nəzəri cəhətdən mümkün görünsə də, həll edilməmiş fikir ayrılıqları hərtərəfli razılığa nail olunmazsa, hərbi əməliyyatların potensial olaraq yenidən alovlanması ilə bağlı narahatlıqlar yaradır (Khachatryan, 2024). Sülh sazişinin imzalanması, onun həll edəcəyi məsələlər və onun davamlı sülh yaratmaq qabiliyyəti ilə bağlı aktual suallar hazırda ön plandadır.
2020-ci il müharibəsindən sonra və yeni danışıqlar formatlarının, o cümlədən birbaşa dialoqun tətbiqi ilə baş verən köklü dəyişikliklərə baxmayaraq, davamlı bir problem olduğu kimi qalır - danışıqlar prosesləri tamamilə kişi mərkəzli davam edir (Samadzade, 2022). Qadınların səsinin və daha geniş ictimaiyyətin iştirakının bu prosesdən qəsdən kənarlaşdırılması danışıqları xarakterizə edir. Amma qadınların siyasi diskursdan kənarlaşdırılması aysberqin görünən tərəfidir – görünməyən isə danışıqların formatı və niyyətinin hakim elitanın və siyasi güclərin iqtisadi və siyasi maraqları ətrafında dönməsi, münaqişədən öz mənfəətləri üçün istifadə edən patriarxal və kapitalist güc strukturlarının davam etdirilməsidir. Bu dinamika isə heç vaxt bitməyən rəqabət və qarşıdurma yaradır, ictimaiyyəti isə bu prosesdə izləyicidən başqa bir şey olmağa imkan vermir.
Üstəlik, münaqişələr və müharibələr vasitəsilə davamlı siyasi güclərini bərqərar etmək üçün dövlətlər hərbiləşdirilmiş kişiliklər ideologiyasını yeridirlər. Hərbiləşdirilmiş kişilik ideologiyası güc, təcavüz və üstünlük anlayışları kişilik atributlarına çevirərək, hərbi kontekstlərdə ənənəvi kişiliklə əlaqəli xüsusiyyətləri yaradır və gücləndirir (Eichler, 2014). Bu konstruksiya dövlətlər tərəfindən güc tətbiqinə haqq qazandırmaqla və fərdlərin kişi kimliyinə istinad etməklə onları hərbi xidmətə cəlb etmək üçün istifadə olunur. Həm Azərbaycan, həm də Ermənistan olduqca hərbiləşdirilmiş dövlətlər kimi hərbiləşdirilmiş kişilik gücündən təkcə düşmənçilik və müharibə mənbəyi kimi deyil, həm də danışıqlar prosesində iddialılıq vasitəsi kimi istifadə etməkdə davam edirlər. Buna görə də, sülh və münaqişə ətrafında olan ictimai fikir, müharibənin sülhə bərabər olduğu deyən hərbiləşdirilmiş dövlət diskursunu təkrarlamaqdan ibarətdir.
Bu diskursu dəyişdirmək və sülh sazişinin imzalanması və davamlı sülhün qurulması ilə bağlı problemləri həll etmək, davam edən münaqişənin dəyişdirilməsində feminist müdaxilədən keçir. Feminist perspektivlər kişi mərkəzli sistemlərin dağıdılmasına və şəxsi və beynəlxalq sferanın bir-birinə bağlılığının tanınmasına diqqət yetirməklə, münaqişənin əsas səbəblərini həll etmək və həqiqi və davamlı sülhə doğru çalışmaq üçün kritik bir baxış təqdim edir. Lakin bir sual qalır: Qadınlar Ermənistan və Azərbaycan arasında mövcud sülh prosesində fəal iştirak etsələr, nə dəyişəcək?
