Əkinçi: homoseksuallıq və propaqanda haqqında video
Minority Azərbaycanın təsisçisi “Homoseksuallıq və təbliğat” haqqında danışıb
08/Mar/21
2014
Minority Azərbaycanın təsisçisi “Homoseksuallıq və təbliğat” haqqında danışıb
3 martda Əkinçinin YouTube kanalında yayımlanan videoda Minority Azərbaycanın təsisçisi Səməd İsmayılov “Homoseksuallıq və təbliğat” haqqında danışıb.
Əkinçinin verdiyi məlumata görə, Səməd İsmayılov “Qürur yürüşləri propaqanda məqsədi daşıyırmı? Təbliğatla insanların seksual oriyentasiyasını dəyişmək mümkündürmü?” kimi suallarına izahlar verib.
Səməd İsmayılov bildirir ki, dünyada 7 milyard insan var və hər kəs digərindən müxtəlif xarakteristikalara - inanc, dil, gender, seksual oriyentasiya və hətta təhsil səviyyəsi və siyasi baxışlarına görə fərqlənir.
“Bu fərqliliklər əslində, dünyamızı daha rəngarəng, maraqlı etsə də, bəzi hallarda, təəssüf ki, bu fərqliliklər zorakılıq və ayrı-seçkilik üçün vasitə kimi və yaxud əsas kimi istifadə olunur,” - deyə İsmayılov əlavə edib.
Onun dediyinə görə, “LGBT mövzusunda isə hər zaman danışanda ən çox işlədilən ifadə məhz homoseksuallığın təbliğatıdır” və təbliğatın da ən çox vurğulanan nümunəsi kimi Qürur Yürüşlərinin olduğunu söyləyib. “Bizim insanlarda belə bir təəssürat var ki, gey paradlar məhz 5-10 ilin məhsuludur və üstəlik, Qərbin məhsuludur. Və bunun səbəbindən ilbəil homoseksualların, ümumiyyətlə, LGBT-nin sayı artır,” - deyə qeyd edib.
İsmayılov iddia edir ki, homoseksuallığın təbliğatı homoseksuallığa zəmin yaratmır. Başqa sözlə, insanların oriyentasiyasını dəyişmir. O, Azərbaycan misalında heteroseksuallığın və heteronormativliyin təbliğatına nəzər yetirməyi təklif edib.
Azərbaycan cəmiyyətində “demək olar ki, hər bir uşaq körpəliyindən yeniyetməliyinə və gəncliyinə qədər yüzlərlə toy məclisində iştirak edir və toy dedikdə, əlbəttə ki, bizdə qadın və kişi arasındakı izdivac nəzərdə tutulur. Bu uşaqlar lap kiçik yaşlarından evliliyin sadəcə kişi və qadın arasında mümkün olması ideyası ilə böyüyür və özlərini də gələcəkdə bu qəlibə sıxışdırmağa çalışırlar,” - deyə söyləyib.
O, əlavə edib ki, toylarla yanaşı, nağıllar, milli filmlər, musiqilər və hətta izlədiyimiz reklamlar da bu heteronormativ ailə obrazını həmişə canlandırır və kişi və qadın arasındakı sevgidən bəhs edir.
“Elə bu səbəbdən, əgər doğrudan da, təbliğat üsulu ilə kiminsə cinsi oriyentasiyasına təsir eləmək mümkün olsa idi, onda gərək ki, Azərbaycanda hər kəs heteroseksual olardı,” - Minority Azərbaycanın təsisçisi əlavə edib.
“Ortalama statistika isə onu göstərir ki, hər bir ölkədə LGBT icması ümumi əhalinin 5-10%-ni təşkil edir və Azərbaycanda da bu rəqəmlər aşağı-yuxarı eyni səviyyədədir,” - İsmayılov bildirib.
Əkinçi - müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzuları işıqlandıran media platformasıdır.
Powered by Froala Editor