8 Marş - Haqlarımız Uğrunda
Ötən 8 mart aksiyasından bu günə qədər biz ölkədə qadın haqları sahəsində vəziyyətin nə yerdə olduğunu müşahidə edə bildik
01/Mar/21
2672
8 Marş - Haqlarımız Uğrunda
Ötən 8 mart aksiyasından bu günə qədər biz ölkədə qadın haqları sahəsində vəziyyətin nə yerdə olduğunu müşahidə edə bildik. Pandemiya dönəmində zorakı şəxslərlə birlikdə evlərə həbs olunan qadınlar üçün heç bir dövlət proqramı həyata keçirilmədi. Pandemiyanın ardınca müharibə və sosial-iqtisadi problemlərin qadınların həyatına necə təsir etdiyi məsələsinin diqqətdən kənarda qaldığını gördük. Çoxsaylı qadın intiharları və qadın qətlləri xəbərlərindən dəhşətə gəldik.
Baş verənləri nəzərə alaraq biz aşağıdakı tələbləri irəli sürürük:
İstanbul Konvensiyası qəbul edilsin!
Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun!
Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin!
Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın!
Bu tələblərlə biz 8 mart 2021 tarixində saat 15:00-da ənənəvi “8 Marş - Haqlarımız uğrunda” yürüşünü elan edirik!
Yürüş Nizami küçəsi, Mc.Donaldsın qarşısından başlayacaq, Azərbaycan prospekti ilə davam edəcək və “Sevil” pyesindən ilhamlanaraq hazırlanan “Azad qadın” heykəlinin qarşısında başa çatacaqdır.
Yürüşün əsas məqsədi gender əsaslı zorakılıq və qətllərə diqqəti çəkməkdir. Əsas şüarlarımız:
“Qadın qətlləri siyasidir!”
“Qadın kimi savaş, qadın kimi dağıt, qadın kimi yarat!
Yürüşün məqsəd və məzmunundan kənara çıxan şüar və plakatlar, digər simvolikalar istifadə edilməməlidir.
Bütün iştirakçılardan yürüşdə tibbi maska taxmağı və sosial məsafəni qorumağı rica edirik.
Tarix: 8 Mart 2021
Vaxt: 15:00-16:00
Məkan: Nizami küçəsi, Mc.Donaldsın qarşısı (Torqovaya)
Yürüşün keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur.
Təşkilat heyəti: Gülnara Mehdiyeva, Jalə Bayramova, Vəfa Rüstəm, Vəfa Nağı, Nərmin Şahmarzadə, Aytac Tapdıq, Aytac Ağazadə
Xüsusi qeyd: Əgər təyin olunan vaxtda təşkilat heyəti öz iradəsindən kənar səbəblərlə yürüşə başlaya bilməzsə, yürüşə alternativ təşkilatçılar başlanğıc verəcək və onlarla davam edəcəkdir.
Powered by Froala Editor