Bu suala cavab vermək üçün BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizliklə bağlı geniş şəkildə tədqiq olunan 1325 saylı qətnaməsinə (BTŞ 1325) nəzər salacağıq. Tez-tez əsas təməl kimi təqdim edilən bu qətnamə 2000-ci ildə qəbul edildikdən sonra silahlı münaqişələrdə qadınlar mövzusunun əsas istinad mənbəyi olmuşdur (Security Council, 2000). Qətnamə İştirak, Qoruma, Qarşısının alınması və Yardım və Bərpa olmaqda 4 istiqamətdən ibarətdir. Minilliyin başlanğıcı üçün bu qətnamə münaqişələrin həllində və sülh quruculuğunda qadınların iştirakçılığını təmin etmək yolunda böyük bir addım idi. Həm də BMT-nin bir qurum kimi nə qədər kişi mərkəzli olduğunu nəzərə alsaq, qadınların qərar qəbul etmə masasına daxil edilməsinə dair bu liberal ideya o vaxtlar yaxşı bir illüziya yaratmışdı.
Buna baxmayaraq, bu gün Ermənistan, Əfqanıstan, Myanmar və ya Fələstin kimi misallarda olduğu kimi, kimlik siyasəti fasadı altında dövlətlər və kapitalist qüvvələr tərəfindən müharibə sistemlərinin necə davam etdirildiyinə nəzər saldıqda, həm liberal sülh ideyası, həm də liberal feminist təhlükəsizlik ideyası olduqca uğursuz görünür (Reina, 2022; Olivius, Hedström, & Phyo, 2024; Nikoghosyan, 2017; Bannister , 2023). Qadınların sülh quruculuğuna və münaqişələrin həllinə cəlb olunmasını vurğulayan liberal feminist sülhün uğursuzluğuna tənqidi baxmaq üçün bu yazı BMT Təhlükəsizlik Şurasının 1325 saylı çərçivəsinə yenidən nəzər salır. Bir vaxtlar “inqilabi” olan bu gündəmin indi qadınların azadlığı və təhlükəsizliyi üçün niyə və necə heç bir yenilik gətirməyə qadir olmaması aşağıda müzakirə ediləcək.
Müharibələri necə təhlükəsiz etmək və ya təhlükəsiz müharibə etmək?
Qətnamənin araşdırdıqda onun ən azı iki istiqamətini tədqiq etməklə diskursiv məntiqini aydın başa düşmək olur. İlkin istiqamət olan “İştirakçılıq” qadınların həm münaqişədə, həm də sülh dinamikasında iştirakının dəyişdirici olduğunu vurğulayır. Bu, həm də bu yazının mərkəzi sualına - yəni, qadınların sülh qurucuğunda iştirakının davamlı sülh yaradıb-yaratmadığına baxmağa əsas verir. Liberal feminizmin prinsipləri daxilində iştirak anlayışı strateji olaraq qadınların bilavasitə onlara aid olan məsələlərdə səlahiyyətlərini təsdiq etmək üçün bir vasitə kimi qəbul edilmişdir. “Biz də masaya əyləşək” paradiqması ilk baxışdan vədlər versə də, daha dərindən araşdırdıqda saysız-hesabsız sualları ortaya qoyur: iştirak necə özünü göstərir? İştirakçılar kimlərdir? Və bu cür əlaqənin əsas vasitələri və məqsədləri nədir?
Sonradan, ikinci istiqamət “Qorumaq” - qətnamənin ümumi niyyəti ilə bağlı daha az qeyri-müəyyənliyi ifadə etsə də, sanki iştirakçılıq məntiqini tamamlayır. Belə ki, bu istiqamət kimin qorunmalı və kimin qurban olduğunu müəyyən edir və onların müdafiəsinin təmin edilməsi üsullarını təsvir edir. Bununla belə, qətnamə bu mülahizələrin arasında əsas mövzudan - müharibənin və hərbiləşdirilmiş kişiliyin geniş təsirinə toxunmaqdan açıq şəkildə yayınır (Cockburn, 2013). Bu mövzu ilə üzləşmək istəməməsi qətnamənin effektivliyi və onun münaqişənin və gender əsaslı zorakılığın əsas səbəblərini həll etmək potensialı ilə bağlı əvvəldən suallar yaradır.
BMT Təhlükəsizlik Şurasının 1325-ci sənədi ideyadan reallığa çevrildiyi andan həm dil olaraq, həm də ümumi siyasət olaraq qəsdən gender, sülh və təhlükəsizliyin siyasi mahiyyətini itirmişdir. Maraqlıdır ki, hətta qətnamənin qəbulunu müdafiə edən işçi qrupunun əhəmiyyətli bir hissəsi də özlərini nə "müharibə əleyhdarı", nə də açıq şəkildə feminist kimi qəbul etməmişlər (Cohn, 2008). Genderi qadınlarla, sülhü müharibəylə, təhlükəsizliyi isə hərbi güclə eyniləşdirən bu siyasət daxilində nə “iştirak”, nə də “qorunma” qadınları azad edə bilməz. Bu sadələşdirilmiş çərçivədə qadınların “masaya əyləşməsi” mövcud sistemə meydan oxuyan qüvvə deyil, sadəcə dişli çarx olur. Burada qadınlar “qorunan” subyekt roluna salınır və müharibələr zərurət sayılır. Qətnamənin açıq məqsədi isə müharibəni təhlükəsiz etməkdir.
Bununla belə, BMT daxilində hökm sürən silah ticarəti və güc mübarizəsi fonunda bu qətnamənin feminist sülh ideallarını istismar etmək üçün münbit zəmin olması demək olar ki, qaçılmaz olur. Bu, çətin deyil, əksinə, militarist təcrübələri təsdiqləyir və normallaşdırır, eyni zamanda hər hansı bir anti-militarist narazılığı boğur. Beləliklə, Qətnamə təkcə müharibə sistemlərinə qarşı çıxmaqdan yayınmır, həm də hərbiləşdirilmiş kişilik aspektini nəzərdən qaçırır. Vurğunu isə yalnız “münaqişələr zamanı və ondan sonra qadınların və qızların hüquqlarını qorumaq” və onları gender əsaslı zorakılıqdan, xüsusən də zorlama və digər cinsi zorakılıq formalarından qorumaq zərurəti üzərində saxlayır (Security Council, 2000).
Qadın, Sülh və Təhlükəsizlik arxitekturasında eyni mənadə işlədilən gender və qadın terminləri heteronormativ konstruksiyadan kənarda olan fərdlərin qadın kimi təsnif olunmaması ilə nəticələnir (Hagen, 2016). Bu çərçivədə isə seksual və gender əsaslı zorakılığın izlənilməsi və monitorinqi zamanı digər cinsi oriyentasiya və ya gender kimliyində olan şəxslərə olduqca laqeyd yanaşılır. Radikal feminist təhlükəsizlik araşdırmaçıları və beynəlxalq münasibətlərdə kuir nəzəriyyəsini araşdıranlar isə bu ikili anlayışdan kənara çıxan çərçivələri təmin edirlər. Buna görə də, gender əsaslı biliyin feminist dekonstruksiyası qadınların və LGBTQİ+ əhalinin fəaliyyətlərini və təcrübələrini birləşdirərək, onlara hakim olan kişi mərkəzli sistemlərə meydan oxumaqla sosial münasibətləri və təhlükə və təhlükəsiz anlayışını yenindən təhlil edir.
Beynəlxalq münasibətlərin və siyasətin böyük hissəsini koordinasiya edən böyük bir kişi mərkəzli siyasi struktur kimi BMT uzun müddətdir ki, dövlət mərkəzli inanclar ətrafında yer alan təhlükəsizlik anlayışını legitimləşdirmək üçün qadınların və LGBTQİ+ların təcrübə və fəaliyyətlərindən istifadə edib. Bu qurum qlobal miqyasda nəyin “təhdid” olduğunu və kimin hücuma məruz qalmalı və ya müdafiə edilməli olduğunu müəyyən edərək müharibə və sülhün yaradılması ilə bağlı qərarların qəbul edildiyi əsas qlobal təşkilatdır.
Uzun müddətdir ki, feminist araşdırmaçılar nəyin "təhlükə", kimin "qorunma"-lı olduğunu və bu "struktur asılılığı" və "tabeçiliyi" yaradan şeylərin mahiyyətini araşdırırdılar (Tickner, 2011; Enloe, 2014; Peterson, 1992). Bu elmi mövqelər kişilərin, xüsusən də elit kişilərin təcrübəsini reallıq kimi görən mövcud ənənəvi, əsasən realist, eyni zamanda liberal Beynəlxalq Münasibətlər araşdırmalarını tənqid etməyə kömək etmişdir. Lakin humanitar böhran, ətraf mühitin deqradasiyası, gender ədalətsizlikləri də daxil olmaqla bir çox zülm təbəqələri ilə üzləşməsinə baxmayaraq, essensialist yanaşmalar hələ də siyasi kimliyin qurulması və siyasi cəmiyyət anlayışını diqtə edirlər.
Müasir milli dövlətlər öz ideyalarını “milli təhlükəsizlik” əsasında mərkəzləşdirirlər ki, bu da qadınların reallığı ilə tamamilə ziddiyyət təşkil edir. Əslində isə, milli təhlükəsizliyin qorunması, qadınların təhlükəyə atılması deməkdir. Feminist perspektiv isə yalnız təhlükəsizliyin mənasını deyil, həm də ona kimin layiq olduğunu sual altına alır, çünki təhlükəsizlik daha geniş, çoxölçülü səviyyədə müəyyən edilməlidir və struktural zorakılığın bütün formalarını, o cümlədən genderləşmiş dövlət tərəfindən sistematik şəkildə təşkil edilən zorakılığı da əhatə etməlidir.
Feminist Militarizasiya
İndiyə qədər bir çox araşdırmaçı son bir neçə onillikdə BMT-nin qadınlar, sülh və təhlükəsizliklə bağlı 1325 saylı Qətnaməsinin NATO və eyni zamanda dövlətlər tərəfindən öz maraqları üçün necə istifadə olunduğunu və bununla da, nə qədər səmərəsiz olduğunu mübahisə edibdir (Wright, 2016; Nikoghosyan, 2017; Bannister , 2023). Bu sui-istifadə özünü xüsusilə militarist formada təqdim edir, burada qadınların təhlükəsizliyi ideyası dövlət təhlükəsizliyi və qadınların təhlükəsizlik sektoruna cəlb edilməsi ilə bərabərləşdirilir.
Araşdırmaçı Anna Nikoghosyan beynəlxalq münasibətlərə poststrukturalist feminist nəzəriyyəsindən çıxış edərək tənqidi araşdırması ilə 1325 saylı qətnamənin necə sui-istifadə olunduğunu göstərir. Nikoghosyan Ermənistan nümunəsindən istifadə edərək Qətnamənin hərbiləşdirilməsinin iki əsas yolunu vurğulayır. Birincisi, "qorunmağa ehtiyacı olan qadınlar" adı altında xarici militarist müdaxilələrə şərait yaradılır və ikincisi, qadınların münaqişədən sonrakı yenidənqurmada "iştirak" adı ilə təhlükəsizlik sektoruna və silahlı qüvvələrə daxil edilməsinə haqq qazandırılır (Nikoghosyan, 2017). Hərbi və polis orqanlarında qadınların sayının artırılması Ermənistanın Qətnamə ilə əlaqədar olan Milli Fəaliyyət Planının əsas hədəflərindəndir (NAP Armenia, 2019). Anna müharibə və militarizmi diskursiv praktikalar kimi başa düşməyin vacibliyini vurğulayır və ənənəvi müharibə və sülh anlayışına qarşı mövqe qoyur. O, fərdlərin və az qala hər şeyin hərbiləşmiş sistem tərəfindən idarə olunduğu iddia edən Cynthia Enloe-nun militarizm konsepsiyasından istifadə edərək iddia edir ki, başlanğıcda patriarxiyaya meydan oxuyacağı gözlənilən 1325 qətnaməsi kişiləşdirilmiş militarizasiya üçün gizli strategiyaya çevrilir (Nikoghosyan, 2017).
2019-cu ildə 1325 saylı Qətnamə əsasında Milli Fəaliyyət Planını qəbul edən Ermənistandan fərqli olaraq, Azərbaycan hələ də Milli Fəaliyyət Planını qəbul etməyib. Bu istəksizlik siyasi rejimin silahlı münaqişələrdə və siyasətdə qadınların rolunu etiraf etməkdən imtina etməsindən irəli gəlir. Bununla belə, qətnamənin effektivliyi və həqiqi təsiri ilə bağlı daha böyük suallar yaranır və bu, Azərbaycanın yanaşmasının Ermənistanınkından əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməyəcəyini şübhə altına alır.
Azərbaycanda 2019-cu ildə oxşar plan layihəsi qadınların sülh quruculuğunda iştirakı mövzusunda layihələrin həyata keçirilməsində fəal olan vətəndaş cəmiyyəti üzvləri tərəfindən hazırlanmışdı. Azərbaycanın MFP layihəsində daha çox təhsil və humanitar məsələlərə diqqət yetirilsə də, qadınların orduya və təhlükəsizlik sektoruna, o cümlədən polis orqanlarına daxil edilməsi mövzusu da eyni şəkildə “iştirak” sütununda qeyd olunub: “Xüsusi fəaliyyət 5.2.1.2. Hərbi və polis sistemində, xüsusilə rəhbər vəzifələrdə qadınların sayını artırmaq üçün müvafiq orqanlar üçün işə qəbul strategiyasının hazırlanması; müvafiq bacarıqlara malik qadın namizədlərin məlumat bazasının hazırlanması” (Draft NAP, Azerbaijan, 2019).
Onu da qeyd etmək yerinə düşər ki, nə Milli Fəaliyyət Planının qəbul edilməsi prosesini koordinasiya edən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, nə də bu prosesdə iştirak edən “feminist” və ya “gender ekspertləri” öz millətçi və ya müharibə tərəfdarı mövqelərindən çəkinmirlər. Bu mövqe 2020-ci il müharibəsi zamanı aydın olmuşdu. Belə ki, gender və konflikt üzrə ekspert sayılan icmanın əksəriyyəti nəinki sülh çağırışından yayındı, həm də müharibə səylərini böyük ölçüdə dəstəklədi (Samadzade, 2022).
Beləliklə, bu cür “feminist” siyasətlər onların arxasında hansı məqsədin dayandığı sualını doğurur. Başlanğıcda patriarxal quruluşa meydan oxuyacağı düşünülən 1325 qətnaməsi, kamuflyaj strategiyasına çevrilir. Qadınların təhlükəsizlik və hərbi sektorlarda artan iştirakı gücləndirici kimi qəbul edilsə də, əslində, mövcud militarist sistemlərdə qadın əməyini istismar etməklə yanaşı, onları “bərabər imkanlar” adı altında bunu bayram etməyə məcbur edir. Bu yanaşma qadınları azad etmir, əksinə onların hərbiləşdirilmiş çərçivədə asılılığını və gücsüzlüyünü gücləndirir.
Bu gün bir çox dövlətin dövlət hərbi sistemində daha çox qadınlar cəlb olunsa da, bu vəziyyət qadınları azad etmək əvəzinə, onlara qarşı zülm və istismarı ikiqat artırmışdır. Məsələn, İsraildə qadınların hərbidə iştirakı kişilərə bərabərdir ki, bu da onların məcburi hərbi xidmətə cəlb olunmasına səbəb olur. Lakin bu “imtiyaz” qadınları kişi əsgər imicini təkrarlamağa və erkək güc strukturlarına uyğunlaşmağa sövq edir. Dövlət qadınların öz müharibə sistemlərində iştirak etmək istəməmək azadlığından imtina edərək, nəyin qanuni olduğunu müəyyənləşdirir. İsraildə ideoloji səbəblərə görə hərbi xidmətdən imtina edən qadınlar həbslə üzləşə bilər (BBC, 2021). Dini irticaçılar qadınların orduda iştirakını rədd edir, dünyəvi dövlətlər və cəmiyyətlər isə qadınlara hərbi sistemin bir hissəsi olması üçün təzyiq göstərir. Həm irticaçıların, həm də dövlətin bu ikili təzyiqi qadınların azad edilməsi məsələsini həll edə bilmir, əksinə, onların istismarını ictimai və özəl sahələr arasında dəyişdirir (Jacoby, 2010).
Buna görə də, 1325 qətnaməsi kimi qlobal hüquqi və humanitar infrastruktur vasitəsilə feminizmin militarizasiyasına cavab radikal feminist mövqedən gəlməlidir. Bu mövqeyi qəbul etmək istər hərbi, istərsə də dövlət təhlükəsizlik çərçivələri olsun, təzyiqçi strukturlara uyğunlaşma anlayışını rədd etmək və köklü sistemli dəyişiklikləri tələb etmək deməkdir. Bu yanaşma həm qadınları və uşaqları qurban kimi təsvir edən məlum diskursu, həm də davam edən militarizasiya qarşısında “bərabər imkanların hökmranlığını”[1] alqışlayan siyasətləri qətiyyətlə rədd edir.
Müasir qlobal mənzərədə artan münaqişələrin fonunda həm feminist pasifizm, həm də feminist militarizm sorğulanır. Rusiyanın işğalına cavab olaraq Ukraynanın son hərbiləşdirilməsi həm pasifistlər, həm də feministlər arasında öz strategiyalarını yenidən qiymətləndirməyə səbəb oldu. Bununla belə, Enloe tərəfindən vurğulandığı kimi, feministlərin hətta bu əsaslandırılmış və zəruri hərbiləşdirməyə qarşı skeptisizmi üçün kifayət qədər səbəbi var (Enloe, 2023). Bu skeptisizmin mərkəzində hərbiləşmənin kişi güc dinamikasını əsaslı şəkildə gücləndirdiyini, xüsusən də kişilik iyerarxiyasının yuxarı eşelonlarını tutan kişilərə fayda verdiyini anlamaq dayanır.
Radikal feminizm bizi özünümüdafiə və militarizasiya arasındakı nüanslı fərqi ayırmağa dəvət edir. O, patriarxal dövlət hökmranlığını davam etdirən bir vasitə kimi militarizasiyanı rədd edərək, radikal feminizm militant özünümüdafiə strategiyalarını müdafiə edir (Gago & Mason-Deese, 2020). Resursları təhsil, ətraf mühitin mühafizəsi və sosial rifah kimi qadınların həyatının mühüm aspektlərindən yayındıran sistemli hərbiləşdirməni ardıcıl olaraq sorğulayır.
Nəticə
Ermənistan və Azərbaycan arasında mövcud sülh prosesinə qadınların daxil edilməsindən nə gözləmək barədə ilkin qaldırılan suala qayıtsaq, belə nəticəyə gələrik ki, “iştirak” təkbaşına kifayət etmir. Qadınların sülh prosesinə daxil edilməsi “bərabər imkanlar hökmranlığını” feminist idealların və qadınların səlahiyyətləndirilməsi kimi təqdim etməklə, kapitalist və dövlət elitasına öz qazanclarını strateji olaraq gizlətməyə imkan verir. Üstəlik, bu siyasət “qadınların müdafiəsi” bayrağı altında hərbiləşdirməyə haqq qazandıran hərbiləşdirilmiş kişiliyin güclənməsinə və qadınların sistemli şəkildə qurbana çevrilməsinə xidmət edir. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 1325 saylı qərarı həm bu diskursu, həm də siyasəti gücləndirdiyi üçün nəinki səmərəsiz, həm də qeyri-adekvatdır. Liberal feminist yanaşmaların uğursuzluğu və 1325 kimi qətnamələrin məhdudiyyətləri təhlükəsizliyin radikal, çoxölçülü başa düşülməsini zəruri edir. Danışıqlar prosesində davamlı gender güc balanssızlığı və feminist gündəmlərin militarizasiyası bu marionet şousunu rədd etmək və şəxsi və beynəlxalq sferanın qarşılıqlı əlaqəsini tanımaqla başlayır. Bununla da, münaqişəni yaradan və davam etdirən əsas səbəbləri həll etmək üçün tənqidi və dəyişdirici baxış təmin etmək və davamlı sülhə nail olmaq mümkündür.
Qeyd
[1] Cinzia Arruzza, Tithi Bhattacharya və Nancy Fraser "99% üçün Feminizm: Manifest" kitabında "bərabər imkanlar hökmranlığını” feminizm pərdəsi altında insanlardan onları kişilərin yox, qadınların istismar etməsini və hərbi sistemdən tutmuş digər zülm siyasətlərinin başında kişilərin yox, qadınların olmasını tərənnüm edən bir ideya kimi izah edirlər.
İstinadlar
- Arruzza, C., Bhattacharya, T., & Fraser, N. (2019). 99 faiz üçün feminizm: manifest. Verso.
- Bannister, S. (2023). UNSCR 1325 Əfqanıstanda qadınlara, sülhə və ya təhlükəsizliyə kömək etmədi: Beynəlxalq təhlükəsizlikdə militarizm və hegemon kişiliyin rolu". CMC Baş Tezisləri. 3119. https://scholarship.claremont.edu/cmc_theses/3119/?utm_source saytından alındı. =scholarship.claremont.edu%2Fcmc_theses%2F3119&utm_medium=PDF&utm_campaign=PDFCoverPages
- BBC. (2021, 31 oktyabr). İsrailli qadın orduya getməkdən imtina etdiyi üçün üç dəfə həbs edilib . BBC-dən alındı: https://www.bbc.co.uk/news/av/world-middle-east-59084408
- Cockburn, C. (2013). Müharibə və təhlükəsizlik, qadınlar və gender: məsələlərə baxış. Gender və İnkişaf, 21(3) , 433–452. http://www.jstor.org/stable/24697269 saytından alınıb
- Cohn, C. (2008). BMT-nin Təhlükəsizlik Siyasətində Genderin Əsaslandırılması: Siyasi transformasiyaya gedən yol? Qlobal İdarəetmə: Feminist Perspektivlər , 185-206.
- MFP layihəsi, Azərbaycan. (2019). 2020-2023-cü illər üçün Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının Layihəsi. https://1325naps.peacewomen.org/wp-content/uploads/2021/07/Azerbaijan-2020-2023.pdf saytından alınıb.
- Enloe, C. (2014). Bananlar, Çimərliklər və Hərbi Bazalar. Beynəlxalq Siyasətdə Feminist Hissin Yaradılması. https://www.ucpress.edu/book/9780520279995/bananas-beaches-and-bases saytından alındı
- Enloe, C. (2023, 03 fevral). “Militarizasiyaya şübhə ilə yanaşın” | Chatham House – International Affairs Think Tank. https://www.chathamhouse.org/publications/the-world-today/2023-02/cynthia-enloe-be-sceptical-militarization
- Eichler, M. (2014). Beynəlxalq Münasibətlərdə hərbiləşdirilmiş Kişiliklər. The Brown Journal of World Affairs, 21(1), 81–93.
- Gago, V., & Mason-Deese, L. (2020). Feminist İnternasional: Hər şeyi necə dəyişdirmək olar. Verso.
- Hagen, J. (2016). Qadınlar, sülh və təhlükəsizliyi kuirləşdirmə. Beynəlxalq Münasibətlər. Kral Beynəlxalq Münasibətlər İnstitutu 1944-), 92(2) , 313–332. http://www.jstor.org/stable/24757887 saytından alınıb
- Jacoby, T. (2010). Feminin döyüşmək: İsraildə Döyüşçü Qadınlarının Dilemmaları. Gender, Müharibə və Millitarizm: Feminist Perspektivlər , 80-90.
- Xaçatryan, A. (2024, 19 yanvar). Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması yalnız nəzəri cəhətdən mümkündür . Jam News-dan alındı: https://jam-news.net/is-the-conflict-exhausted/
- MFP Ermənistan. (2019). Ermənistan Respublikasının 2019-2021-ci illər üçün Milli Fəaliyyət Planı. https://1325naps.peacewomen.org/wp-content/uploads/2020/12/Armenia-NAP-2019-2021.pdf saytından alınıb.
- Nikoqhosyan, A. (2017). Feminizmin uyğunlaşdırılması: Gender, Militarizm və BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi. Die Heinrich-Böll-Stiftung . https://feminism-boell.org/az/2017/09/26/co-optation-feminism-gender-militarism-and-unsc-resolution-1325 saytından alınıb.
- Olivius, E., Hedström, J., & Phyo, ZM (2024). Feminist sülh, yoxsa dövlətə uyğunlaşma? Myanmarda Qadınlar, Sülh və Təhlükəsizlik gündəmi. European Journal of Politics and Gender, cild 5, № 1 , 25–43. doi: 10.1332/251510821X16359327302509
- Peterson, V. (1992). Gender Dövlətləri: Beynəlxalq Münasibətlər Nəzəriyyəsinin Feminist (Yenidən) Baxışları. https://www.rienner.com/title/Gendered_States_Feminist_Re_Visions_of_International_Relations_Theory saytından alındı
- Reina, FM (2022, 21 dekabr). İşğal olunmuş Fələstin Ərazisində Liberal Feminist Sülh Quruluşunun Limitləri. E-Beynəlxalq Münasibətlərdən əldə edilib: https://e-ir.info/2022/12/21/limits-of-liberal-feminist-peacebuilding-in-the-occupied-palestinian-territory/
- Səmədzadə, S. (2022, 10 fevral). Genderləşmiş danışıqlar porsesinin Dağlıq Qarabağ münaqişəsinə təsiri. Feminist Sülh Kollektivindən əldə edilib: https://www.feministpeacecollective.com/en/post/implications-of-gendered-negotiation-processes-on-nagorno-karabakh-conflict
- Təhlükəsizlik Şurası. (2000). S/RES/1325. Təhlükəsizlik Şurasının qadınlar və sülh və təhlükəsizlik haqqında qətnaməsi . https://peacemaker.un.org/node/105 saytından alınıb
- Tickner, J. (2011). Feminist Təhlükəsizlik Araşdırmaları: İnkişaf etməkdə olan Sahənin qeyd edilməsi. Siyasət və Gender. 7(4) , 576-581. doi: 10.1017/S1743923X11000377
- Wright, K. (2016). NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı BMT Təhlükəsizlik Şurasının qəbulu: Gündəmin reallığa çevrilməsi. Beynəlxalq Politologiya İcmalı, 37(3) , 350-361. https://doi.org/10.1177/0192512116638763 saytından alındı
Powered by Froala Editor